\"Bəyanatda elə bir şərt yoxdur!\" - Paşinyanın Naxçıvanla bağlı dediklərinə REAKSİYA

\
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Naxçıvan dəhlizinə sahib olacaqlarını bildirib. 
 
"Onlar daim deyilər ki, "bizim Zəngəzur dəhlizimiz olacaq”. Deyirlər, qoy desinlər. Deməli bizim də Naxçıvan dəhlizimiz olacaq”, - deyə Paşinyan qeyd edib.
 
Maraqlıdır, Nikol Paşinyanın bu cür açıqlamalar verməsinə səbəb nədir?  Onun "ajiotaj" yaradacaq qeyri-leqal fikirləri nəyə hesablanıb?

Məsələ ətrafında Sfera.az-a danışan deputat Elşad Mirbəşiroğlu Paşinyanın bu formada açıqlamalar verməsinə səbəb kimi iyunda Ermənistanda keçiriləcək seçkiləri göstərib. Müsahibimiz əsl reallığın göz önündə olduğunu vurğulayıb:

"Reallıq ondan ibarətdir ki, 2020-ci ilin noyabr ayının onunda imzalanan birgə bəyanatda bildirilir ki, Naxçıvanla Azərbaycan arasında Zəngəzur üzərindən dəmiryol əlaqəsi yaradılacaq. Burada Naxçıvan dəhlizinin formalaşması kimi bir şərt yoxdur. Bu gün aktual məsələ də odur ki, birgə bəyanatın şərtlərinə əməl olunsun. Bundan başqa yanvar ayının 11-də Moskvada imzalanan növbəti sənəddə regionda nəqliyyat kommunikasiyasının yaradılması və iqtisadi layihələrin həyata keçirilməsi məsələsi öz əksini tapıb. Bu baxımdan Paşinyanın səsləndirdiyi fikirlər sadəcə olaraq siyasi biletdir, daxili auditoriyaya hesablanıb. Çünki məlum olduğu kimi iyun ayında Ermənistanda seçkilər keçiriləcək və bu cür fikirlərin səslənməsi indiki halda onun üçün üstünlükdür". 
 
Deputat hərbi qələbənin siyasi qələbələrə yol açacağını diqqətə çatdırıb:

"Paşinyan çox gözəl bilir ki, birgə bəyanatın şərtlərinə əməl etməlidir, onun alternativi yoxdur. Prezident İlham Əliyev isə reallıqdan çıxış edərək fikir səsləndirir. Reallıq, Azərbaycanın güc mövqeyi də göz önündədir. Hərbi qələbəmiz siyasi qələbələr üçün də yol açdı. Belə ki, birgə bəyanatdan sonra Azərbaycanın üç rayonu da siyasi yolla işğaldan azad olundu. Bundan sonra biz bu kimi şərtlərin yetirilməsinə çox rahatlıqla nail ola biləcəyik. Onu da vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizinin yaradılmasında güclü dövlətlərin marağı var. Burada qardaş Türkiyənin xüsusi marağını da qeyd etmək lazımdır. Ayrıca olaraq xatırlatmaq istəyirəm ki, Rusiya da bu layihənin gerçəkləşməsində maraqlıdır. Çünki layihə gələcəkdə şimal-cənub dəhlizinin mühüm seqmentinə çevrilə bilər".

Həmsöhbətimiz Ermənistanın dövlət olaraq yox olmaq mərhələsində dayandığını bildirib:

"Acınacaqlı vəziyyətdə olan Ermənistan üçün Zəngəzur dəhlizi oksigen balonu rolunda çıxış edə bilər. İndi Ermənistan dövlət olaraq az qala ki, yox olsun. Belə olan halda onlar Zəngəzur dəhlizi vasitəsilə İranla, Rusiya ilə birbaşa əlaqəsinə malik olacaq. Bununla da Rusiya ilə əlaqə Ermənistanı dövlət olaraq ayaqda tuta bilər. Paşinyanın müharibədən əvvəlki hakimiyyəti dövründə də səsləndirdiyi fikirlərin arxasında hansısa real fakt dayanmırdı. Bu kimi açıqlamalar yalnız öz xalqını aldatmağa hesablanmışdı. Deməklə deyil, gördük ki, Azərbaycan ordusu Paşinyanı diz çökdürdü".

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR