Böhrandan necə çıxmalı?- Daxili investisiyalara ehtiyac artır
İqtisadi böhranın baş verməsi investisiya qoyuluşuna da mənfi təsir göstərir. Tənəzzül dövründə imkanlı şəxslər, şirkətlər, iri investorlar, həmçinin banklar sərmayə qoymağa ehtiyatla yanaşır. Buna görə də iqtisadiyyatlarda inkişaf imkanları bir qədər də zəifləyir və tənəzzül uzunmüddətli olur.
Belə vəziyyətdən çıxmaq üçün hökumətlər bütün investisiya mənbələrindən maksimum dərəcədə istifadə etməyə, onları sərmayə qoymağa həvəsləndirməyə çalışır.
Koronavirus pandemiyasının yayılmasından sonra bütün ölkələr, o cümlədən Azərbaycanın investisiya qoyuluşlarına ehtiyacı artıb. Bu məqsədlə ölkələr xarici investisiyalarla bərabər, daxili investisiyaların da artırılmasına səy göstərir. Çünki daxili mənbələrdə də böyük vəsaitlər var və müxtəlif yollarla onları yenidən iqtisadiyyata qazandırmaq önəmlidir.
Sfera.az xatırladır ki, 2008-2013-cü illərdə ölkə iqtisadiyyatına qoyulan investisiyaların böyük hissəsini daxili investisiyalar təşkil edib. 2013-cü ildə daxili investisiyaların həcmi 16,8 milyard dollar olmaqla ən yüksək həddə çatıb.
Həmin dövrdə xarici investisiyaların həcmi 10,5 milyard dollar idi. Lakin devalvasiyadan sonra daxili investisiyaların həcmi azalaraq 2016-cı ildə 4,067 milyard dollara endi. Sonrakı illərdə daxili investisiyalarda artım olsa da onun həcmi xarici investisiyalardan az olub. 2018-ci ildə daxili investisiyalar 7 milyard dollara yüksəlib, xarici investisiyalar 8,23 milyard dollar olub. 2019-cu ildə xarici investisiyalar 7,056 milyard dollar, xarici investisiyalar 7,13 milyard dollar təşkil edib.
Əslində, ölkəmizdə daxili maliyyə imkanları, investisiya üçün resurslar çoxdur. Bu resurslardan istifadə etmək məqsədilə kompleks tədbirlərin görülməsi vacibdir. İlk növbədə kölgə iqtisadiyyatına qarşı mabarizə gücləndirilməlidir. İqtisadi cəhətdən qiymətləndirdikdə kölgə iqtisadiyyatının kiçildilməsi dövlət büdcəsinin vergi gəlirlərinin artmasına şərait yaradacaq.
Elə müəssisələr var ki, onların fəaliyyəti rəsmi olmadığına görə istehsal etdiyi məhsula əlavə dəyər vergisi tətbiq etmək, ondan mənfəət vergisi almaq mümkün deyil. Müəssisənin fəaliyyəti leqallaşanda dövlət büdcəsinin həm dolayı, həm də birbaşa vergi gəlirlərində artım qeydə alınacaq. 2019-cu ildə dövlət büdcəsinin vergi gəlirlərinin 1 milyard manat artmasının əsas səbəblərindən biri leqal fəaliyyətin artmasıdır. Leqal fəaliyyətin genişlənməsi kölgə iqtisadiyyatında formalaşan dəyərin dəqiq uçotunu aparmağa və buradan da vergilərin alınmasına imkan yaradır.
Kölgə iqtisadiyyatının miqyasının kiçildilməsinin müsbət iqtisadi təzahürü rəqabət mühitinin yaxşılaşması və investisiya qoyuluşlarının artması şəklində özünü göstərəcək. İqtisadiyyatda şəffaflıq olmadıqda, qeyri-leqal fəaliyyətin miqyası böyük olduqda, orada ədalətli rəqabəti təmin etmək çətindir. Leqal işləyib, vergiləri tam verən sahibkarlıq subyekti, gəlirini gizlədən digər sahibkarlıq subyekti ilə rəqabətdə uduzur.
Çünki leqal fəaliyyət göstərənin vergi, məcburi sosial ödənişləri çox olduğundan onun istehsal etdiyi məhsulun maya dəyəri, bu cür ödənişləri etməyən və ya az edənlə müqayisədə yüksək olur. Buna görə də kölgə iqtisadiyyatında fəaliyyət göstərən sahibkar məhsulunu ucuz satmaqla leqal fəaliyyət göstərəni rəqabətdə üstələyir. Bu baxımdan deyə bilərik ki, kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi iqtisadiyyatda ədalətli rəqabətin təmin edilməsinə də səbəb olacaq.
İnvestisiya qoyuluşları üçün də şəffaf fəaliyyət vacibdir. Fəaliyyəti şəffaf olmayan şirkətlərin sərmayə cəlb etməsi mümkün olmur. Amma şəffaf fəaliyyət göstərən müəssisələr asanlıqla kredit ala bilir, öz səhmlərinin bir hissəsini və ya istiqrazlarını satmaqla digər investorları da şirkətin fəaliyyətinə cəlb edə bilir.
Daha çox investisiya cəlb edilməsi məqsədilə korporativ idarəetmənin tətbiqi də sürətləndirilməlidir. Korporativ idarəetmənin investisiya cəlb edilməsi üçün əhəmiyyəti çox böyükdür. Bu cür idarəetmənin tətbiq olunduğu müəssisələrə investorlar daha çox maraq göstərir. Həmin müəssisələrin buraxdığı istiqrazlar, səhmlərin alınması, payçı kimi investorların iştirak etməsi üçün mütləq korporativ idarəetmə tətbiq edilməlidir. Korporativ idarəetmə standartları tətbiq edildikdə səhmdarlarda, investorlarda şirkətin fəaliyyətinin şəffaf olmasına dair inam yranır. İnvestor bilir ki, şirkət gəlir əldə etdikdə həmin gəlirlər gizlədilməyəcək və bütün səhmdarlar ordan öz dividentini alacaq. Ona görə də investisiyaların cəlb edilməsi üçün korporativ idarəetmə əsas şərtlərdən biridir.
Azərbaycanda daxili investisiyanın qorunması haqqında qanun olarsa və maliyyə, kapital amnistiyası verilərsə, investisiya qoyuluşu artacaq. Amnistiya istəyənlər həm də investisiyanın qorunmasında maraqlıdırlar. Onlar əmin olmaq istəyirlər ki, sərmayə qoyduqdan sonra yoxlamalar nəticəsində vəsait əldən çıxmayacaq. Amnistiya daxili investisiya qoyuluşunu artırır. Deməli, amnistiyadan əvvəl daxili investisiyaların qorunması ilə bağlı ayrıca qanun olmalıdır. Həqiqət budur ki, gizli yolla pul qazananlar ölkə daxilində investisiya qoymaqdan ehtiyat edir. Buna görə də hökmən daxili investisiyanın qorunması haqqında qanun olmalıdır. Nəzərə almaq lazımdır ki, daxildə böyük investisiya potensiyalı var.
Vasif






