Yusif Ağayev: "Onun kimi veriliş aparsam, məni ölkədən qovarlar"

Yusif Ağayev:
 Tanınmış aparıcı Yusif Ağayev yenicag.az-a müsahibə verib.

Milli.Az həmin müsahibəni təqdim edir:

- Veriliş zamanı bəzən atmacalarınız olur, qonaqlarınız buna görə sizdən incimir?
- Heç kimlə problem yaşamamışam. Yəqin ki, qəlbində inciyənlər olub, amma bunu biruzə verməyib.

- Etiraf edək ki, sancmağınız var.
- Sancmaq deyəndə ki, həqiqəti danışıram. Amma çalışıram verilişimə gələn qonağın qəlbini qırmayım. Mən özümü o qonağın yerində qoyuram, düşünürəm ki, əgər vaxtını ayırıb verilişimə gəlibsə, niyə onun qəlbini qırım? Bu yaşımda mənə yaraşmaz.

- Heç olubmu hansısa müğənni verilişdən əvvəl sizdən onun şəxsi sirlərini açmamağı xahiş edib...
- Mən qalmaqallı aparıcılardan deyiləm, çalışıram onlardan sənətlə bağlı nəsə soruşum.

- Sevilməyinizin sirri nədədir?
- Vallah, sevildiyimi heç bilmirəm. Amma sosial şəbəkədə mənə münasibətin yaxşı olduğunu yazırlar.

- Sizə şarm verən nədir?
- Qoca yaşda nə şarm?

- Sizə qoca demək olmaz.
- Təşəkkür edirəm. Çalışıram pozitivliyimi saxlayım. Təbii ki, hər kəsin şəxsi həyatında nəsə problemləri olur. Amma mən onları büruzə verməməyə çalışıram, mənfi enerjini ekrandan insanlara ötürmürəm.

- Maşallah, formadasınız...
- İdmana borcluyam. Mənim mənzilimdə üç dənə trenajor var. Sağlam qida və sağlam həyat tərzi mütləqdir, yoxsa sağlam qalmaq mümkün deyil. Bu il 60 yaşım olacaq e.

- Rəqəmlərin sizin üçün əhəmiyyəti varmı?
- 28 rəqəmini sevirəm, çünki həmin gündə anadan olmuşam.

- Yox, mən yaşın artmasını nəzərdə tuturam, 30-40-50-60...
- Heç vecimə də deyil, əksinə, insan daha da müdrikləşir. Keçən illərdə etdiyin səhvləri təkrarlamırsan. Artıq nəvələrim var.

- Ayağınızdan çəkmək istəyənlər olubmu?
- Olub.

- Yıxa biliblər?
- Yıxmağa çalışıblar, amma sonda qalib mən olmuşam.

- Gücü nədən almısınız?
- Mənə gücü Allahım verib, bir də anamın ruhu. Çətin vaxtlarımda anamın ruhu ilə danışmışam. Baxmayaraq ki, 15 ildir onu itirmişəm, amma o hər an yanımdadır.

- Talisman gəzdirirsiniz?
- Heç vaxt. Göz-nəzərdən də qorxmuram.

- Son qəpiyinizi nəyə xərcləyirsiz?
- Xarici ölkələrə gedəndə son qəpiyimə qədər geyimlərimə xərcləyirəm. Çünki göz önündə olduğum üçün tamaşaçılarım üçün fərqli tərzdə görünmək istəyirəm.

- Qarderobda artıq qalan paltarların aqibəti necə olur?
- Evdə dörd dənə şkafım var. Geyindiklərimi 3-4 ildən sonra bağışlayıram.

- Qonaqlarınız arasında ən çox zövq aldığınız kimlər olub?
- Desəm ki, Aygün Kazımova, əlbəttə, bu, belədir. Nazpəri Dostəliyeva , Xumar Qədimova, Mətanət Əsədova - bunlar şəxsiyyətdir, xarizmadırlar. Onlarla ünsiyyətdə olmaq zövqdür. İstədiyini onlardan ala bilirsən.

- Bəzi kişilərin ən zəif nöqtəsi pul və qadındır... Bəs sizdə?
- Yox, məndə nə puldur, nə qadın. Ən zəif nöqtəm qarnımdır. Aclığa heç dözümüm yoxdur.

- Buna görə evdə dava salmırsız ki?
- Əlbəttə, mən ac olanda qarşıma heç kim çıxmamalıdır. Mən yeyəndən sonra sakitləşirəm, yoxsa it kimi oluram. Mənim üçün evdə xüsusi yeməklər hazırlanır, çünki hər xörəyi yemirəm.

- Bezmirlər sizdən?
- Çarələri yoxdur, çünki onlar buna məhkumdur.

- Elə söz düşmüşkən, ən zəhlətökən xüsusiyyətiniz hansıdır?
- Son dərəcə "mız-mız"am. Hər şeydə qüsur axtaran adamam, mənimlə işləynə uşaqlar bunu bilir.

- Bəs hansı xüsusiyyətinizlə öyünürsünüz?
- Hədəfə çatmaq üçün əlimdən gələni edirəm.

- Nə əcəb saçınızı boyamırsınız?
- Əstəğfurullah. Saçımın belə gümüşü rəngdə qalması üçün xaricdən xüsusi şampunlar gətizdirirəm.

- Demək ki, kompleksiniz yoxdur?
- Əksinə, bununla aparıcılar arasında seçilirəm.

- Həsəd apardığınız həmkarınız varmı?
- Var, o Amerikada yaşayan Çimmi Kimmeldır. Onu çox bəyənirəm. Amma onun kimi veriliş aparsam, onda gərək məni ölkədən deport etsinlər.

- Barı onun yaşadığı lüks həyatı siz də yaşaya bilirsinizmi?
- Yox, nə qlamur, nə də lüks həyat yaşamıram. Sakit həyat yaşayıram.

- Bunun üçün pulunuz yetirmi?
- Mənə görə yetir. ATV kanalı hər zaman mənim kaprizlərimi yerinə yetirir.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR