Cəmİyyət

"Yalandan özümüzü aldadırıq ki, bizim çox sağlam ailə modelimiz var" - Fazil Mustafa

Bu gün "Sputnik” İnformasiya mərkəzində "Klassik ailə modelinin təbliği” mövzusunda dəyirmi masa keçirilib. 
 
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Qadın Liderliyi Uğrunda" İctimai Birlik tərəfindən təşkil olunan dəyirmi masada millət vəkili Fazil Mustafa, sabiq millət vəkili Gülər Əhmədova, QHT rəhbərləri və media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Ülkər Abdullayeva dəyirmi masanın mahiyyətindən danışıb.
 
Ü.Abdullayeva bildirib ki, digər Avropa ölkələrində boşanma mədəniyyəti olduğu halda, Azərbaycanda əksər hallarda bunu görə bilmirik:

"2017-ci ildə açıqlanan rəqəmlərə görə, Azərbaycanda 62 min 923 nikah, 14 min 516 boşanma halı qeydə alınıb. Son illərin müqayisəsini təşkil etdikdə də, Azərbaycanda nikahların sayının azaldığını, boşanmaların isə sayının artdığını görürük. Digər ölkələrdə ailələr boşansa da, bunu sivil qaydada həyata keçirirlər. Onlar uşaqları ilə birgə zaman keçirir, əylənir, övladlarının çətin günündə birgə yanında olurlar. Azərbaycanda isə bu model yoxdur. Uşaq ananın himayəsində qaldığı üçün ata çalışır ki, aliment verməyərək anadan qisas almış olsun. Ötən dəfələrdə bir qonşu ailədə belə bir hadisə yaşanmışdı. İllərlə aliment ödəməyən ataya 16 min manatlıq aliment borcu haqda bildiriş gətirildi. İndi təsəvvür edin ki, bu illər ərzində ana hər yüklə yanaşı 16 min lik bu yükü də təkbaşına qaldırmış olub”.
 
Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa ailə inistitutunun nöqsanları haqda danışıb. O bildirib ki, bu gün Azərbaycan ailə modeli bir çox ölkələrdən, o cümlədən də Amerikadan geridə qalır:
 
"Yalandan özümüzü aldadırıq ki, bizim çox sağlam ailə modelimiz var. Əslində isə belə deyil. Azərbaycan ailə modelinə görə bir çox ölkələrdən geridə qalır. Bu gün klassik ailədə də, müasir ailə modelində çox çatışmazlıqlar var. Boşandıqdan sonra qadınlarla müqayisədə kişilərin reabilitasiyası daha uğurla başa çatır”.

F.Mustafa daha sonra isə qadınların formal təhsil probleminə toxunaraq bildirib ki, bu gün bəzi hallarda gənc qızlar ona elçi gələrkən təhsilli olduğunu diqqətə çatdırmaq xatirinə ali təhsil alır:
 
"Əksər hallarda bu qadınların potensial bilikləri olduğu halda, gələcək üçün yararlı və keyfiyyətli mütəxəssis kimi yetişmək imkanları da olur. Lakin bəzi hallarda gənc qızlar sırf ailə həyatı qurmaq, elçi gələrkən diplomunu göstərmək naminə ali təhsil alırlar. Heç bir peşəyə yiyələnmədikləri üçün boşanarkən, necə yaşayacam, deyə düşünməli olurlar. Gənc qızlar öz ayaqları üzərində durmağı bacarmalı, müəyyən peşələrə sahib olmalıdırlar”.

F.Mustafa daha sonra aliment probleminə toxunub. O bildirib ki, Azərbaycanda aliment fondunun yaradılmasına ehtiyac var:

"Bu gün Azərbaycanda aliment fondunun yaradılmasına ehtiyac var. Çünki uşağın təhsili, inkişafı gecikdirilməməlidir. 10 yaşında xərclənəcək vəsaiti uşaq üçün 15 yaşında xərcələməli olsaq, çox gecikmiş olarıq. Bu səbəbdən də aliment fondu yaradılsa, uşağı vaxtında lazım olan vəsaitlə təmin etmək olar”.
 
İntiharlar haqqında da danışan millət vəkili bildirib ki, bu gün sosial vəziyyət nəzərə alınarsa, gərək ki, Suriyada hər kəs bu yola əl atsın. Bəzi Azərbaycan kişilərinin xaraktersizləşməsindən danışan millət vəkili iradəsiz insanların formalaşmasının cəmiyyətimiz üçün böyük  faciə olduğunu qeyd edib:
 
"Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə iradəsiz insanlar formalaşır. Əli, ayağı olmayan bir insan dünya çemionu olur və intihar etmək haqda heç düşünmür. Sən niyə intihar edirsən? 20 manata fəhlə işləyə bilməzsən?”.

Ailələrdə böyük gərginliyin olduğunu deyən millət vəkili bu münasibətlərin uşaqlara da yansıdığını söyləyib:

"Türkiyədə valideyn nə qədər əsəbi olsa da, müraciət  etdikdə uşaq ona, "əfəndim annem" deyir. Biz də isə "az nədir?", deyirlər”.

Nigar Məhərrəm
Sfera.az

AdRiver

XƏBƏR LENTİ