Manatın məzənnəsini qorumaq çətin olacaq – Yaxın 3 ilin proqnozu
Azərbaycan hökuməti növbəti 3 ildə də dollar/manat kursunu sabit saxlamaq istəyir. İstək yaxşı olsa da onu reallaşdırmaq çətin olacaq. Çünki hökumətin özünün də proqnozlaşdırdığı kimi 2020-2022-ci illərdə cari əməliyyatlar balansında kəsir olacaq. Bu müddətdə cari əməliyyatlar balansı ilə bərabər Dövlət Neft Fondunun büdcəsində də kəsir gözlənilir. Hökumət çətinliyə baxmayaraq dollar/manat məzənnəsini 1,7 səviyyəsində qorumağı düşünür. Amma bunun necə mümkün olacağı sual doğurur.
Sfera.az xatırladır ki, Azərbaycan Maliyyə Nazirliyi 2021-ci ilə aid dövlət və icmal büdcənin ilkin variantını hazırlayıb. İlkin varianda İqtisadiyyat Nazirliyinin cari və yaxın illərlə bağlı makroiqtisadi proqnozları da öz əksini tapıb.
Proqnoza əsasən 2020-ci ildə cari əməliyyatlar balansında 1,539 milyard dollar kəsir olacaq. Bu ilin birinci rübündə cari əməliyyatlar balansında 646 milyon dollar müsbət fərq yaranıb. Müsbət fərq neftin orta qiymətinin 58 dollar olması hesabına mümkün olub. İlin birinci yarısında isə neftin orta qiyməti 38,7 dollar təşkil edib və böyük ehtimalla cari əməliyyatlarda da kəsir qeydə alınıb. Hələlik ilin birinci yarısı ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Hökumət proqnozlaşdırır ki, 2021-ci il üzrə cari əməliyyatlar balansında 1,377 milyard dollar, 2022-ci ildə 518,5 milyon dollar kəsir olacaq, 2023-cü ildən kəsiri profisit əvəz edəcək. Gözləntiyə görə cari və növbəti ildə ticarət balansındakı profisit cari əməliyyatlar balansındakı kəsiri tam örtə bilməyəcək. Neft qiymətlərinin müxtəlif ssenariləri üzrə proqnozlara əsasən bu il və növbəti ildə cari hesab balansında kəsir proqnozlaşdırılsa da ortamüddətli dövrdə profisit gözlənilir. Hökumət hesab edir ki, bu, öz növbəsində valyuta bazarında sabitliyi möhkəmləndirəcək. Bununla belə növbəti illərdən xidmətlər balansındakı kəsirin azalması cari əməliyyatlar balansında profisitin formalaşmasına artırıcı təsir göstərəcək.
Post-pandemiya dövründə neqativ təsirlərin azaldığı şəraitdə ölkə iqtisadiyyatında əsas bərpa meyilləri ilə yanaşı ixracın şaxələnmə səviyyəsinin də artması gözlənilir. Yerli istehsalın artırılması hesabına idxaldan asılılığı minimuma endirmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədən ixrac edilən malların həcminin artacağı güman edilir. Rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi fonunda ortamüddətli dövr ərzində xarici ticarət balansının mütəmadi artımı gözlənilir.
Hökumət güman edir ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir. Makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsivə sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.7 səviyyəsində götürülüb.
Qeyd edək ki, hökumətin proqnozlaşdırıldığı kimi cari əməliyyatlar balansında davamlı kəsirin olması fonunda manatın məzənnəsini qorumaq asan olmayacaq. Cari əməliyyatlarda kəsir yarananda həmin kəsir əsasən Dövlət Neft Fondunun aktivləri hesabına maliyyələşdirilir. 2020-ci ildən başlayaraq yaxın 3 ildə Fondun gəlirlərində, dolayısı ilə aktivlərində də azalma gözlənilir. Bu il Fondun büdcəsində 2,7 milyard dollar kəsir gözlənilir ki, bu da 43 milyard dollar olan aktivlərin xeyli azalmasına səbəb olacaq. 2021-ci ildə də böyük kəsir nəzərdə tutulur. Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin gəlirləri 5,933 milyard manat, xərcləri 12,42 milyard manat təşkil edəcək. Büdcə proqnozlaşdırılan zaman neftin bir barelinin qiyməti 35 dollardan götürülüb.
Büdcədə 6,5 milyard manat, yəni indiki məzənnə ilə 3,82 milyard dollar kəsir proqnozlaşdırılır. Gələn il bu qədər kəsirlə bərabər cari əməliyyatlar balansında da kəsirin olacağını nəzərə alsaq Fondun aktivləri daha bir neçə milyard dollar azalacağını güman edə bilərik. Eyni hal 2022-ci ildə də ola bilər.
Düzdür, hökumət Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması istiqamətində dövlət büdcəsinə transfertin mərhələli şəkildə azaldılmasını nəzərdə tutur.
2022-ci ildən başlayaraq azalan neft gəlirlərinin qeyri-neft sahəsindən əldə olunan gəlirlərlə əvəz edilməsi hədəflənir. Hökumət hesab edir ki, qeyri-neft sektoru üzrə gömrük və vergi güzəştləri, sahibkarlara dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, kölgə iqtisadiyyatının azaldılması istiqamətində görülən işlər ortamüddətli dövrdə büdcə gəlirlərində qeyri-neft gəlirlərinin payının ardıcıl artmasını şərtləndirəcək.
Vasif






