Süni bahalaşmaya necə əngəl ola bilərik? - Ekspert rəyi

Süni bahalaşmaya necə əngəl ola bilərik? - Ekspert rəyi
"Bayram ərəfəsi süni qiymət artımlarının olması ənənəvi haldır”

Sfera.az-a açıqlamasında bu sözləri Novruz bayramı və ümumiyyətlə digər bayramlar ərəfəsi Azərbaycanda süni qiymət artımlarının özünü kəskin göstərməsinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. 
Həmsöhbətimiz baş verən bu süni artımlara qarşı mübarizə üçün Kənd Təsərrüfatı Nazirliyini mütəmadi olaraq yarmarkalar təşkil etməyə çağırdı:
 
"Rəsmi statistikada yanvar ayında qiymətlərin 0,7 faiz artdığı qeyd olunub. Ümumiyyətlə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi tərəfdarıyıq. Bəzi hallarda süni qiymət anlayışına yanaşma səhv olur. Ümumiyyətlə, bazar iqtisadiyyatında süni qiymət anlayışı müzakirə olunan məsələlərdəndir. Azərbaycan qanunvericiliyində süni qiymət anlayışı ortaya çıxıb. O baxımdan da ona qarşı mübarizə aparılması vacibdir. Ənənəvi olaraq bayramlar ərəfəsi, xüsusən də bayram günləri daha çox istifadə edilən məhsul və malların qiymətlərinin sahibkarlar tərəfindən artırıldığını müşahidə edirik. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində adətən hədiyyə və güllərin qiymətlərində bahalaşmalar qeydə alınır. Bu da adətən müvəqqəti xarakter daşıyır, bir neçə gün davam edir. Amma Novruz Bayramı ərəfəsində süni qiymət artımları özünü daha kəskin şəkildə göstərir. Ona görə də bu kontekstdə Kənd Təsərrüfatı Nazirliyinin üzərinə ciddi vəzifələr düşür. Nazirlik xüsusən də bayram ərəfəsi, mart ayından başlayaraq daha çox kənd təsərrüfatı yarmarkaları təşkil etməlidir ki, qiymətlərə təsir göstərə və daha ucuz məhsulların yarmarkalar vasitəsilə satışını həyata keçirə bilsin. Kənd təsərrüfatı məhsulları üzrə mütəmadi olaraq yarmarkalar təşkil olunar, fermerlərə daha az xərclə öz məhsulunu paytaxt yarmarkalarına çıxarmağa imkan verilərsə, Novruz Bayramı ərəfəsi süni qiymət artımlarının baş verməsini də müşahidə etməyə bilərik. 
Yəni Kənd Təsərrüfatı Nazirliyi yarmarkalar vasitəsilə qiymətlərə təsir göstərmək imkanına malikdir.  O baxımdan süni qiymət artımlarının baş verməməsi üçün birmənalı şəkildə mütəmadi olaraq yarmarkalar təşkil edilməli və fermerlərin orada öz məhsullarının daha ucuz satışının təşkil edilməsinə ehtiyac vardır”.
 
Qeyd edək ki, Azərbaycanda hər bayramlar ərəfəsi mal və məhsuların qiyməti kəskin qalxır. Bu bahalaşmada isə əsas rolu süni amillər oynayır. Bir çox işbazlar bayramlar dönəmində əhalinin daha çox məhsul almağa meylli olmasından sui-istifadə edərək süni qiymət artımlarına gedirlər. Qarşıdan Novruz Bayramı gəlir. Bununla əlaqədar olaraq, artıq bir müddətdir ki, yenidən süni qiymət artımları özünü göstərməyə başlayıb. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR