Azərbaycan məhsullarının alışında Türkiyə ilk dəfə Rusiyanı qabaqladı

Azərbaycan məhsullarının alışında Türkiyə ilk dəfə Rusiyanı qabaqladı
2021-ci ilin yanvarında Azərbaycanın qeyri-neft mallarının əsas alıcısı Türkiyə olub. Türkiyə sıralamada Rusiyanı qabaqlayıb. Gömrük məlumatlarına əsasən 146 milyon dollarlıq qeyri-neft məhsulu satılıb və bunun 52,7 milyonu və ya 36,1 faizi Türkiyəyə ixrac edilib. Rusiyaya ixrac 43 milyon dollar olmaqla ümumi ixracın 29 faizini təşkil edib. 

Sfera.az xatlırladır ki, əvvəlki dövrlərdə Azərbaycandan ən çox qeyri-neft mallarını Rusiya alırdı. Türkiyə daim ikinci yerdə qərarlaşırdı. 2020-ci ilin yanvarında 141 milyon dollar dəyərində qeyri-neft məhsulu satılmışdı ki, bunun da 48,2 milyon dolları (34,2 faiz) Rusiyaya, 33,1 milyon dolları (23,5 faiz) Türkiyəyə ixrac edilmişdi. Əvvəlki illərdə də qeyri-neft mallarının alışında Rusiya əsas paya sahib olub.

2021-ci ilin yanvarında Türkiyənin ilk sıraya yüksəlməsi qardaş ölkəyə ixracın kəskin artması hesabına baş verib. Ötən ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında Türkiyəyə ixrac 20 milyon dollara (60 faiz) yaxın artıb. Rusiyaya ixracda isə 5 milyon dollarlıq və ya 10,42 faiz azalma olub. 

Azərbaycanın qeyri-neft sektoru üzrə əsas məhsulları meyvə-tərəvəz (37 milyon dollar), plastik və onlardan hazırlanan məmulatlar (22,8 milyon dollar), pambıq lifi və ipliyi (17,4 milyon dollar), alüminium və ondan hazırlanan məmulatlardır (13,8 milyon dollar). Meyvə-tərəvəz istisna olmaqla Türkiyə digər məhsul növlərinin əsas alıcılarından biridir. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR