Yeni baş nazir İsrail- Azərbaycan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH

Yeni baş nazir İsrail- Azərbaycan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH
İsrailin növbəti baş nazirinin Naftali Bennet olacağı gözlənilir.  
 
Naftali Bennet millətçi, radikal yönümlü siyasətçi kimi tanınmaqdadır. Bu baxımdan bəzi mütəxəssislər Bennetin baş nazir seçiləcəyi təqdirdə ölkə siyasətində dəyişikliklərin olacağını deyir.

Bəs, görəsən, sözügedən dəyişikliklər İsrail-Azərbaycan münasibətlərinə necə təsir edəcək? Yeni nazirin Ermənistanla yaxınlaşma ehtimalı varmı?

Məsələ ətrafında Sfera.az-a danışan deputat Azər Badamov Naftali Bennetin hakimiyyətə gəlməsinin ölkələrimiz arasındakı münasibətlərdə hansısa dəyişikliklə nəticələnməyəcəyini bildirib:

"İsraildə Naftali Bennettin hakimiyyətə gəlməsi İsrail-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilməz. Çünki İsrail dövlətinin Azərbaycan siyasəti müəyyənləşib və bu siyasət hər iki ölkəyə böyük uğur gətirib. Hazırda Azərbaycan və İsrail münasibətləri əməkdaşlıq dövrünün inkişaf mərhələsini yaşayır və bu özünü həm iqtisadi, həm də siyasi meydanda göstərir. İsraildə Azərbaycan əsilli şəxslərin diasporu var və bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhvəsini verir. Azərbaycanın İsraildən hərbi texnikalar alması, İsrailin Azərbaycandan kabrohidrogen resurslarını idxalı etməsi də əməkdaşlıqda mühüm yer tutur. Bu əlaqələrin möhkəmlənməsinə, baş nazirin xələl gətirəcəyini düşünmürəm. Yəni münasibətlər daha da inkişaf edib, güclənəcək". 

Deputat İsrail-Ermənistan münasibətlərinin perpsektivlərindən də danışıb. Millət vəkili iki ölkənin yaxınlaşmasının mümkünsüz olduğunu qeyd edib:

"İsrailin Ermənistanla münasibətlərinin bundan sonra möhkəmlənməsində hansısa əsas yoxdur. Çünki iqtisadi əməkdaşlıq məsələsində Ermənistanın İsraildən alacağı, yaxud sata biləcəyi nə isə yoxdur. Siyasi sahəyə gəldikdə isə İsrail 44 günlük müharibə dövründə də açıqlamışdı ki, Azərbaycanla müharibə aparan hansısa ölkəyə silah satmayacaq. Yəni bu bizim ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olacağına bir nümunədir". 
 
Qeyd edək ki, İsrailin ən böyük müxalifət partiyası "Yeş Atid”in lideri Yair Lapid ölkə prezidenti Reuven Rivlinə hökumət koalisiyası qurduğunu bildirib. 
"Yamina” partiyasının sədri Naftali Bennett baş nazir olacaq, "Yeş Atid”in sədri Yair Lapid isə alternativ baş nazir olacaq. Təxminən iki ildən sonra növbə dəyişikliyi olacaq və bundan sonra "Yeş Atid” partiyasının sədri Yair Lapid baş nazir vəzifəsini icra edəcək, "Yamina” pariyasının sədri Naftali Bennett isə alternativ baş nazir olacaq.


Əzizə Zeynal
Sfera.az 



OXŞAR XƏBƏRLƏR