Milli-mənəvi dəyərlərimizə bəslənilən ali münasibət qürurvericidir
Dövlətimizin başçısı və Mehriban xanım Əliyeva bu səfər çərçivəsində "Ağdam-1” və "Ağdam-2” elektrik yarımstansiyalarının, "Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında, eləcə də Xalça istehsalı müəssisəsinin, "Park Forest Otel Ağdam” mehmanxanasının , 209 mənzildən ibarət yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının və Ağdam Sənaye Parkında iki müəssisənin təməlqoyma mərasimində iştirak etdilər. Artıq Ağdama qaz və içməli su xəttinin, avtomobil və dəmir yollarının çəkilişinə də start verilib. Bərdə-Ağdam avtomobil yolunun bir ilə hazır olacağı gözlənilir, Füzuli-Ağdam avtomobil yolu isə Ağdamı Füzulidəki Beynəlxalq Hava Limanı ilə əlaqələndirəcək.
Bütün bu işlərin fövqündə dəyərlərimizə bəslənilən münasibət xüsusilə qürurvericidir. Ağdam Cümə məscidi ilə yanaşı, azad olunmuş torpaqlarımızda dini məbədlərimizin və tarixi abidələrimizin mütləq əksəriyyətinin bərpası və yenidən qurulması işini Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb. Prezident İlham Əliyevin Ağdamda verdiyi açıqlama bir daha göstərdi ki, bütün bu təşəbbüslər milli-mənəvi dəyərlərimizə ruh bağlılığından və onlara dərin hörmətdən irəli gəlir:
"Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına ştart verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır”.
Dövlətimizin başçısı və Mehriban xanım Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi-İmarət kompleksini ziyarət etməklə milli-mənəvi dəyərlərimizə bəslədikləri ali münasibəti bir daha ortaya qoydular. Heç şübhəsiz, bu səfərlərin hər birini cəmiyyətimizlə yanaşı, torpaqlarımızda vandallıq etmiş ermənilər və onların hamiləri də izləyir. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq və bərpa işlərinin miqyasını, ən başlıcası, Prezident İlham Əliyevin iradə əzmini onlar da görür. Azərbaycan vətəndaşları və Azərbaycanı sevənlər bu səfərləri qürur hissi ilə, erməni vandalları və bədxahlarımız isə paxıllıqla təqib edirlər. Görürlər ki, 28 il boyunca viran etdikləri torpaqlara həyat yenidən qayıdır. Prezident İlham Əliyevin hər kəlməsi Ermənistan üçün bir xəbərdarlıqdır, sərsəm xülyalarından və xəstə təxəyyüllərindən çəkinməyə çağırış, dinc birgəyaşayışa dəvətdir:
"Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”
Ülvi Quliyev
Milli Məclisin deputatı






