“Önləyici tədbirlərlə yoluxma sayının azalacağına əminəm” - Azərbaycanlı həkimlə müsahibə

“Önləyici tədbirlərlə yoluxma sayının azalacağına əminəm” - Azərbaycanlı həkimlə müsahibə
 

Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Elza xanım, ölkədə COVID-19-a yoluxma faizi artır. Yoluxma sayının bu qədər artma səbəbini necə izah etmək olar?

- Bəli, son zamanlar COVID-19-a yoluxma hallarında gözəçarpacaq dərəcədə artım müşahidə edilməyə başlayıb. Eyni zamanda inkaredilməz faktdır ki, 2 günlük evə qapanmalar heç bir səmərə vermədi. Hətta bunu TƏBİB-in rəsmi nümayəndələri də açıq şəkildə etiraf etdilər. Evə qapanmadan 1-2 gün əvvəl insanların supermarketlərə axını baş tutdu və elə təəssürat yarandı ki, sanki dünyanın sonu çatıb, "nə aldıq odur, başqa zamanımız olmayacaq" düşüncəsi ilə əslində insan çəngəl və bıçaqla özünə qəbir qazır. Bu zaman tibbi maskası olmayanlar və hətta görüntü xatirinə də olsa, onu düzgün taxmayanlar çoxluq təşkil edirdi. Maska həqiqətən etibarlı fərdi qoruyucu vasitədir. Yoluxmanı ayaqüstə keçirənlərin maska taxmadığı bir şəraitdə sağlamların anlayışlı olub taxması vacibdir. Fiziki məsafə isə heç gözlənilmədi.

Bizdən əvvəl qardaş Türkiyədə də bu təcrübədən istifadə edildi, lakin effektliliyi fərqinə varılaraq arzuedilən oldu, çünki orada bir nəfər də olsun, maskasız supermaketlərə və digər alış-veriş mərkəzlərinə daxil olmadı, buna ya market rəhbərliyinin işçiləri ya da polis mühafizə xidməti nəzarət edirdi.

Sosial məsuliyyət şərtdir. Şahidi olduğum bir hadisəni qeyd etməyi zəruri sayıram. Müraciət etdiyim apteklərin heç birində nəinki satıcı, hətta kassir əlcək taxmadan əlləri pula toxuna-toxuna insanlara əlcək verir. İradımı bildirsəm də, yolum düşəndə yenə eyni cür hərəkəti görürəm, qəribəsi isə budur ki, onlara bu barədə xatırlatma edəndə ya heç bir reaksiya vermirlər, ya da xoşagəlməz mimika və etinasızca üzümə baxırlar... Axı aptek işçiləri də səhiyyə sahəsində çalışanlardır, onlara üz tutanlar çoxdur, bu mənada insanlara örnək olmalıdırlar.

Düzdür, pul əl çirkidir məsəli məcazi mənada işlənsə də, fikrimcə, infeksiyanın genış vüsət aldığı indiki dönəmdə elə hərfi mənada anlamaq olar. Pul bütün insanların əl ilə ən çox təmas etdiyi, bəlkə də yeganə vəsitədir ki, təmas-məişət yolu ilə keçən, COVID-19 da daxil olmaqla bir çox infeksiyalarda ötürücü və ya yoluxma faktoru rolunu oynayır.

Axı bu ərəfələrdə əl gigiyenasına xüsusi diqqət yetirilməsi və sosial məsafənin gözlənilməsi ona görə vacib hesab edildi ki, belə ötürücü vasitələrlə yoluxma aşağı düşsün.

- Belə fikirlər səslənir ki, yoluxmanın artmasına səbəb karantinin yumşaldılması oldu. Bu yanaşmanı bölüşürsünüz, yoxsa səbəblər başqadır?

- Təbii ki, sərt karantin tədbirlərinin yumşaldılması əhalinin bir qismində arxayınlaşmaya səbəb oldu, xəstəliyə ciddi yanaşmamağa, müəyyən edilmiş mövcud qaydalara tam məsuliyyət və ciddiliklə riayət edilməməsinə gətirib çıxardı. Bir qismində isə əvvəldən bu virusun olmasına dair şübhələrin mövcudluğu var idi, bu inamsızlıq indi də davam edir. Əfsuslar olsun ki, SARS-CoV-2 adlanan virusun özü qədər qorxulu olan yanlış xəbərlərə daha çox inanıldı. Bu baxımdan hələ də sosial şəbəkələrdə ajiotaj yaratmaq məqsədi güdənlər var.

Burada təzadlı məqam odur ki, infeksiya baş qaldırandan bəri insanların bir qismində psixoloji olaraq "nozofobiya" (xəstəlikdən qorxma) kimi koronafobiya, digər qismində isə əksinə olaraq "anozoqnoziya" (xəstəliyi inkaretmə) kimi 2 tibbi fenomen formalaşıb. Sonuncusu daha çox qorxuludur. Fikrimcə, koronafobiya yaşayan insanlar elə məhz qorxduqları üçün tələb olunan qaydalara aşırı dərəcədə əməl edirlər. Çevrəmdəki tanışlarda, qohum-əqrəba arasında da bunun şahidiyəm, yerli-yersiz 5-10 dəqiqədən bir əlləri spirtləyirlər. Başa salıram ki, hər şeydə orta hədd qızıl hədd sayılmalıdır və qorxuya, təşvişə də düşməyə ehtiyac yoxdur, çünki qorxu taclı virusadan daha təhlükəlidir.

Başqa səbəblərə gəldikdə isə fərdi məsuliyyət yetərincə dərk edilmədi və bu da xəstəliyin pik həddə doğru istiqamətlənməsinə gətirib çıxardı. Nəzərə almaq lazımdır ki, əhalinin müəyyən təbəqəsinin internetə çıxış səviyyəsi aşağıdır, bu da nəticə etibarilə məlumatın düzgün alınması məsələsində çaşqınlıq yaradır. Söhbət burada daha çox Azərbaycanın başqa şəhər və rayonlarından gedir. Mənə olan müraciətlərdən görürəm ki, "icazə.e-gov. az" saytından xəbərsizdirlər və ondan istifadə qaydalarını bilmirlər. Bu, bir daha bizə əyan edir ki, bir qrup vətəndaşlarımızda məlumat qıtlığı var, internetə çıxışları məhduddur.

- Ölkəyə gətirilən soydaşlarımızda daha çox yoluxma aşkarlandığına dair iddialar var. Eyni zamanda yoluxmuş şəxslərin müayinədən qaçması halları barədə deyilənlər nə dərəcədə həqiqətəuyğundur?

- Bu amil hökmən nəzərə alınmalıdır. Çalışmalıyıq ki, yoluxma riski aşağı həddə çatsın. İndiki vəziyyət tələb edir ki, səbəbdən çox çıxış yollarının üzərində fokuslanaq və əməli fəaliyyətə keçək, bu fəaliyyət isə əsasən bəlli 3 sadə üsuldan ibarətdir: tibbi maska, şəxsi gigiyena qaydaları, sosial distansiya. Bunları yerinə yetirmək bu qədər çətinmi? Əsla, yox!

Çox istərdim ki, bu məqamda sosioloqlar aktiv fəaliyyətə keçsinlər. Cəmiyyətin iradəsinin və dözümlülüyünün üzərində müəyyən işlər görülməlidir. Burada onların rolu vacibdir, çünki cəmiyyətin sosio-psixoloji durumu möhkəm olmalıdır ki, bu infeksiyadan yan keçə bilək.

- Sərt karantin yoluxmanın artım faizinə təsir edəcəkmi?

- Düşünürəm ki, koronavirus infeksiyası ilə mübarizədə dövlətimiz tərəfindən nəzərdə tutulan bütün önləyici tədbirlərə əhali düzgün qaydada riayət etsə, sözügedən infeksiyaya yoluxma faizi tədricən azalacaq. Başqa sözlə ifadə etsək, xəstələnməni minimuma endirəcək bu tədbirlərə hərtərəfli, məcmu-toplu şəkildə yanaşmaq zəruridir.

Nəhayət, artıq 4-cü aydır ki, gərgin mənəvi mühitdə yaşayırıq. Xoşagəlməz haldır ki, bu infeksiya hər kəsin həyatına, psixologiyasına, işinə sirayət etməklə bu və ya digər şəkildə mənfi təsirini büruzə verir və verməkdə də davam edir. Lakin xalqımız hər zaman ən çətin məqamlarda həmrəylik nümayiş etdirib. Biz bu məsələdə də birlik gözləyirik. Unutmayaq ki, ortaq birliyimiz ortaq düşmənimizin vaksinidir.


OXŞAR XƏBƏRLƏR