Xaricə satdığımızdan 4 dəfə çox qeyri-neft malları alırıq

Xaricə satdığımızdan 4 dəfə çox qeyri-neft malları alırıq
Azərbaycanın qeyri-neft sektoruna aid olan mallarının ixracı artsa da, hələ də bu növ malların xarici ticarətində böyük kəsr var. 

Sfera.az 2021-ci ilin birinci yarısı üçün tədiyə balansına aid göstəricilərə istinadən bildirir ki, Azərbaycanın qeyri-neft mallarının ixrac dəyəri 1,064 milyard dollar olduğu halda, idxal dəyəri 4 milyard dollar təşkil edib. Buradan göründüyü kimi, ilin birinci yarısında qeyri-neft mallarının idxalı ixracından 3,76 dəfə çox olub. 

Başqa sözlə, birinci yarımildə Azərbaycan xaricə satdığından təxminən 4 dəfə çox qeyri-neft malı alıb. 

Bununla belə qeyd edək ki, ilin birinci yarısında qeyri-neft sektoru üzrə xarici ticarətdə müsbət dəyişiklik baş verib. Belə ki, idxal 0,7 faiz artdığı halda, ixrac 19,8 faiz artıb. 

Qeyri-neft idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (5,7 dəfə), şəkərin (47,6%), dəmiryol nəqliyyat vasitələrinin (2,7 dəfə), əczaçılıq məhsullarının (40,2%), minik avtomobillərinin (39,3%), tütün və tütün məhsullarının (28,5%), mebel məhsullarının (25,3%), ağac məmulatlarının (15,8%), dənli bitkilərin (15,5%), tərəvəz məhsullarının (9,2%) və kağız məmulatlarının (8,1%) idxalı artmış, uçuş aparatlarının (6,6 dəfə), metalların (39,6%), sabun və yuyucu vasitələrin (10,4%) idxalı isə azalıb.

Qeyri-neft mallarının idxalının 20,2 faizi (806 milyon dolları) qida məhsullarından ibarət olub. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR