Dünya
Sİyasət

Ermənistanda seçki nə vaxt olacaq? - ŞƏRH

Ermənistanda seçki nə vaxt olacaq? - ŞƏRH
"Parlamentdəki müxalif çoxluğun xalqın təzyiqilə özünü buraxacağı hələlik şübhəli görünür”.
 
Sfera.az-a açıqalamasında bu sözləri Ermənsitanda parlamentin buraxılaraq növbədənkənar seçkilərin keçirilib-keçirilməməsilə bağlı baş nazir Paşinyanla parlamentin müxalif çoxluğu arasında savaşın qızışmasına və prosesdən kimin qalib gələ biləcəyinə münasibət bildirərkən politoloq Natiq Miri deyib.
 
Bu mənada ekspertə görə, Ermənistandakı mövcud siyasi böhran müəyyən təhlükələr vəd edir:
 
"Ermənistanda bu günki vəziyyət bir növ siyasi dalan vəziyyətini xatırladır. Çünki, Paşinyan xalqın təzyiqilə parlament tərəfindən baş nazir seçilsə də, strateji hədəflərini həmin parlament vasitəsilə yerinə yetirə bilmədi. O yeni konstitusion seçki sistemilə bağlı qərarın qəbulu və ardınca növbədənkənar parlament seçkilərinin təyin olunmasına çalışırdı. Lakin ötən müddət ərzində Paşinyan bunları edə bilmədi. Parlamentdə təmsil olunan müxalif çoxluq buna imkan vermədi. Paşinyanın baş nazir seçilməsinə dəstək verən oliqarx Sarukyanın "Çiçəklənən Ermənistan” və Daşnaqstyun partiyaları da artıq Paşinyana müxalif olublar. Lakin Paşinyanın xalqa verdiyi vədlərə əsasən korrupsiyaya qarşı mübarizə və iqtisadiyyatdakı monopoliyanın aradan qaldırılması istiqamətindəki konkret gördüyü işlər fonunda bir neçə oliqarx barədə cinayət işi açılıb. Ancaq Paşinyan komandasında Sarukyan kimi oliqarxın olması fonunda görülən həmin işlər cəmiyyətdə baş nazir barədə ikili fikir formalaşdırıb. Yəni bir tərəfdən, Paşinyan hökumətində Sarukyan kimi oliqarxın olması fonunda, digər tərəfdən, başqa oliqarxlara qarşı real mübarizə aparmaq istəyi müəyyən şübhələr yaradıb. Ona görə də Paşinyan öz komandasından Sarukyan və Daşnaqstyuna məxsus nazirləri çıxarmağa söz verdi. Nəticədə prezident baş nazirin təqdimatı ilə həmin nazirləri istefaya göndərdi. Belə olan halda, Paşinyanın parlament çoxluğu ilə növbədənkənar parlament seçkilərinin keçirilməsilə bağlı qərar qəbul edə biləcəyi ciddi şübhə altına düşdü. Çıxış olaraq Paşinyan parlamentin buraxılması məsələsini ortaya gətirdi. Amma parlament çoxluğu belə bir qərarın əleyhinə olduğundan, onun qanunverici orqan tərəfindən qəbul ediləcəyi mümkünsüz hala gəldi. Nəticədə Paşinyan yenidən xalqı etiraz mitinqlərinə çağırmaqla məhz onun təzyiqilə deputatlara təzyiq etməyə başlayıb. Xalqın etiraza başlaması ilə parlament binası da müasirəyə alınıb. Bu kontekstdə Paşinyan yaxın anlarda istefa verəcəyini və növbəti parlament seçkilərinə qədər baş nazir səlahiyyətini icra edəcəyini bəyan edib. Paralel olaraq parlamentin buraxılaraq növbədənkənar seçkilərin keçirilməsilə bağlı müxalif deputatlarla görüşlər keçirir. İlk görüşdən sonra Paşinyan bəyan etdi ki, parlament seçkilərinin bu ilin dekabrında keçirilməsilə bağlı müxalif deputatlarla razılıq əldə olunub. Lakin müxalif partiya nümayəndələri belə bir razılaşmanın hələlik əldə olunmadığını bəyan etdilər. Ona görə də düşmən ölkədə dalana dirənəcək siyasi böhran vəziyyəti yaranıb. Bu mənada hansı istiqamətdə davam edəcəyini indidən söyləmək çətindir. Çünki Paşinyanın müxalif çoxluğa təzyiq etməkdən başqa yolu qalmayıb. Ona görə də etiraz mitinqləri, parlamentin fəaliyyətini iflic etməklə siyasi böhran vəziyyəti yaradıb. Bu böhrandan çıxış nöqtələri də hələlik bəlli deyil. Bununla da baş nazir parlamenti məhz özünün buraxması üçün qərar verməyə təşviq edir. Ancaq parlamentdəki müxalif çoxluğun xalqın təzyiqilə özünü buraxacağı hələlik şübhəli görünür. Çünki müxalif deputatlar parlamentin gələn ilin may-iyun ayına qədər fəaliyyət göstərməsində maraqlıdırlar.
 
Növbədənkənar parlament seçkilərinin dekabrda keçirilməsilə bağlı konkret razılıq olmasa, Ermənistanda siyasi böhran davam edəcək. Bu siyasi böhran həmçinin iqtisadi, maliyyə kataklizmlərinə də gətirib çıxaracaq. Prosesə xarici amillər, Rusiya və Qərb də müdaxilə edə bilər”.
 
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri məsələsinin gündəmə gəlməsi fonunda vəziyyət daha da kəskinləşib. Respublikaçılar Partiyasının başçılığı ilə parlament çoxluğu seçkilərin olsa-olsa gələn ilin may-iyun ayında keçirilməsini istəyir. Paşinyan isə bu prosesin cari ilin dekabrında yekunlaşmasında israrlıdır. Parlamentin müqavimət göstərməsi fonunda isə Paşinyan yenidən xalqı etiraza çağırıb. Nəticədə xeyli sayda insan küçələrə çıxaraq, parlament binasını belə müasirəyə alıb. Bir sözlə, Ermənistanda ikili hakimiyyət davam edir və bu mənada yaranmış gərginlikdən kimin üstün mövqe ilə çıxa biləcəyi maraq doğurur.
 
ELÇİN
Sfera.az








 
AdRiver

XƏBƏR LENTİ