Təcavüzkar mövqe Ermənistanı regional əməkdaşlıqdan təcrid edir - Şərh
Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasət bu ölkəni regional iqtisadi əməkdaşlıq imkanlarından məhrum edir. Artıq 30 ilə yaxındır ki, işğalçılıq siyasətinə görə Azərbaycan və Türkiyə Ermənistanla sərhədləri bağlayıb, bütün iqtisadi münasibətləri dayandırıb. Bunun nəticəsində Ermənistan özünü regionda təcrid edilmiş vəziyyətə salıb.
Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həlli ilə bağlı rəsmi Bakı əlverişli həll variantları təklif edir. Amma bu variantları qəbul etməyən rəsmi İrəvan ölkəsini regionun iqtisadi proseslərindən təcrid edir.
Bəs, bu vəziyyət Ermənistana hansı iqtisadi imkanlardan məhrum edir?
Sfera.az bildirir ki, Ermənistanın düşdüyü acınacaqlı vəziyyəti təsəvvür etmək üçün bəzi məlumatları bilmək lazımdır. Təcavüzkar qonşumuzun sərhədlərinin uzunluğu təxminən 1560 km-dir. Ermənistanın ən böyük qonşusu Azərbaycandır. Azərbaycanla sərhəddinin uzunluğu 1007 km-dir və Ermənistanın şərq sərhəddi tamamilə Azərbaycanla əhatə olunub.
Ermənistanın ikinci ən böyük qonşusu Türkiyədir. Türkiyə ilə sərhəddin uzunluğu 330 km-ə çatır. Ermənistanın qərb sərhəddi Azərbaycan (Naxçıvan MR) və Türkiyə ilə əhatə edilib.
Ermənistanın Gürcüstanla təxminən 200 km-lik, İranla 44 km-lik sərhəddi var. Gürcüstan Ermənistanın şimal, İran isə cənib qonşusudur.
Bu məlumatdan aydın olduğu kimi təcavüzkar siyasət Ermənistanın 1300 km-dən uzun olan sərhəddinin bağlı qalmasına səbəb olub. Bu uzunluqda sərhəd ümumi sərhəddin 84-85 faizini təşkil edir.
Ermənistanın şərq və qərb sərhədlərinin bağlı olması, bu istiqamətdə nəqliyyat və ticarət əlaqələrini həyata keçirməyə imkan vermir. Şərq və qərb istiqamətlər həm region, həm də Ermənistan üçün daha əhəmiyyəlidir. Çünki Ermənistanın relyefi elədir ki, şərq-qərb və əks istiqamətdə hərəkət cənub və şimal istiqamətlə müqayisədə daha asandır. Bununla bərabər Cənubi Qafqazın coğrafi xüsusiyyəti, həmçinin tarixi ipək yolunun keçdiyi yol Ermənistan üçün şərq-qərb sərhədlərinin açıq olmasını zəruri edir.
Regionda 1992-ci ildən sonra bir neçə mühüm iqtisadi layihə həyata keçirilib və şərq və qərb sərhədlərinin bağlı olması səbəbindən Ermənistan bu layihələrdən kənarda qalıb.
Ermənistanın qoşula bilmədiyi ilk mühüm layihə Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri olub. BTC Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli” hasilat blokundan çıxarılan neftin xarici bazarları çatdırılması üçün inşa edilib. Qonşumuzun Azərbaycana qarşı təczvüzkar siyasəti nəticəsində kəmər Gürcüstandan keçərək Ceyhan limanına çatdırıldı. Kəmər 20 ildir ki, fəaliyyət göstərir və indiyə qədər Gürcüstana böyük məbləğdə divident gətirib.
Regionda mühüm əhəmiyyətə malik digər layihə qaz ixrac kəməridir. Cənub Axını layihəsi çərçivəsində Xəzər dənizində hasil edilən qazı Avropaya nəql edəcək kəmər də Gürcüstandan keçməklə Türkiyə, oradan isə Avropaya uzandı.
Bu kəmərin ilk hissəsi Azərbaycanla Gürcüstanın qaz şəbəkəsini birləşdirən xəttdən ibarətdir. Həmin xətt vasitəsilə Gürcüstan yaxın qonşu kimi Azərbaycandan aşağı qiymətlə qaz idxal etmək imkanı qazanıb.
Ermənistan qaza olan tələbatını ödəmək üçün İran və Rusiyadan qaz idxal edir. İdxal edilən qazın alış qiyməti Gürcüstanın aldığı qazla müqayisədə olduqca yüksəkdir.
Digər mühüm regional layihə Bakı-Tiflis-Qars dəmiryol xəttidir. Bu xətt böyük İpək Yolunun mühüm hissəsi hesab edilir. Yaxın gələcəkdə İpək Yolu layihəsinin Cənubi Qafqazdan keçən hissəsi ilə ildə 16 milyon ton yük, 2 milyon sərnişin daşınacaq. Ermənistanın işğalçılıq siyasəti nəticəsində şərq və qərb sərhəddi bağlı olduğundan dəmiryol xətti Gürcüstandan keçirildi.
Mühüm regional layihələrdən biri də Şimal-Cənub Dəmiryol layihəsidir. Bu layihə Hindistandan Şərqi Avropaya ixrac edilən yüklərin İran, Azərbaycan və Rusiyadan keçməklə daha tez çatdırılması məqsədilə hazırlanıb. Layihənin Azərbaycan və Rusiya hissəsi hazırdır. İran hissəsi isə bir qədər gecikir. Şimal-Cənub layihəsinin inkişaf planlarından biri də onun Azərbaycanda Bakı-Tiflis-Qars dəmiryol xəttinə birləşdirilməsidir.
Beləliklə, həyata keçirilən və nəzərdə tutulan layihələr Cənubi Qafqazda yük daşınmasını artırmaqla bərabər ticarət imkanlarını da artıracaq. Təcrübə göstərir ki, nəqliyat və digər infrastruktur qovşaqlarının yaxınlığında yerləşən ölkələrdə ticarət, istehsal əlaqələri digərlərinə nisbətən daha böük sürətlə inkişaf edir. Ermənistanın uzun müddətdir yürütdüyü işğalçılıq siyasətinin onun üçün ən zərərli tərəflərindən biri də məhz regionun əlverişli iqtisadi imkanlarından məhrum etməsidir. Gələcəkdə hətta münaqişənin həllindən sonra belə Ermənistan son 20 ildə itirdiklərinin yerini, onların yaratdığı boşluğu bərpa edə bilməyəcək.
Vasif






