Logo

Təbii qaz ucuzlaşır - Bu, Azərbaycanın gəlirlərinə necə təsir edəcək?

Təbii qaz ucuzlaşır - Bu, Azərbaycanın gəlirlərinə necə təsir edəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Trans-Adriatik Qaz Boru Kəmərində (TAP) kompressor və ölçmə stansiyalarının sınaqlarına başlanılıb. Bu məqsədlə TAP kəmərinə ehtiyyat qaz da vurulur və 2021-ci ilin ilk rübündə TAP-ın tam şəkildə istifadəyə verilməsi planlaşdırılır.

TAP tam şəkildə istifadəyə veriləndən sonra Azərbaycanın qaz ixracı xeyli artacaq.

Hazırda Avropada qazın qiyməti çox aşağıdır. Bəs, qiymətlərin aşağı səviyyədə qalması növbəti ildə də davam edə bilərmi?

Sfera.az bildirir ki, neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyevin məlumatına əsasən 2021-ci ildən böyük həcmdə Azərbaycan qazının Avropaya nəqlinə başlanılacaq.

Onun fikrincə, qaz ixracından Azərbaycanın gəlirinin necə olacağını indidən proqnozlaşdırmaq mümkün deyil: "Çünki qaz qiymətləri neft qiymətləri qədər tənzimlənə bilmir. Qaz ixrac edən ölkələrin bazarı tənzimləməklə bağlı beynəlxalq təşkilatı yoxdur. Ona görə də uzun illərdir ki, beynəlxalq bazarlarda qazın qiyməti neft və neft məhsullarının qiymətinə bağlanılıb. Bu baxımdan qarşıdakı illərdə qazın qiymətinin hansı səviyyədə olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Amma hesab edirəm ki, artıq qlobal qaz bazarlarında qiymətlərin formalaşması və müəyyən edilməsi ilə bağlı formula və tənlik tam dəyişməlidir. Meyarlar tamamilə fərqli prinsiplər üzərində qurulmalıdır”.

Z.Vəliyev bildirdi ki, ölkəmizin qaz gəlirləri artsa da o, neft gəlirlərindəki azalmanı əvəz edə bilməyəcək: "Çünki neft qazdan çox bahadır. Buna görə də neft satışından əldə edilən gəlirlər qaz satışından əldə edilən gəlirlərdən həmişə çox olub. Məsələn, 2014-cü ilin avqust ayına kimi neftin qiyməti çox yüksək olub və orta hesabla bir barel neft 100 dollara satılıb. Bir ton neft 7,33 bareldir. Onda bir ton neftin satış qiyməti 733 dollar olub. Dünyanın ən likvid qaz bazarı Avropadır. Həmin dövrdə "Qazprom” qazın hər min kub metrini 500-560 dollara satırdı. İndiki şəraitdə neftin qiyməti aşağı düşdüyündən təbii qazın da qiyməti xeyli aşağı düşüb.

İndiki şəraitdə qaz çox ucuzlaşıb. Hollandiyanın satış platformasında 1000 kub metr qazın spot qiyməti 70 dollardan aşağı düşüb.

Eyni zamanda sıxılmış təbii qazın, yəni LNG-nin qiyməti də aşağı düşüb. Kəmərlə nəql edilən təbii qazın hazırda əsas rəqibi LNG-dir. İndi Avropada sıxılmış təbii qazı qəbul edən kifayət qədər terminal var. Son məlumata əsasən 28-dən çox belə terminal mövcuddur. Bu terminallarda sıxılmış qaz, boru qazına çevrilərək paylanılır.

Avropada sıxılmış təbii qaz terminallarının illik layihə gücü 228-230 milyard kub metrdir. Avropanın isə ötən il qaza olan tələbatı 450 milyard kub metrdən yuxarı olub”.

Ekspert növbəti ildən təbii qaz qiymətinin yüksələcəyinə inanır: "2010-cu ildən 2020-ci ilə kimi dünyada təbii qaza olan tələbatın artmasını nəzərə alaraq yeni qaz yataqlarının aşkarlanmasına, işlənməsinə, sənaye istismarına verilməsinə kifayət qədər investisiyalar qoyulub. Sıxılmış təbii qaz layihələrinə də kifayət qədər investisiya qoyulub.

Avropanın qaza olan tələbatının böyük hissəsi boru qazı vasitəsilə ödənilməsi nəzərdə tutulur. Gələn ildən dünyanın bütün satış platformalarında qazın qiyməti indiki qiymətlərdən yüksək olacaq. Çünki təbii qaza olan tələbatda dinamik artım var və bununla əlaqədar olaraq qaz sənayesinə böyük sərmayələr qoyulub.

Paris anlaşmasına əsasən ənənəvi enerji mənbələrindən alternativ enerji mənbələrinə keçidlə bağlı ambisiyalı layihələr həyata keçirilir. Qarşıdakı illərdə ənənəvi enerji mənbələrindən alternativ enerji mənbələrinə keçiddə təbii qaz aralıq yanacaq növü kimi götürülür. Bu da təbii qaza olan tələbatın yüksək olmasına şərait yaradacaq. Digər tərəfdən qarşıdakı illərdə neft məhsullarına olan tələbat neft-kimya məhsullarına olan tələbatdan geri qalacaq. Yəni, dünyanın neft-kimya məhsullarına olan tələbatı neft məhsullarına olan tələbatını bir neçə dəfə üstələyəcək. Ona görə də təbii qaza olan tələbat artacaq və qiymətlərdə artım olacaq”.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR