\"Qismət özünə şər atır\"

\
Azərbaycan Nəşriyyatında qəzet redaktoruydum. Bizə üz tutan kəslər redaksiyadan boş qayıtmırdı. Ən azı, bir stəkan çay, bir qırıq da təbəssümlə yola salırdıq. Bir gün Əlibayramlıdan çox yaşlı, amma ruhən gənc bir kişi gəldi. Camış pendiri də gətirmişdi. Tanış olub çay içdik, pendirin də dadına baxandan sonra bildim ki, ağsaqqal şairdir, şeir gətirib ki, çap eləyək. Eynəyini taxdı, vərəqlərini qarışdırırdı ki, mənə şeir oxusun. Birdən, eynəyini gözünə bir az da sıxıb, otağımın küncündəki balaca, köhnə televizora dikildi. Hansısa kanalda gənc şair dostumuz Qismət Rüstəmov danışırdı. Ağsaqqal əlindəki kağızları masanın üstünə tullayıb ekrana söyməyə başladı. Düzü, bir şey başa düşmədim. Kişi dayanmaq bilmirdi, dişinin dibindən nə gəlirdisə, ekrana deyirdi. Səsimi ucaltdım, ay ağsaqqal, bir dayan görüm, nə olub axı? O adamı mən tanıyıram, yaxşı insandır, həm də maraqlı şairdir. Kişi qayıtdı ki, tüpürüm onun şairliyinə. Əsəbiləşib bir az da səsimi ucaltdım, a kişi, bir dayan görüm, sən nə danışırsan? Bir de, görüm, nə olub? Kişi üzümün döndüyünü görüb, bir az sakitləşdi, çaydan bir qurtum da alıb, fikrə getdi.
 

Bir dəfə bu söhbəti Qismətə eləmək istədim, dilim gəlmədi, həm də dedim, böyük şairimiz narahat olar. 
 

Bir yazıçı dostum danışır ki, Qismət uşaq olanda orta məktəbdə heç kəs onunla oyun oynamırdı. Çünki hansı komandaya qatılırdısa, həmin komanda uduzurdu. Məsələn, "bayraq apardı” oynayanda hamı udmağa cəhd göstərirdisə, Qismət key qalırdı. Ona görə də heç bir oyuna onu salmırdılar. Hamı Qismətə səy kimi baxır, elə bilirdilər, xəstədir. Arada qızların komandasında oyunçu çatmayanda Qisməti ora salırdılar. Qismət də qızlara qoşulub "xanım-xanım” oynayırdı. Uşaqlıqda o qədər "xanım-xanım” oynamışdı ki, Qisməti əsgərliyə də aparmadılar. 
 

Bir dəfə müəllim bütün uşaqlara tapşırır ki, hamınız vətənə aid şeir əzbərləyin, həm də müxtəlif şeirlər olsun. Uşaqlar narahat olur, üç-beş vətən şeiri tapırlar, onları da qızların bəziləri götürür. Əlinə döndüyüm Qismət evə gedəndən sonra hansısa səydəş bir şairin ağır çəkili kitabından vətənə aid on-on beş şeiri kağıza köçürüb dərsə gətirir. Ümidsiz, narahat uşaqların hamısı Qismətin gətirdiyi şeirlərlə tapşırıqdan canlarını qurtarır. Hamı elə bilir ki, bu şeirləri Qismət yazıb. Həmin gündən etibarən, Qismət sinifin hörmətli şairinə çevrilir. Artıq bütün oyunlara onu da qatırlar, səyliyini yola verirlər.
 
 
Getdikcə bütün məktəbdə şair Qismətin hörməti çoxalır. Hətta, xoşuna gələn, ancaq ona üz göstərməyən qız da yaxınlaşıb şeir istəyir. Həmin günün axşamı məktəbin məhşur şairi Qismət ilk şeirini yazır. Kağıza yazdığı şeirin hər tərəfini ürəklərlə bəzəyir, ox-zad işarəsi qoyur ki, qızın xoşuna gəlsin. Və beləcə, körpə Qismət bütün məktəbi bəlkə də, istəmədən şair olduğuna inandırır. Hər kəs ona ağız dolusu "şair” deyir. Zaman keçdikcə Qisməti də inandırırlar ki, sən şairsən. Bu qarşılıqlı yalan uzun illər davam edir. Qismət yazdığı şeirlərdən kitab da çap elətdirir. Çox təssüf ki, həmin kitabı yandırır.
Şairlər xalqın ziyalı təbəqəsidir. Onlar daha çox ağılla, məntiqlə davranmalı, hansısa məsələni kökündən həll etməlidirlər. Bir ağac ziyanlıdırsa, gərəksizdirsə, onun bütün budaqları, yarpaqları, gövdəsi, hətta kökü də ziyanlıdır, gərəksizdir. Qismət ilk kitabını yandırmaqla, ziyanlı ağacın bir budağını kəsmiş oldu. Sanki, söyüd ağacının ilk budağını kəsirsən və oturub gözləyirsən ki, növbəti budaq alma gətirəcək. Bu minvallar, Qismət həmin ağacı məhv etmək istəyirdisə, onu kökündən kəsməliydi. Kitabını yox, özünü yandırmalıydı. Hələ ki, gec deyil, ancaq Qismətin özünü yandırmaq istedadı da yoxdur. 
Bəlkə də Qismət böyük şair ola bilərdi. Ancaq yandırdığı kitabların ahı tutdu onu. İmtina elədiyi şeirlərin qarğışına gəldi. İnsan gərək nədirsə, o olmağı bacarsın. Şair pis və yaxşı tərəfləriylə böyükdür. Pislərini gözlədib, yaxşılarını gözə soxan adam çox təhlükəli və istedadsız adamdır. İstedadsız adam da yelkənsiz gəmi kimidir. Külək hansı tərəfə əssə, ora gedəcək. Qismət bununla razılaşır, ancaq çalışır ki, küləyə istiqamət versin.
 
 
Bizim kənddə Qismət adında bir kişi var idi. Nə vaxtsa, özünü möhkəm dəliliyə vurmuşdu ki, əsgərliyə getməsin. Öz rolunu o qədər təbii oynamışdı, müharibədən sonra da dəlilik eləyirdi. Hamı ona gic Qismət deyirdi. Bir dəfə gic Qismət çıxıb dağda od qalayıb ki, sərçələr qızışsın. Həm də, yayın oğlan çağıymış. Od düşüb kəndin bütün zəmiləri yanıb. 

Çox təssüf ki, Qismət Rüstəmovun şeirləri gic Qismətin yayın günü sərçələr isinsin deyə, taxıl sahəsinin ortasında qaladığı ocaq kimidir. Ancaq gic Qismətin kənd camaatına vurduğu ziyan, şair Qismətin ədəbiyyata vurduğu ziyandan çox ola bilməz. 
 

Əslində, bu yazını mənə yazdıran Rüstəmovun "Meqapolis hüznləri” adlı şeirlər kitabı oldu. Hirsimdən kitabı sonacan oxudum, qoymadın bircə şeir qala. Nədənsə, kitabı bitirənəcən Elza Seyidcahanı düşündüm. Məncə, Elzanın şeirlərində məna yükü olmasa da, içindəki musiqi, fərqlilik, diqqətçəkən sözlər  oxucular tərəfindən maraqla qarşılandı. Qismət də Elza kimi fərqli bir yol düşündü, yandırdığı kitabından sonra oturub aylarla fikirləşdi ki, nə yazım? Və tapdı. Başladı Aqşin, Seymur, Murad, Şərif və s. istedadlı  gənclərə qonaqlıq verməyə. Hər gün kafelərə istedad ovuna çıxdı. Fikir verirəm, Qismət çox çoxbilmiş adamdır. Aqşinin "şəhərin ürəyi sıxılır” misrasını götürüb, "Bakının köynəyini açmaq ki, şəhər nəfəs alsın” formasında öz kitabında şeir yazıb. Kitab başqan ayağa bu kimi plagiyatlarla doludur.

"Meqapolis hüznləri”nin ilk şeirini oxuyanda xeyli güldüm. Elə bil, Qismətin hansısa heca şeirinə bir təpik vurmusan, sərbəst şeir olub. "Sevginin gözləri Vanqa” şeirini öncə hekayə kimi yazmaq istəyirmiş. Başa düşüb ki, hekayə yazacaq qədər istedadı yoxdur, əl saxlayıb. Yenə Elza variantına keçib. Gözlərini yumub, kompyuterin "mişka”sını əlində oynadırmış. Sol düyməni sıxanda "vörd”ün içində yanıb-sönən, hərfdoğan qara xətt hara düşürmüşsə, həmin yerdə "enter”i vururmuş. Və sonra, "Sevginin gözləri Vanqa” yaranıb. Qismət bəzi şeirlərində sözlərin arasına qara xətt, ulduz işarələrini qoymaqla bir daha göstərir ki, möhkəm şəkildə Elza Seyidcahanın təsirinə düşüb. Onu imitasiya eləyir. 
 

Bir də ki, "Meqapolis hüznləri”nin hər səhifəsində Murad, Aqşin, Salam, Seymur, Həmid, Şərif və s. kimi tənbəl, qonaqlıqpərəst adamlar oturub çay içirlər. Qismət öz şeirlərində tez-tez məhşur abidələrdən, yunan mifologiyasından, böyük yazıçıların əsərlərindən misal gətirməklə nəsə sübut etməyə çalışır. Ancaq, həqiqətdir ki, "Meqapolis hüznləri” "cütləşən itlərin səsini dirsəkləndirəcək” qədər istedadsız yazılıb. Digər tərəfdən, kitabda elə bir misra yoxdur ki, Qismətdən öncə kimsə deməsin. Başqa bir kitabı da var Qismətin: "Vitrin”. Təssüf ki, həmin kitabda da nəinki, "Vitrin”ə qoyulacaq, heç sandıqda gizlədiləcək, ya da yandırılacaq şeirləri də yoxdur. 
 

Bu gün ədəbiyyatdanxaric, fərqinə varılmayan "küyizm” cərəyanı yaradılıb ki, bütün küyə düşüb ədəbiyyata gəlmiş adamlar bu cərəyan ətrafında fırlana-fırlana qalıblar. Qismət də onun aparıcı nümayəndələrindən biridir. Deyirəm, görəsən, beş-on şair gedib Milli Məclisin qabağında dombalaq aşsa, Qismət də onlara qoşular?
 

Deyirlər, şairlik tale, qismət məsələsidir, ancaq Qismət məsələsi deyil. Çünki, Qismətin bir şeirlik taleyi yoxdur, heç şeirlərinin də taleyi yoxdur. Məncə, bütün şairlər öz boşluqlarını doldurmaq üçün ədəbiyyatdan nəsə istəyirlər, istedad gücünə almağı da bacarırlar. Maraqlıdır, Qismət ədəbiyyatdan nə istəyir? Axı, istəyini bilsə belə, almağa istedadı yoxdur.
 
 
Bu cümlə bəlkə də hamımıza deyilib: oxu, adam ol. Yəqin ki, Qismətə daha çox deyilib. Böyüyəndən sonra da başında qalıb. Elə bilir ki, çox oxuyub şair də olmaq olar.  

Bir dəfə Qismətlə Hüseyn Cavid parkında gəzişirdik, dayanmadan, nəfəs almadan danışırdı. Sanki mənə çatdırmaq istəyirdi ki, çox bilirəm, hər şeyi bilirəm, çox ağıllı adamam. Hərdən öz dediyinə özü də şaqqanaq çəkib gülürdü. O, güləndə mənə elə gəlirdi ki, üst diş qapağı bu saat düşüb asfaltda çiliklənəcək. Qismətin şeirləri də dişlərinə oxşayır. Allah eləməsin, əlindən düşüb-eləsə, bir misrasını da tapa bilməyəcəyik. Bu da Azərbaycan ədəbiyyatına böyük itgidir.  

Maraqlıdır ki, əllərim bu yazını çox sürətlə yazır, kompyuter tələsir ki, yazı bitsin. Arada mən çay içirəm, əllərim dayanmadan yazır. Elə bil, allah da istəyirmiş ki, bu yazı yazılsın. 
 

Müdrik insanlar deyib ki, içkili vəziyyəti ilə ayıq halı eyni olan adam çox təhlükəli adamdır. Bir adamı ki, şərab dəyişmir, onu heç nə dəyişə bilməz. Ömür boyu kötük olaraq qalacaq. Mən hələ görməmişəm ki, Qismət hansısa kafedə içib dava salsın.
 
 
Əgər məndən məsləhət istəsəydi, Qismətə deyərdim ki, get özünə başqa sənət, başqa peşə seç. Elə peşə ki, sən orda lazımsan, dəyərlisən, əzizsən. Məsələn, Qismətdən qəşəng aktyor çıxar, ya da məmur. Ümumiyyətlə, Qismətdən çox şey çıxar. Təkcə şeir yox. O, özünə böhtan atır. Necə ki, Nüsrət Kəsəmənli əllərinə böhtan atırdı ki, filan qızın saçlarına toxunub. Qismət də özünü şairliklə şərləyir.  
 

Hesab edirəm ki, ədəbiyyat bir divardırsa, şair də palçıqdır. Bu profildən baxanda şairləri üç yerə bölürəm. Birinci sinif şairlər yaş palçıqdır, divara vurursan, yapışıb qalır. İkinci sinif şairlər bir az qurumuş palçıqdılar ki, divarda müəyyən qədər qalır, yavaş-yavaş sürüşüb düşürlər. Üçüncü sinif şairlər isə, qupquru, daşa dönmüş palçıqlardır. Onları divara vuranda çilik-çilik olub qağılır. Qismətin camaatı aldadıb yaratdığı obraz yaş palçıq olsa da, mahiyyətcə o çilik-çilik olmuş "şair”dir.  
 

Hə, onu deyirdim axı, Nəşriyyatdakı kişi (yanılmıramsa, adı Soltan idi) qayıtdı ki, bala, mən öz əllərimlə Qismətin məmur babasına on camışlıq rüşvət vermişəm. Səncə, rüşvətlə böyüyən adam şair ola bilər? O, öz qarınında haram tikə gəzdirir...

Elşad Barat

OXŞAR XƏBƏRLƏR