Jurnalist Azər Niftiyev: BNA-ya qarşı hücumları kim təşkil edir? – TƏHLİL
Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı durmadan artır. Nəticədə paytaxt sakinləri arasında bu xidmətə xüsusi maraq yaranıb. Statistik göstəricilərə istinad etsək görərik ki, əvvəlki dövrlərdə hər 20-30 adamdan biri taksidən istifadə edirdisə, hazırda bu rəqəm hər 2-3 adamdan biri səviyyəsinə qədər artıb.
Təbii ki, harada inkişaf və tərəqqi varsa, orada qüsurlar da olmamış deyil və müəyyən səviyyədən sonra özünütənzimləmə mexanizmləri işə düşür. Yox əgər bu baş vermirsə, hərc-mərcliyə və müştəri hüquqlarının pozulmasına gətirib çıxarır. Təsadüfi deyil ki, bəzi hallarda taksi xidmətindən istifadə edən sərnişinlər müxtəlif maneələr və əngəllərlə üzləşirlər.
Yəqin ki, dəfələrlə başınıza gəlib: taksi sifariş vermisiniz, gəlməyib və ya çox gec gəlib, nəticədə mənzil başına gecikmisiniz. Yaxud sifariş verdiyiniz taksini xeyli gözlədikdən sonra mobil tətbiqinizə yenidən "hara getmək istəyirsiniz” təklifi çıxıb. Haqlı sual yaranıb: Axı mən hardan hara getdiyimi qeyd etmişdim və avtomobil də müəyyən olunmuşdu. Xeyli gözlədikdən sonra hansı səbəbdən şirkət və ya sürücü mənim hüququmu pozur? Bu məqsədlə etdiyiniz şikayətlərin də bir faydası olmayıb.
Dünyanın inkişaf etmiş dövlətlərində, hətta Naxçıvanda taksi sürücüləri intizamlı, müştəri məmnuniyyəti prisniplərinə cavab verirlər. Onlarda vahid qiymət və tariflər var. Bütün taksi şirkətləri bu qaydalara riayət edir. Çünki hər bir biznesin mahiyyətində istehlakçıya xidmət, müştəri məmnuniyyəti prinsipi dayanmalıdır. Yox əgər bu olmayacaqsa, vətəndaşın hüququ pozulacaq.
İddialar səslənir guya bu sahədə özünütənzimləmə mexanizmləri yaranarsa, qiymətlər artacaq. Bunu deyən adamların elementar marketinq və biznes təfəkkürü yoxdur. Necə yəni, qiymətlər artacaq? Bunu düşünməyin özü belə sadəlövlükdür. Çünki bu baş verərsə, taksi xidmətlərinə maraq azalacaq və bu xidmət populyarlığını itirəcək. İndi özünüz fikirləşin, bu kimə və niyə lazımdır?! Suallar çoxdur.
Lakin görünən odur ki, BNA-nın ətrafında "suyu bulandırıb, balıq tutmaq istəyənlər”in sayı kifayət qədərdir və onlar ictimai rəyi çaşdırmağa, uzagörən nəticələr çıxarmağa çalışırlar. Hansı məqsədlərə xidmət etdikləri isə qaranlıqdır.
Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin kiçik bir açıqlamasını və orada səsləndirdiyi hansısa lüzumsuz arqumenti böyüdənlər və hətta BNA rəsminin cəzalandırılmasından sonra da bu kampaniyanı dayandırmayanlar, unutmasınlar ki, BNA hələki yalnız təkliflər toplayır və bu sahədə hələki hər hansı qanun və qərar yoxdur. İctimai müzakirələr və cəmiyyətlə dialoq nə səbəbdən tənqid olunmalıdır ki?! Hansı ki, BNA-nın hazırda gördüyü iş yalnız bundan ibarətdir.
Azər Niftiyev






