Bütün media resursları vasitəsilə sosial şəbəkə üzərindən dünyaya səslənməliyik - Deputat
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib. debutat bildirib:
"Ağdamda lentə alınan kadrlar həddindən artıq təsirlidir. Şəhər həqiqətən də ruhlar diyarını xatırladır. Ağdamın daşı daş üstə qalmayıb. Bu faktlar beynəlxalq KİV-lər tərəfindən araşdırılmalı, 30 il ərzində Ağdamın niyə bu miqyasda terrora məruz qalmasının səbəbləri öyrənilməlidir. Hər zaman faktlara istinad edən dünya mediası üçün bundan böyük fakt ola bilməz.
30 illik işğal göstərdi ki, ermənilər Azərbaycana qarşı həyata keçirdikləri etnik təmizləmə və işğal siyasəti zamanı terrorun bütün növlərindən istifadə ediblər. Bölgədə insanlıq əleyhinə cinayət, mədəni terror, ekoloji terror məhz ermənilər tərəfindən azərbaycanlılara qarşı Azərbaycan ərazilərində törədilmişdir.
Sadəcə, indi bu faktların izinə düşmək həm də həqiqətin izinə düşməkdir. Ermənilər Azərbaycan ərazilərini darmadağın etməklərinin, soydaşlarımıza məxsus məzarların dağıdılmasının izahını verməlidirlər. Ağdamdakı Şəhidlər Xiyabanının hazırki mənzərəsi dözülməzdir. Məscidlərdən tövlə məqsədi ilə istifadə etmək təhqirdir. Tarixi abidələrin saxtalaşdırılmasına dair onlarla fakt var. Mədəni irsin araşdırmaçıları bu bəşəri dəyərlərin mühafizəsini gözardı etməməlidir. Bu faktların araşdırılması və monitorinqi üçün təşəbbüslə çıxış etməlidirlər. Bu böyüklükdə faktlara qarşı yenə ikili standartlarla yanaşmaq yolverilməzdir".






