Logo

Pandemiyanın ikinci dalğası nefti ucuzlaşdırır - ŞƏRH

Pandemiyanın ikinci dalğası nefti ucuzlaşdırır - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2020-ci ilin iyun ayından neft qiymətlərində formalaşan pozitiv dinamika sentyabr ayından bir qədər pozulub. Sentyabrın 2-dən etibarən neft qiymətlərinin enməsi müşahidə edilir. Avqustun 31-də "Brent” markalı neftin qiyməti 46,5 dollara qədər yüksəldikdən sonra enməyə başlayıb. Hazırda "Brent” nefti 41,7-42 dollara satılır. Qısa müddətdə neftin qiymətində 9-10 faiz dəyər itirməsi müşahidə olunub.

Bu müddətdə "Azeri LT CIF" markalı Azərbaycan neftinin də ucuzlaşması prosesi gedir. Müqayisə olunan dövrdə Azərbaycan neftinin qiyməti 46,6 dollardan 42 dollara qədər düşüb.

Bəs, bundan sonra da neftin qiyməti düşə bilərmi?

Neft bazarında yaranan vəziyyəti Sfera.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xatırlatdı ki, ötən həftə neft 6 faiz, bu həftənin ilk günü daha 2,6 faiz ucuzlaşıb. Ekspertin sözlərinə görə, neftin qiymətinə təsir edən 3 amil var.

İ.Şaban söylədi ki, brinci amil pandemiyanın ikinci dalğasının olması ehtimalıdır: "Bununla bağlı xəbərlər yayılır. Avropanın bəzi ölkələri Covid-19-la bağlı karantini sərtləşdirib. Fransa, İspaniya, Portuqaliya, Almaniyada gecə klublarının və restoranların bağlanması ilə bağlı qərar qəbul edilib. Bu qərar gündəlik yoluxanların sayının artımı ilə izah edilir.

Avropada karantinin sərtləşdirilməsi bazar iştirakçıları arasında payıza doğru neftə olan tələbatın artacağı ilə bağlı gözləntilərin doğru olmayacağına dair narahatçılıq yaratdı. Buna görə də neft ucuzlaşır”.

İ.Şaban digər amillərin ABŞ və Səudiyyə Ərəbistanının davranışı ilə bağlı olduğunu dedi: "İkinci səbəb ABŞ-da gündəlik neft hasilatının artmasıdır. ABŞ-da gündəlik neft hasilatında 100 min barel artım qeydə alınıb ki, bu da qiymətlərə azaldıcı təsir edib.

Üçüncü amil SaudiAramco şirkətinin neft ixrac qiymətlərini endirməsidir. Şirkət oktyabr ayından Asiyadakı alıcılar üçün 1,4 dollarlıq, ABŞ alıcıları üçünsə 0,5 dollarlıq endirimi tətbiq edəcək.

SaudiAramco hesab edir ki, neftin qiymətinin bir qədər endirilməsi alıcıları şirnikləndirəcək və neft alışını artıracaq. Lakin unutmaq lazım deyil ki, neft ucuzlaşanda istehsalçıları daha çox neft istehsal etməyə sövq edəcək”.

Ekspert bildirdi ki, sadalanan amillərin təsiri ilə yay aylarında bazarda formalaşan 40-45 dollarlıq qiymət səviyyəsinin aşağı düşməsi müşahidə edilir. Onun fikrincə, bazarlarda qeyri-müəyyənlik qaldığından neftin ucuzlaşma ehtimalı var: "Hələlik bazarda qeyri-müəyyənlik var. Sentyabrın 10-dan sonra OPEC-in avqust ayı ilə bağlı yeni hesabatı açıqlanacaq, bundan başqa Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatı dərc ediləcək. Bu məlumatlar da neftin qiymətinə təsir edəcək.

Bazarda qiymət dəyişkənliyi hələlik davam edəcək. Neftin qiyməti iyun ayından bəri ilk dəfə olaraq sentyabrın 7-də 42 dollardan aşağı düşüb”.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR