“Baş verənlər Ter-Petrosyanın devrilməsini xatırladır, ancaq...” – Zərdüşt Əlizadənin şərhi
12:33 / 26.02.2021
1154
"Nikol Paşinyanı istefaya göndərmək asan məsələ
deyil, hətta mümkünsüzdür”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan
baş naziri Nikol Paşinyanla Baş Qərargahın rəhbərliyi və hərbçilər arasında
yaranan qarşıdurmanı şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib.
Politoloqun fikrincə, Ermənistandakı hazırkı
durum ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın devrilməsi dövrünü
xatırladır:
"Rusiyanın səbr kasasını Paşinyanın "İsgəndər”
raketlərinin keyfiyətsizliyi barədə
verdiyi bəyanat daşırdı. Məhz bu açıqlamadan sonra Moskva nəzarətində
olan Ermənistan ordusuna göstəriş verdi ki, Paşinyanı devirmək zamanıdır. Qanuna zidd olaraq Baş Qərargah rəhbəri başda
olmaqla 40-a yaxın hərbçi Paşinyana istefaya getməsi üçün ultimatum verib. Bu vəziyyət keçmiş prezident Levon
Ter-Petrosyanın devrilməsini xatırladır. O zaman Ter-Petrosyan Qarabağ məsələsində
güzəşti sülhə razı olduğundan, 3 general ultimatumla onun kabinetinə daxil
olaraq, istefasına nail oldular. İndi də həmin situasiyaya bənzər bir vəziyyətdir.
Erməni hərbçiləri Moskvanın göstərişilə Paşinyanı devirmək istəyir”.
Z. Əlizadə hesab edir ki, hərbçilər çətin
seçim qarşısındadır: "Paşinyan onların tələbinə tabe olmamaqla, qanuna söykənməklə
hərbçiləri seçim qarşısında qoyub. Hərbçilər dünyanın gözü qarşısında hərbi
çevriliş etməlidir. Lakin hərbi və
siyasi müxalifətin zora əl atmasının qarşısını Qərb dünyası, ABŞ və Fransafakı
erməni diasporasının mövqeyi alır. Onlar da Paşinyanın devrilməsinin əleyhinədir. Ona görə də Ermənistanda hakimiyyətə iddia edən
qüvvə heç zaman Rusiya xatirinə diaspora ilə münasibətləri korlamağa getməz”.
Elçin
Sfera.az