Müharibə görməyən həmin uşaq böyüyüb
Müharibə görməyən həmin uşaq böyüyüb, kitablardan tanış olduğu erməni vəhşiliyinə indi özü şahiddir. Yenə yatdığı yerdə öldürülən körpə Mədinələr, həyətdə oynadığı zaman qətlə yetirilən balaca Aysular, xəyalları yarıda qalaraq həlak olan insanlar, dağıdılaraq yerlə yeksan edilən binalar... Bu mənzərə soyqırımı xatırlatsa da, bir fərq var. O zaman məğlub olduq, bu dəfə isə qalib tərəf bizik.
Mən həyatda karma qanuna çox inanıram. O gün olsun, torpaqlarımız işğaldan azad olsun cümləsindəki həmin "o günü” yaşayırıq. Çünki söz böyük qüvvədir. Düzdür, mən də ümidsiz olmuşam, hər dəfə efirdə erməni silahlı qüvvələrinin atəşkəsi pozması xəbərini səsləndirəndə, görəsən, bu işğala nə vaxt son qoyulacaq deyə gileylənmişəm. Amma karmanın da öz vaxtı var. İndi həmin andayıq. Hər gün efirlərdə, saytlarda işğaldan azad edilmiş ərazilərimizin adları sadalanır, hamı zəfər xəbərlərinə sevinir.
Dünya ədalətsiz ola bilər, amma Tanrı ədalətlidir. Tezliklə şanlı Azərbaycan Ordusunun gücü gündəliklərin ilk səhifəsindəki qan yaddaşı bölməsini tamamilə yeniləyəcək, tarix dərsliklərində torpaqlarımızın azad edildiyi günlərin xronologiyası qeyd ediləcək. Şagirdlərin inşa mövzuları, rəsm əsərləri də qələbəyə həsr olunacaq. Bu gələcək zaman şəkilçisi isə yaxın günlərə hesablanıb.
Bütün İlahi qüvvələr əsgərlərimizi qorusun!
Jurnalist, gənc yazar
Fidan Əliheydər






