Logo

Qəbiristanlığın da forması dəyişib

Qəbiristanlığın da forması dəyişib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Füzulinin işğalından 28 il ötmür.  Keçmişə dönən işğal günündə, işğaldan azad olmuş Füzuli haqda 30 ildir həsrət qaldığım kəndimdə yazmaq istərdim təəssüratlarımı. Hətta feysbukun hazırda harda olduğunu göstərən qeydinə "Füzuli” yazmaq istərdim.

Amma azadlıq ildönümünə 2 aydan da az vaxt qalsa da, çox təəssüf ki, hələ ki kəndimizi də, rayonumuzu da görə bilməmişəm. Qəlbindəki həsrətin 28-29-cu yaşını bu gün də Füzulidən uzaq qeyd edən onminlərlə füzulili kimi o müqəddəs torpaqlara ayağımın dəyəcəyi günü səbirsizliklə gözləyirəm. Bəlkə 30 gün, bəlkə 30 həftə sonra kəndimə, rayonuma gedəcəm. Həsrətin yaşı bir az da uzanmaz inşallah!

Getməsəm də, videolardan, şəkillərdən görmüşəm kəndimizi. Ən darmadağın xəyallarımda belə, bu qədər viran deyildi. Ən yaxınından çəkilmiş videolarda belə, evimizin yerini tapa bilmirəm. Adam evinin yerini unudarmı heç?? Unutmamışam axı, evimiz yerində yoxdur. Bir daşı, bir kəsəyi, bir qurumuş ağacı belə yoxdur ki, onu səmt bilib tapım evimizi. Bizim evimiz dikdə yerləşirdi, yanından maşınların da hərəkət etdiyi yol keçirdi, yolun o biri üzü dərə idi. İndi nə dərə var, nə də dik. Və o dərənin dikə qarışdığı, yolun yoxa çıxdığı o yerdə, mən evimizin yerini tapa bilmirəm. Sanki zəlzələ olub yerin altı üstünə çevrilib. Evimizin həyətindən sonra çəpər  başlayırdı. Ağaclarımız da, bostanımız da o çəpərin içindəydi. Çəpərin qurtaracağından "Zamanazuuuuu” deyib qışqıra-qışqıra evimizin arxa divarının tininədək qaçardıq. Dünyanın ən uzun "U”suydu o. İndi o çəpərin hardan başlayıb, evimizin hardan bitdiyini tapa bilmirəm videolarda. Bu dəfə də boğazımın lap dərinliyindən uzun bir "U” səsi çıxır. Amma bu "U” daha çox ulartıya bənzəyir, içində o şən bağırtı yoxdur.

Bizim darvazamız yox idi. O yoldan kəndin aşağı-yuxarısına gedən hər kəs nəfəsini bizim həyətdə dərərdi. Nənəmin samovar çayından içməmiş, yollarına davam etməzdilər. Hətta bəzən yoldan kimsə keçməyəndə nənəm darıxardı, dodağının altında deyinərdi ki, elə bil kənd köçüb. Kənd camaatının bir hovur dinclik yeri olan həyətimizi tapa bilmirəm şəkillərdə...

Kəndimizin indiki halına videolarda baxan bir dostum, yer üzündən silinmiş kəndimizi görəndə nə hiss etdiyimi soruşdu: Əzizinin bir qəzadan ölüm xəbərini eşidəndən bir az sonra sağ qaldığını, amma hər iki ayağının və qolunun qopduğunu desələr, nə hiss edərsənsə, onu yaşayıram- sevinc, kədər, şükranlıq, ağrı- dedim.

Bir-iki ay əvvəl kəndə gedən qonşularımızdan biri deyib ki, ilan sürüsünün əlindən kəndə giriləsi deyil. Kəndimizdə ilan olduğunu heç xatırlamıram mən. Naxır növbəsi bizdə olanda kəndin lap yuxarısındakı dağa babama çörək aparanda görərdik ilan-çəyəni- o da lap uzaqdan. İndi evləri viran olmuş, bulaqları kəsilmiş, ağacları qurumuş kəndimizdə ilanlar at oynadır.  Kəndimizin işğalından sonra uzun illər ilanlar mənim yuxularımın kabusu olmuşdu. Az qala hər gecə yuxumda atamın qəbrini axtarırdım,  saatlarla axtarandan sonra bir dağılmış, kimsəsiz qəbir tapırdım və o qəbrin yanında çoxlu deşiklər olardı. Yuxumda kimsə deyirdi ki, bu ilan yuvalarıdı və mən bu zaman boğula-boğula yuxudan ayılırdım.  Bütün günü yuxunun təsirində olardım ki, ilan atamın qəbrinə girib.

O gün kənd qəbiristanlığının videosunu göndərdilər mənə- dağılmış, uçulmuş, kol basmış. O dağılmış, uçulmuş qəbirlərin içində yenə atamın qəbrini tapa bilmədim. Yadımdadır ki, qara, böyük mərmər daşlı idi. Qəbiristanlığın ən yaraşıqlı qəbriydi atamın məzarı. Amma o videoda yoxdu elə qəbir. Qəbiristanlığın da forması dəyişib. Xatırlayıram, elə deyildi bizim qəbiristanlıq.  Atamın məzarı qəbiristanlığın girişindən düz axıra kimi gedəndə sağ tərəfdəydi, ondan aşağı qəbir yox idi. Atamı dəfn edəndən 5-6 ay sonra kəndimizə hücum elədilər, evimizi topla dağıtdılar. O qısa müddətdə kənddə elə çox ölən də olmamışdı ki, qəbiristanlıq böyüsün.

Bilirəm ki, indi getsəm, səmti tutub taparam atamın qəbrini, dağılmış olsa da, yerini taparam. Mənim o məzara çox ehtiyacım var. 30 ildir mən atamı bir ürəkdən ağlaya bilməmişəm, hönkürtüm həmişə boğazımda düyünlənib, çıxmayıb çölə. Atam üçün tökə bilmədiyim göz yaşı, deyə bilmədiyim ağılar qat-qat ərp tutub ürəyimdə. O ərp ancaq o məzarın üstündə təmizlənə bilər. Mənim o kəndə getməm lazım, mənim o məzarı tapmam lazım..

Sülhiyyə Şirinova

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR