“Təhsil Nazirliyinin rəhbərliyi cəzalanmalıdır” – Ekspert sərt tədbirlər tələb etdi

“Təhsil Nazirliyinin rəhbərliyi cəzalanmalıdır” – Ekspert sərt tədbirlər tələb etdi
 

Səbail rayonu 162 saylı orta məktəbdə 14 yaşlı məktəbli - Elina Hacıyevanın özünə qəsd etməsi cəmiyətdə ciddi rezonans doğurub. Hadisənin başvermə səbəbləri mətbuatda və sosial şəbəkələrdə xeyli müzakirə olunub. Məsələnin ilk gündən dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olması barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın açıqlamasından sonra isə baş vermiş olayın tezliklə və obyektiv araşdırılacağına şübhə qalmır.


Bəs, baş vermiş intihar hadisəsində məsuliyyət kimlərin üzərindədi? Bu haqda təhsil eksperti Kamran Əsədov Sfera.az-a açıqlama verib. Ekspertin sözlərinə görə, baş verən xoşagəlməz hadisələr onu göstərir ki, Təhsil Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirməyə qabil deyil. "Onlar ancaq hadisələrə seyrci mövqeyində qalırlar. Başqa vaxt abituriyentlər yüksək bal toplayanda, və ya olimpiada qalibi olanda bunu bəh-bəhlə öz adlarına çıxarırlar, özlərini səbəbkar rolunda göstərirlər, amma hansısa bir problem olanda yoxa çıxırlar”.

 

Kamran Əsədov vurğulayıb ki, intihar hadisəsi baş verən kimi Təhsil Nazirliyi orda olmalı, məsələnin mahiyyəti haqda mütəmadi olaraq açıqlamalarla çıxış etməli idi: "Əgər bir məsələnin həlli ilə bağlı proses prezidentə qədər gedib çatırsa, bu cavabdeh olan qurumların öz fəaliyyətini yerinə yetirmədiyini göstərir. Qeyd olunan intihar hadisəsinə görə təkcə məktəb direktoru və ya psixoloq cəzalanmamalıdır, eyni zamanda təhsil nazirliyinin rəhbərliyi də buna görə məsuliyyət daşıyır”.

 

Ekspert sonda onu qeyd edib ki, baş verən hadisə onu göstərir ki, hal hazırda orta məktəblərdə sağlam təhsil mühiti yoxdur. Orta məktəblərdə ilkin tibbi yardımın göstərilməsi yaxşı səviyyədə deyil, orta məktəblərdə psixoloq xidməti bərbad vəziyyətdədir. 


Rəşad

Sfera.az


OXŞAR XƏBƏRLƏR