Tarix təkrarlanır!
Sfera.azxəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat bildirib: "Şahidi olduğumuz bu cür ayrıseçkiliyə və haqsızlığa baxmayaraq, şəhidlərimizin və qazilərimizin həyatı-qanı bahasına, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti hesabına, xalqımızın tarixi birliyi və əzmi sayəsində tarixi ədalət bərpa edildi. Bilmirəm, indi söyləyəcəyim fikirlə razılaşmayanlar olacaq ya yox, amma yenə də əminəm ki, düşmənin belini məhz savaş meydanında sındırmasaydıq, şəhidlərimizin qisasını üzbəüz döyüşdə almasaydıq və bütün dünyaya xalqımızın döyüşkən ruhunu göstərməsəydik, bu tarixi qələbəmiz indiki qədər milli ruhumuzu oxşamazdı! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin.”
Ü.Quliyev qeyd edib ki, Qarabağ 30 ildən sonra öz doğma övladlarının qanı ilə paklaşdıqdan sonra azadlığına qovuşdu. Bu gün şəhidlərimizin ruhları şaddır. Çünki azad etdikləri Füzulidə Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Hava Limanı açılır, artıq Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun çəkilişi də tamamlanır. 39 il əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada ucaldılmış və 29 il əvvəl erməni vandalları tərəfindən dağıdılıb-sökülən Molla Pənah Vaqifin məqbərəsi məhz Heydər Əliyev Fondu tərəfindən bu gün bərpa olunub, böyük şairimizin büstü ucaldılıb. Prezident İlham Əliyevin Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi elan etdiyi Şuşada Üzeyir bəy Hacıbəylinin abidəsi qoyulub, Bülbülün ev-muzeyi yenidən bərpa olunub. Erməni vandalları tərəfindən yararsız hala salınan "Qarabağ” hoteli də ən yüksək standartlara uyğun şəkildə bərpa edilərək istifadəyə verilib. Verilib ki, Şuşaya səfər edən hər kəs, o cümlədən xarici qonaqlar da Şuşa qalasına açılan mənzərənin möhtəşəmliyini və ən başlıcası, Vətən torpağına yiyəlik münasibətini görə bilsinlər...
Düz 39 il əvvəl, 29 iyul-3 avqust tarixlərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşada Vaqif Poeziya Günləri təşkil olunmuşdu. 29 ildən sonra azadlığına qovuşan Şuşada Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən Vaqif Poeziya Günləri keçirilir. Bütün bunlar bu illər ərzində siyasi riyakarlıq edənlər, ilk növbədə, Ermənistan və onun hamiləri üçün o deməkdir ki, Şuşanın, Qarabağın və Şərqi Zəngəzurun əsl sahibləri tarixi torpaqlarına birdəfəlik, əbədi qayıdıblar. Bəlkə bu miqyasda həyata keçirilən bərpa-quruculuq işlərini gördükdən sonra anlayalar ki, torpağa yadelli münasibətlə doğma münasibətin fərqi nədədir. Anlasalar da-anlamasalar da, aşağıdan Şuşaya boylananlar fərqi artıq bilirlər, görürlər və bundan sonra da görəcəklər. Zərrə qədər şübhə etmirəm ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Qarabağa hər səfərini və Prezidentimizin hər çıxışını Ermənistan hakimiyyəti ilə yanaşı, erməni cəmiyyəti də hərisliklə izləyir. Ona da əminəm ki, Prezidentimizin Molla Pənah Vaqifin məqbərəsi önündə səsləndirdiyi bu fikirlər Ermənistan hakimiyyətini və ona açıq-gizlin şəkildə hamilik edənləri növbəti dəfə silkələyəcək: "Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.
Ermənistan hakimiyyəti qalsın bir tərəfdə, amma erməni cəmiyyəti bu həqiqəti bilməlidir: müstəqil Azərbaycanın yeni nəfəsi və tarixi ədalət hissi ona görə bu qədər güclüdür ki, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsini hətta sovet ideologiyasının hökmranlığı dövründə ucaltmağa qadir olan Böyük Heydər Əliyevin Prezident İlham Əliyev kimi iradəli və qətiyyətli davamçısı var və artıq o, müstəqil Azərbaycan dövlətinin, məğlubedilməz Azərbaycan xalqının müzəffər simvoluna çevrilib. Ermənistan buna da şəkk etməməlidir ki, Azərbaycanda Xalq və Prezident birliyinin təcəssümü olan Ali Baş Komandanımızın o dəmir yumruğu indi daha güclüdür. Çünki bu yumruqda rəhbər qətiyyəti və sərkərdə bacarığı ilə ümumxalq etimadı birləşir. Ona görə də nə qədər gec deyil, daşı ətəklərindən töküb onlara sevimli bacı deyənlərin, qılınc bağışlayanların, uydurduqları soyqırımı tanıyanların siyasi oyunlarında alətə çevrilməkdənsə, Azərbaycan Prezidentinin sülhə və dinc birgəyaşayışa çağırışına əməl etmələri həm özlərinə, həm də bölgəyə faydalı olar, hamiləri isə Ermənistan kimi mənasız alətə görə gərəksiz vaxt və maliyyə itkisindən canını qurtarar.
(Azertac)






