Əmanətlərin sığortalanması sistemində hansı dəyişikliklər olmalıdır? - TƏHLİL
"Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiqi bu ilin dekabrında başa çatacaq. Mərkəzi Bank rəsmilərinin açıqlamasına əsasən, həmin tarixə qədər əmanətlərin sığortalanması ilə bağlı yeni mexanizm hazırlanıb qəbul ediləcək. Yeni mexanizmdə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bəs, əmanətlərin sığortalanması sistemində hansı yeniliklər olmalıdır?
Sfera.az bildirir ki, "İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Elçin Rəşidovun fikrincə, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) işləmə prinsipi bazar iqtisadiyyatı qaydalarına uyğunlaşdırılmalıdır. O hesab edir ki, hazırda ƏSF bazar prinsipləri ilə fəaliyyət göstərmir və hər dəfə banklar bağlananda problemlər ortaya çıxır.
E.Rəşidov qeyd etdi ki, ƏSF sığortaçı təşkilat kimi çıxış etmir. Ekspert bütün problemlərin qaynağında bunun dayandığını söylədi: "Sığortaçı təşkilat sığortalının risklərini sığortalayır. Bunun üçün sığortaçı ilə sığortalı arasında müqavilə bağlanmalıdır. Hazırda iki tərəf arasında heç bir müqavilə yoxdur. Sığortalı kimdir? Sığortalı bankda əmanət yerləşdirəndir. Problem ondadır ki, sığortalı bankda əmanət yerləşdirdikdə avtomatik sığortalanır. ƏSF kluba üzvlük haqqı toplayan kimi sığorta haqqı alır, sığortaladığı adamlarla müqavilə də bağlamır. ƏSF üçün sığorta haqqını banklar toplayır.
Amma bazar prinsiplərinə əsasən, əmanətçinin könüllü şəkildə pulunu ödəməklə vəsaitini sığortalamaq imkanı olmalıdır. Bu halda sığortaçı təşkilat bütün banklara eyni sığorta haqqı qoya bilməz. Sığorta haqqı bankın özünün riskinə uyğun olaraq əmanətə nisbətdə müəyyənləşdirilməlidir.Bu nisbət bankın risk vəziyyətinə uyğun olaraq əmanətin məbləğinin 1-2 faizi qədərində ildə bir dəfə tutula bilər. Birbaşa müqavilə olduqda sığortaçı sığortalının qarşısında məsuliyyət götürür və müqavilə müddətində məsuliyyətdən qaça bilmir. Hazırda isə belə bir məsuliyyət yoxdur”.
E.Rəşidov bildirdi ki, ƏSF bazar iqtisadiyyatının qaydaları ilə işləyən sığortaçı kimi fəaliyyət göstərsəydi, ilk növbədə aktuar işlər aparıb, bankların risklərini ölçməliydi. "Hansı sığorta təşkilatı sığortalının riskini ölçmədən sığorta haqqı müəyyənləşdirir?”, - deyən ekspert vurğuladı ki, ƏSF yalnız sığorta haqqı toplamaqla məşğuldur.
Həmsöhbətimiz hesab edir ki, ƏSF-nin ləğvedici hüququnu qazanmasına da imkan verilməməlidir: "ƏSF daha çox bank bağlayan təşkilat kimi tanınıb və bağlanan bankların inzibatçısı kimi çıxış edir. Real vəziyyət budur ki, banklar bağlanmayanda ƏSF işsiz qalır.
Burada maraqların ciddi konflikti də var. ƏSF əmanətlərin sığortalanmasını, qorunmasını və bununla da Azərbaycanda əmanət, depozit sektorunun böyüməsini, fondların dövriyyəsini təmin etməkdə maraqlı olmaqdansa, bankların bağlanmasında maraqlıdır. Yalnız banklar bağlananda ƏSF üçün iş imkanı yaranır. Bu zaman ƏSF nə edir? İlk işi bankların aktivini nəzarətə götürməkdir. O, aktivlər hesabına sığortalı əmanətlər üzrə sığorta ödənişini edir. Burada da bazar iqtisadiyyatı qaydaları pozulur. Sığortaçı təşkilat sığorta ödənişlərini öz vəsaiti hesabına verməlidir, başqasının pulu hesabına verməli deyil. Çünki banklardan sığorta haqqı alınıb və həmin vəsaitlər hesabına fond yaradılıb. Sığorta hadisəsi də baş verəndə həmin fondun vəsaitlərindən götürüb əmanətləri qaytarmalıdır.
Bankın aktivləri hesabına sığorta ödənişləri həyata keçirildiyinə görə sığortasız əmanətləri, sahibkarların bankda olan vəsaitini qaytarmaq imkanı məhdudlaşır və bir çox hallarda həmin pullar batır. Həqiqət bundan ibarətdir ki, ƏSF bu pulların batmasında iştirak edir. Əgər ƏSF sığortalanan əmanətləri aktivlərin hesabına yox, sığorta haqları hesabına yığılan vəsait hesabına qaytarsaydı, sığortasız əmanətçi və sahibkarlar da pullarını alardı.
ƏSF-nin həm sığortaçı, həm də ləğvedici olması 2 müxtəlif maraqların konfliktini əməli gətirir. Bu konflikti aradan qaldırmaq üçün müvafiq qanunlar dəyişməlidir. Həmçinin, ƏSF-nin nizamnaməsi dəyişdirilməlidir və o, bazar iqtisadiyyatına uyğun formalaşdırılmalıdır. O faktiki olaraq sığortaçı təşkilat deyil, əslində ləğvedici orqandır”.
Ekspert banklarda olan əmanətlərin sığortalanması üçün faiz limitinin tətbiqini də yanlış yanaşma hesab edir. Onun fikrincə, bu məhdudiyyət aradan qaldırılmalıdır: "İmkan verilməlidir ki, banklar istədikləri faiz dərəcələri ilə əmanət cəlb etsin. ƏSF faizlərə limit qoymalı deyil. Limit müəyyən etmək sığorta təşkilatının səlahiyyəti çərçivəsində olan məsələ deyil. Banklar istədiyi faizlə əmanət qəbul edə bilməli və həmin əmanətlər sığortalanmalıdır. Əgər bankın vəziyyəti risklidirsə, ƏSF həmin bankda olan əmanətlərin sığortalanmasını dayandırmalıdır. Bunu da obyektiv şəkildə, bankın maliyyə hesabatları əsasında əsaslandırmalıdır.
ƏSF əmanət faizlərini müəyyən etməkdə banklara sərbəstlik verməli, hər bank üzrə sığorta dərəcəsi müəyyənləşdirilməlidir, ƏSF bununla bağlı məlumatı saytında yerləşdirməlidir, saytda həmçinin hansı bankdakı əmanətlərin sığortalanmadığı göstərilməlidir, bundan sonra əmanətçilərin özü əmanət yerləşdirdiyi bankı müəyyənləşdirməlidir. Əmanətçi istəsə ƏSF-nin özü ilə də birbaşa müqavilə bağlamaq imkanına sahib olmalıdır, eyni zamanda əmanətçi istəyinə uyğun olaraq əmanətini sığortalamaya da bilər. Çünki sığorta əlavə haqdır və əmanətçi sığortadan imtina etməklə həmin haqqı özünə götürmək imkanı olmalıdır.
Bankların əmanətlər üzrə faiz dərəcələrini qaldırması sonsuz şəkildə baş verə bilməz. Çünki faizlər banklar üçün xərc olduğundan banklar faizlərin daha çox artmasında maraqlı olmayacaq. Bazar prinsipləri ilə davranış banklar arasında rəqabət yaradacaq. Hazırda belə bir rəqabət yoxdur”.
E.Rəşidov deyir ki, yeni qanun və nizamnamə qəbul edilərək ƏSF yenidən təşkil edilməlidir: "Qanunda ƏSF-nin ləğvedici kimi rolu olmamalıdır. Ləğvedici hüququ verilən orqana da bankın aktivlərinə əl qoymaq hüququ verilməməlidir. ƏSF-nin nizamnaməsində göstərilməlidir ki, bank iflas olduqda əmanətlər fondun vəsaiti hesabına qaytarılacaq. Onda banklar sağlam rəqabət edəcək, faiz dərəcələrini qaldırmaqla və risklərini aşağı salmaqla əmanətçiləri cəlb edə biləcəklər”.
Vasif






