Ölkənin giriş qapısından başlayan işgəncə - Emin Əfəndi yazır

Ölkənin giriş qapısından başlayan işgəncə - Emin Əfəndi yazır

Çoxdan eşitmədiyimiz “Taksi lazımdır, taksi?” ifadəsinə indi cəmi iki yerdə - “Şamaxinka”da və Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında tez-tez rast gəlmək olar.

 

Birinci yerdə bu, nisbətən normal səslənsə də, ikinci məkanda bu vəziyyət biabırçı səviyyədədir. Bakımızın qapısı olan hava limanını idarə edən insanların sonuncu dəfə Azərbaycandan kənarda hansı aeroportda və nə vaxt gəzib dolaşdıqları mənə çox maraqlıdır.

 

Adamın üstündə Allah var. Ümumiyyətlə, aviaşirkətlər arasında seçim edəndə mən həmişə AZAL-a üstünlük verirəm. AZAL mənim üçün rahat və təhlükəsiz uçuş deməkdir.

 

Xırda və yalnız mənə aid olan qıcıqlandırıcı detalları nəzərə almasaq, aeroportumuzun gömrük, sərhəd, təhlükəsizlik, baqaj təhvil alıb vermə və sırf uçuşa aid olan xidmətləri, doğrudan da, saat kimi işləyirlər. Lakin rahatlıqla Vətənə qayıdandan sonra artıq narahatlıq dəqiqələri başlayır. Əslində, o anlar bir az daha öncədən — ölkəni tərk edərkən başlayır. Hava limanının parkinqi.

 

Taksi və yaxud yaxın dostun maşını ilə hava limanına getsən, bilməlisən ki, səni düz qapıya qədər gətirmək mümkün olmayacaq. Gördüyüm aeroportlardan fərqli olaraq niyəsə bizdə bu, yalnız “VIP” və ya “hörmətli” maşınlara və onların sahiblərinə aid olan rahatlıqdır.

 

“VIP” olmadığımızı nəzərə alıb və boynumuza qoyub bizi heç parkinqin nə birinci, nə də ikinci xəttinə buraxacaqlar. Ona görə də məcbur olursan ki, öz çamadan şəklində olan xaçını özün daşıyasan. Bir çamadan olsa, heç nədir. Amma yarının da bir neçə çamadanı olsa, bax bu, artıq əsl problemdir. İşgəncə elə bundan sonra başlayır. Bu zaman avtomobillər, taksilər və çamadanlı sərnişinlər sənin üçün ümumi bir xaos yaradır.

 

Avtomobilsiz sərnişinlər baqajları ilə birgə daha üstün formada aeroportun işıqlarına doğru irəliləyib xaosdan əziyyətlə də olsa, tez çıxa bilirlər. Avtomobili olan sərnişinlər isə digər maşınlara, baqajlara, piyadalara və “Taksi lazımdır, taksi?” mahnısının ifaçılarına toxunmadan çıxmağı bacarmalıdırlar.

 

Bunları nəzərə alıb, öz maşınımla gəlib taxta və yaxud bərk kartondan olan parkinq biletini götürüb, təvəzökarlıqdan və gözdən uzaq bir yerdə saxlayıb, çamadanları götürüb, gəlib çıxıram Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının binasına.

 

Yuxarıda qeyd etdiyim kimi adamın üstündə Allah var. Rahat şəkildə ölkəni tərk edib, bu xırda, xoşa gəlməyən detalları unudub ölkəni tərk edirsən.

 

Qayıdış!

 

Daha da ağırlaşan və nədənsə çoxalan baqajlarımızı götürüb, ölkəmizin əsas qapısından çıxıb evimizə doğru getməyə can atırıq. Evə çatmaq üçün bir neçə sadə və ardıcıl addım atmaq kifayətdir.

 

İlk növbədə taxta və yaxud bərk kartondan olan parkinq biletini tapıb pulunu ödəmək lazımdır.

 

Bakıda çoxdandır ki, əksər parkinqlərin ödənişlərini telefondakı bank tətbiqləri vasitəsilə çox sadə və operativ şəkildə ödəmək mümkündür, bircə hava limanından başqa.

 

Ona görə də manatımızın olmadığını görüb çoxalmış və ağırlaşmış çamadanlarla bankomat axtarmağa başlayırıq. Nəyəsə görə aeroport ərazisində yalnız “Premium Bank”ın bankomatlarına rast gəlməyimiz bizi heç cür təəccübləndirmir.

 

Bankomat da sağ olsun, bizə pulları yeni 5 və 20 manatlıq əskinaslarla verir. Azərbaycan pulları, parkinq bileti və baqajlarımız ilə avtomobilimizi tapıb, çamadanları yerləşdirib ərazidəki parkomatlara yaxınlaşıram.

 

Yenə də avtomobillər, taksilər, baqajlı və baqajsız sərnişinlər və ən əsası “Taksi lazımdır, taksi?” mahnısının ifaçıları arasından gəzib-dolaşıb, bir dənə də olsun işlək parkomat tapmayıb qayıtdım maşınıma. İrəlidə, şlaqbauma çatmamış 10-15 parkomatdan ibarət məntəqənin olduğunu yadıma salıb getdim ora.

 

Yenə də “adamın üstündə Allah var” bütün parkomatlar orada da işlək vəziyyətdə Beynəlxalq Hava Limanımızı tərk etmək istəyən avtomobil sürücülərini səbirsizliklə gözləyirdilər. 

 

Budur, bir neçə dəqiqədən sonra rahatlıqla evə getmək olar, əgər bir tərslik olmasa.

 

Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərinin əsas qapısı Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanının parkomatı Azərbaycan Respublikasının pul vahidi Azərbaycan Manatını yeni əskinaslar olduğundan qəbul etmir. Bütün bu halları nəzərə alaraq sürürəm düz şlaqbaumun yanına.

 

Ofisin içindəki əməkdaşın problemi tam öyrənəndən sonra mənə “bu, bizim problem deyil, “Premium Bank”ın problemidir” deməyi isə mənə bu çoxlu hərflər və cümlələrdən ibarət olan yazını yazmağa məcbur etdi.

 

Xanımlar və cənablar!

 

Çoxdan eşitmədiyimiz “Taksi lazımdır, taksi?” ifadəsinə indi cəmi iki yerdə: Şamaxinkada və Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında tez-tez rast gəlmək olar.

 

Məndən bu qədər.


OXŞAR XƏBƏRLƏR