Özəl klinikalar müştəri cəlbetmək üçün nəyə əl atırlar?! - Ekspertdən açıqlama

Özəl klinikalar müştəri cəlbetmək üçün nəyə əl atırlar?! - Ekspertdən açıqlama
"Özəl kilinikaların saxta reklamlarla insanları aldatması müştəri cəlb etməyə hesablanmış addım olmaqla yanaşı, kifayət qədər bəsit yanaşmadır”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda fəaliyyət göstərən əksər özəl klinikaların saxta reklamlarla insanları aldatmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
 
"Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsilə bağlı kifayət qədər qanunvericilik bazası var. Düzdür, onun real olaraq tətbiqi o qədər də ürəkaçan deyil. Belə neqativ halın çox olmasına baxmayaraq, təssüf ki, bu günə qədər həmin istiqamətdə məhkəmə işləri və kommersiya qurumlarına münasibətdə cəzaların tətbiqi çox az sayda baş verib. Amma qanunverici baza kifayət qədər imkan verir ki, reklamda göstərilən şərtlər və yaxud cəlbedici təkliflərlə reallıq üst-üstə düşmədikdə, bu hal istehlakçıların hüquqlarının pozulması demək olur. Belə olan halda istehlakçıların hüququ çatır ki, məhkəmə yolu ilə öz haqlarının bərpası istiqamətində təzminat davası açsın. İstər tibb sahəsində, istərsə də başqa fəaliyyət növü ilə məşğul olan özəl şirkətlərin borcudur ki, elan etdiyi reklamla göstərdikləri xidmət arasında uyğunluq olsun. Yəni reklam vasitəsilə aldadıcı fəndlərdən istifadə edilməklə müştəri cəlbi istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu yöndə həm istehlakçıların hüquqlarını müdafiə edən sivil toplum qurumları, həm də dövlət orqanları fəaliyyət göstərə bilərlər. Klinika açanlar bəsit şəkildə düşünürlər ki, özləri barədə reklamlarda insanları daha çox cəlbedici sözləri işlətməklə bir o qədər çox müştəri cəlb edə bilərlər. Bu fonda da düşünürlər ki, reklama aludə olub hər gələn 5 nəfərdən 2-si həmin xidmətlərdən istifadə edəcəksə, əlavə gəlir əldə edəcəklər. Yəni çox bəsit müştəri cəlb etmə addımıdır”.
 
Qeyd edək ki, Azərbaycanda tibb sahəsi üzrə çoxsaylı özəl klinikalar fəaliyyət göstərir. Bu klinikalar da öz fəaliyyətlərini cəmiyyətə çatdırmaq üçün əksər hallarda müxtəlif yönümlü reklamlardan istifadə edirlər. Ancaq maraqlıdır ki, özəl klinikalar və onların göstərdikləri xidmətlər, buna görə qoyulan qiymətlərlə bağlı reklamda elan olunanlarla, pasiyentin həmin müəssisəyə gələrkən rastlaşdığı mənzərə arasında az qala yerlə göy qədər fərq var. Bu da onu göstərir ki, həmin reklamlarda elan olunanlar əslində reallığı əks etdirmir, saxtadır. Belə ki, bir çox hallarda özəl klinikaların reklamda elan etdikləri məlumatla real müstəvidə xidmətləri və ona görə aldıqları haqq arasında tərs-mütənasiblik hökm sürür. Bir sözlə, pasiyent əslində aldadılır.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR