ABŞ Rusiyanın işğalçı addımlarına niyə susur? - Anoloji susqunluq...
Sual olunur: Bəs İkinci Qarabağ müharibəsi zamanı ABŞ niyə susurdu?
Çox adam bunu ABŞ-ın Azərbaycana dəstəyi kimi şərh edirlər. Bu amil də var. Ancaq məsələ tamam başqadır. Əslində Qarabağ müharibəsi zamanı ABŞ-ın susqunluğunun əsas səbəbi Rusiya qoşunlarının "sülhməramlı” adı altında Azərbaycana (Qarabağa) daxil olmasına verilən dəstək idi. ABŞ məhz buna görə susurdu. Deyək ki, ABŞ Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə dəstəkdən dolayı susmaqla bizə dəstək verdi. O zaman rus hərbi kontingentinin Azərbaycana daxil olmasına görə niyə zərrə qədər narahat olmadı? Məgər ABŞ bilmirdi ki, bu müharibənin sonunda Rusiya öz qoşunlarını Qarabağa yeridəcək?! Azərbaycanda hələ də ABŞ-dan demokratiya dilənən qüvvələr əslində məhz bundan sonra Qərbə ümidlərini birdəfəlik kəsməli idilər. Rusiyanın Azərbaycana daxil olmasının bircə yolu var idi və bu, yalnız Qarabağda reallaşa bilərdi: "Azərbaycanın qələbəsi”, "Ermənistanın məğlubiyyəti” tanındı və proses icra olundu. Rusiya Ermənistanı da zəif, məğlub hala gətirməklə İrəvanda öz taxt-tacını yenidən bərqərar etdi. ABŞ Qarabağ müharibəsi zamanı necə susdusa, Qazaxıstanda da eyni cür susqunluq nümayiş etdirdi.
Qazaxıstan SSRİ-dən ayrılan zaman ölkədəki əhalinin az qala yarısı ruslardan, xristianlardan ibarət idi. Ancaq Nazarbayevin apardığı milliləşdirmə siyasəti nəticəsində ölkədə türklərin sayı 70%-ə qaldırıldı. Elə dünənə qədər də qeyri-türklərin yaşadığı Qazaxıstanın şimalı Rusiyanın nəzarətində idi.
Rusiya digər ölkələrin əraziləri hesabına öz coğrafiyasını və iqtsiadi gücün genişləndirir.
Bu günə qədər Gürcüstan, Moldova, Ukrayna Rusiyanın hərbi təcavüzünə məruz qalıb. Qarabağ müharibəsindən sonra Moskva öz hökmranlığını Ermənistanda da yenidən bərpa elədi. 2020-ci ildə Belarusiyada baş verən kütləvi aksiyalardan sonra Rusiya orada da özünün üsul-idarəçiliyini yaratmış oldu. Bu gün artıq Qazaxıstandadır. Sabah bu ölkələrin hər biri ağır sınaqlar qarşısında qalmış olacaq.
Rusiya rəsmən imperializm və işğalçılıq siyasəti yürütsə də, bütün bunları "xoşməramlı” addım kimi dünyaya çatdırmağa çalışır. Elə buna görə də Putindən sonra Rusiyanın daxilində ciddi problemlər baş qaldıracaq. Ssenarinin müəllifi bu dəfə də ABŞ olacaq.
Samir Feyruzov






