Gömrük qaydaları hamı üçün eyni olmalıdır – Güzəşt limitinin tətbiqi etiraz doğurur
Azərbaycan Baş Nazirinin 2020-ci ilin avqustun 21-də imzaladığı qərara əsasən "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib.
Qərara əsasən, ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. Qüvvədə olan güzəşt limiti dəyəri 1500 ABŞ dollara (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollar) qədər olan mallara aid edilirdi.
Həmçinin, beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.
Sfera.az bildirir ki, Nazirlər Kabinetinin bu qərarını şərh edən iqtisadçı-ekspert Elçin Rəşidovun məlumatına əsasən, rüsumsuz, vergisiz idxalla bağlı limitin azaldılması dünyanın bir çox ölkəsində rast gəlinən təcrübədir. "Ölkəmizdə ümumilikdə həqiqi liberal iqtisadiyyata keçidi müşahidə etmirik, onun fəlsəfəsi tətbiq olunmur.
Dövlət niyə hüquqi şəxslərə, sahibkarlara rüsumsuz və vergisiz idxala şərait yaratmırdı, amma fiziki şəxslərə belə bir imkan yaradılırdı?”, - deyən ekspert hesab edir ki, vaxtilə verilən səhv qərarı indi məcbur olub düzəldirlər: "Bu fakt onu göstərir ki, qərarların verilməsi zamanı iqtisadi məntiqdən çox, siyasi məntiq rol oynayır. Bəzən iqtisadi qərarlar populist olur, bəzən monopolist qüvvələrin marağına xidmət edir, bəzənsə bazar iqtisadiyyatının prinsipləri əsas götürülərək verilir. Hər bir qərar cari vəziyyətə uyğun müəyyənləşdirilir. Azərbaycanda iqtisadiyyatla bağlı olan qərarlar bazar iqtisadiyyatının prinsiplərinə uyğun olmalıdır.
Beynəlxalq təcrübəyə baxsaq, o cümlədən Azərbaycanla ticarət əlaqələri olan ölkələrin təcrübəsinə diqqət yetirsək görərik ki, həmin ölkələrdə də limitin azaldılması ilə bağlı analoji qərarlar qəbul edilib. Bu liberallıqdan geri addımdır, amma müəyyən qədər simmetriya yaradır. Bir şitkət, hətta mikro sahibkar belə xaricdən 1000 dollar dəyərində mal gətirəndə o, rüsum ödəyirdi, amma fiziki şəxs hər hansı rüsum ödəmirdi. Bu ayrı-seçkilik yaradırdı. Halbuki, Azərbaycanla ticarət əlaqəsi olan ölkələrdə belə güzəştin məbləği olduqca aşağıdır. Buna görə də Nazirlər Kabinetinin limitin azaldılması ilə bağlı qərarı ayrı-seçkiliyi azaldan qərardır. Şəxsi istifadə üçün xaricdən alınan bütün mallara görə vergi və rüsum ödənilməlidir. Şirkətlərlə, istehlakçı arasında bərabərlik yaradılmalıdır.
Amma fiziki şəxslər üçün hökmən müəyyən limitin saxlanılması vacibdir.
Limitin azaldılması əksər sifarişçilərə təsir etməyəcək. Sifarişlər əsasən elektron avadanlıqların alınması üçün verilir və onların da əksəriyyətinin dəyəri 300 dollardan azdır”.
E.Rəşidov düşünür ki, ayrı-seçkiliyin azaldılmasına xidmət edən qərarlar yalnız fiziki şəxslərə şamil edilməməli, həm də məmur şirkətlərinə də qarşı tətbiq olunmalıdır. Onun məlumatına görə, yaxın aylarda məmur şirkətləri ilə bağlı oxşar qərarların olması gözlənilir: "Belə iddialar var ki, ayrı-seçkiliyin aradan qaldırılması üçün məmur şirkətlərinə qarşı güzəştlər aradan qaldırılacaq. Azərbaycanda məmur şirkətlərinin imtiyazları əlindən alınmalıdır. Bəzi məlumatlara əsasən, yaxın aylarda bəzi məmur şirkətlərinin imtiyazlarının alınmasının şahidi olacağıq. Ümid edirəm ki, gələcəkdə imtiyazlar aradan qaldırılacaq və hamı üçün bərabər şərait yaradılacaq”.
Ekspertin fikrincə, Azərbaycan hökuməti gömrük siyasətində hamıya eyni prinsiplə yanaşmalıdır, hamı üçün bərabər şərait yaradılmalıdır: "Dünyada müxtəlif növ gömrük sistemləri var. Elə ölkələr var ki, orada gömrük qaydaları tamamilə liberaldır. Məsələn, Dubayda olan kimi. Avropa İttifaqı ölkələrində tətbiq olunan gömrük sistemidə üzv ölkələr üçün liberaldır. Amma bu ölkələrin də gömrük siyasətinin əsasında proteksionizm dayanırdı. Sonralar ölkələr qarşılıqlı şəkildə bir-birinə güzəşt edərək gömrük qaydalarını yumşaldıblar.
Daha sonra Ümumdünya Ticarət Təşkilatı (ÜTT) təcrübəsi yarandı. ÜTT-nin qaydaları proteksionist qaydalara nisbətən daha yumşaq qaydalar sistemidir.
Azərbaycanda mövcud olan gömrük qaydaları Avropa Birliyi yaranana qədər tətbiq olunan model üzərində qurulub. Hazırda dünyanın bir çox ölkələrində istifadə edilən əsas prinsip odur ki, gömrük qaydaları hamıya qarşı eyni şəkildə tətbiq edilməlidir.
Azərbaycanda bu prinsip gözlənilməyib. Gömrük qaydaları bütün fiziki şəxslərə, şirkətlərə, sahibkarlara eyni qaydada tətbiq olunmayıb. Bu da nəticədə ölkədə ədalətli rəqabət mühitinin yaranmasına mane olub. Rəqabət mühiti yaranmayanda ən səmərəli, layiqli istehsalçının və ən səmərəli ticarətçinin bazarda payı çox olmur. Yalnız ən imtiyazlı istehsalçı və ticarətçi bazarı tutur. Baxmayaraq ki, imtiyazlı istehsalçı və ticarətçi bazarın ən yaxşıları deyil. Ədalətli rəqabət mühitinin əsas şərtlərindən biri hamı üçün bərabər imkanların və şəraitin yaradılmasıdır”.
Vasif






