Cəmİyyət

Əziz Əzizov əlini “ağdan qaraya” vurmur: Yeni Yasamal yolu kimin puluna çəkilib? - REPORTAJ

Əziz Əzizov əlini “ağdan qaraya” vurmur: Yeni Yasamal yolu kimin puluna çəkilib? - REPORTAJ
Cəlilabadı "fəth” edib Yasamalda "fətir yapan” icra başçısı Əziz Əzizov gəldiyi gündən əlini "ağdan qaraya” vurmayıb. 

Bunu Sfera.az-a danışan sakinlərin sözlərinə görə, paytaxtın böyük rayonlarından biri ona həvalə olunsa da, ciddi abadlıq-quruculuq işləri ilə fərqlənməyib. 
Təkcə Yeni Yasamala gedən yolun təmir olunmasını istisna etsək, indiyə qədər Yasamal rayonunda sosial problemlər olduğu kimi qalmaqdadır. 

İstərsə Yeni Yasamaldakı ara yolların, istərsə də Alatava yollarının müharibədən çıxmış vəziyyətdə olduğuna bu ərazilərdən keçənlər şahiddirlər. 
Təkcə yol problemi olsa, dərd yarı, səkilərin satılması, yaşıllıqların getdikcə keçəlləşməsi, İbrahim Mehdiyev dövründən qalan "ənənə”lərin davam etdirilməsi göz qabağındadır. 

Məsələn, "20 Yanvar” dairəsindən üzü yuxarı qalxıb Şərifzadə küçəsinə dönən kimi sağda dayanacağın arxasının satılıb obyekt tikildiyini görmək olar. Onunla yanaşı səliqəsiz, köhnə köşklərin, obyektlərin də ərazisi təzə sahiblərini gözləyir.

Ə.Əzizov icra başçısı olduğu vaxtdan Şərifzadə nə sahmana salınıb, nə də yeni ağaclar əkilib.

Yeni Yasamala çəkilən təzə yol isə sürücülərin qismən ürəyincə olsa da, yol üstündəki obyekt sahiblərinin "qanını qaraldıb”. 
Çünki yol çəkilişi zamanı Yasamal icra hakimiyyəti nümayəndələri obyektləri qapı-qapı gəzərək onlardan pul yığıblar. Yəni, Ə.Əzizov bu yolu da büdcə vəsaiti hesabına təmir etdirməyib. Ona görə bu yolu sahibkarlar çəkib desək, daha düzgün çıxar. Necə ki, Alatavanın bəzi küçələrinə yerli camaat pul yığaraq asfalt tökdü, bələdiyyə və icra isə pul silərək özünün gördüyü iş kimi yuxarılara təqdim elədi.

Sakinlər onu da deyirlər ki, Yasamalın icra başçısının da, deputatlarının da üzünü görməyiblər. İcra başçısı bu günlərdə Yeni Yasamalda 5-10 öyrədilmiş, büdcə təşkilatlarında işləyən adamı başına toplayıb guya səyyar görüş keçirib. Amma Şərifzadədə, Alatavada, "Sovetski”nin yaşayış olan küçələrində, "Şamaxinka”nın ətrafındakı binalarda yaşayanlar Ə.Əzizovla görüşə bilməyiblər.

Yasamal sakinləri bildirirlər ki, onlar Ə.Əzizovdan irimiqyaslı işlər görəcəyini gözləyirdilər. Yasamalın ən böyük problemlərindən biri abadlıq baxımdan xaosun olmasıdır. Məsələn, Şərifzadədə köçkünlərin uçub-tökülən qəzalı binası var. Bina nə sökülür, nə də təmir olunur. Ən əsası insanların həyatına təhlükənin olmasıdır. Çünki binada bütün elektrik xətləri bir-birinə qarışıb. 
 

"Burda yaşamaq möcüzədir. Bizə heç kəsin rəhmi gəlmir. Hər dəfə söz verirlər ki, təzə mənzillərlə təmin olunacaqsınız. Amma ortada quru söz gəzir. 
Heç olmasa, Yasamal icra hakimiyyəti başçısı və "Qaçqınkom”un təzə sədri bir dəfə gəlib bizimlə maraqlansınlar. Əziz müəllim təzə təyinat alıb, onu maraqlandırmır ki, burda millət necə yaşayır, nə yeyir? Qurban bayramında gəlib heç olmasa burda görünərdi. Bu binanın gününə baxın. Vallah uçub qalacağıq altında. Özü də görkəmi də rayona xələl gətirir” –deyə sakinlər gileylənirlər. 

Bundan əlavə, vətəndaşlar Yeni Yasamalda yol kənarında avtoyuma məntəqələrindən şikayətlənirlər. Bu "moyka”lar kimə haqq verir, kimi yemləyirsə, dəyib dolaşan yoxdur. Nəticədə obyektlərdən axan su yola tökülür, hər yer palçıq olur. Bəzi yerlərdə isə asfalt olmadığı üçün yerdən tozanaq qalxır, insanlar hava əvəzinə torpaq udurlar. 

Yasamal RİH-nin saytında da Ə.Əzizov gəldiyi gündən hansısa ciddi işlərin həyata keçirilməsi barədə xəbərlər gözə dəymir. İcra başçısının hesabatında isə Yasamal rayonundakı "pilot” layihələr RİH adına çıxarılıb. Halbuki, RİH bu işlərdə iştirak etmir. 

Eləcə də Şərifzadədən Nazim Hikmət küçəsinə gedən yolun genişləndirilməsini Ə.Əzizov yox, "Azəravtoyol” həyata keçirir. İcra başçısı isə Yasamalda görülmüş bu işləri özlərinin ayağına yazmaqla hesabat mətnini doldurmağa çalışıb. 
 
Öyrənirik ki, hələ Cəlilabadda işlədiyi dövrlərdən Ə.Əzizovun Yasamalda tikinti meydanı olub. Əzizov tikinti sektoruna sərmayəni bibisi oğlu Pərvin Əliyevin əli ilə yatırıb. Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var. Bunların içərisində ən qiymətli olanı isə Xırdalanda "AAAF Park”ın girişində fəaliyyət göstərən "Makromart” univermağıdır. Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də elə Yasamalda, Qələbə dairəsində "Baku Mall” ticarət mərkəzidir. 
 
Ümumiyyətlə, bu rayon Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənovla onun yaxın kadrı olan Ə.Əzizovun tikinti poliqonudur.
Ona görə Yasamal RİH-nə gətirilən kadrlar əsasən komitədən təşəkkül tapır. Misal üçün, başçının birinci müavini Səməd İslamovun yerinə təyin olunan Rzayev Elçin komitədə işləyib.

Bir sözlə, bu rayondakı problemləri saymaqla bitirmək mümkün deyil. Əhali isə qışa qədər heç olmasa bu problemlərdən bir qisminin aradan qaldırılmasını arzulayır. 

Xüsusi olaraq Sfera.az üçün: Aslan Mirzə




 
  

   


AdRiver

XƏBƏR LENTİ