Vüsalə Mahirqızı: \"Bunun arxasında kim var\" deyən kişilər evdə öz qadınlarına ...” - VİDEO

Vüsalə Mahirqızı: \
 AZXEBER.COM-un "Uğurlu qadın" layihəsinin qonağı "APA Holding"in rəhbəri Vüsalə Mahirqızıdır.
 
- Layihəmizin adı "Uğurlu qadın”dır. Vüsalə Mahirqızı özünü uğurlu qadın hesab edir?

- Mən ümumiyyətlə özümü uğurlu insan hesab edirəm və düşünürəm ki, cəmiyyətin böyük əksəriyyəti də mənim haqda belə düşünür və səhv etmir. 

- Deyirsiniz ki, uğurlu insansız. Uğurunuzu nədə görürsünüz?

- Mənim artıq 40 yaşım var və mən 17 yaşıma qədər Ucar rayonunun Lək kəndində yaşamışam. Kasıb bir müəllim ailəsində böyüyən, Lək kəndindən çıxıb heç bir xüsusi imtiyazları olmayan, hətta məktəbə getmək üçün yol pulu çətinliklə tapan bir gənc bu gün Azərbaycanda tanınan böyük bir media şirkətinin rəhbəridir. Ölkədə 100 tanınmış qadın arasında adım çəkilir, mən hesab edirəm ki, bu yaxşı haldır. Bu eyni zamanda Azərbaycan xanımları üçün də stimuldur. Bəzən deyirlər ki, əgər sənin ailə üzvlərindən məşhur adamlar yoxdursa, əgər sənin pullu atan və ya qardaşın yoxdursa, uğurlu mövqedə ola bilməzsən. Mən hər zaman bunu deyən insanlar üçün örnək olaraq özümü göstərirəm. Bunun ən yaxşı örnəyi mənəm. Mənim heç bir ailə dəstəyim olmayıb. Ancaq ailəm mənə mənəvi dəstək olub. Mən hər zaman deyirəm ki, atam mənim arxamda dayanmasaydı, bizi bu qədər açıqfikirli böyütməsəydi, indi Vüsalə Mahirqızı yox idi. Ancaq ailəmin mənə verəcəyi imtiyazlar olmayıb. Bəli, sonrakı mərhələlərdə məni dəstəkləyən dəyərli böyüklərim olub. Bu insanların hər biri mənim istedadımı, qabiliyyətimi, hansısa bacarığımı dəstəkləyiblər. Mən bu dəstəyi qazanmaq üçün çox çalışmışam və əziyyət çəkmişəm.  
 
- Bəs qazandığınız bu uğurların fonunda itkiləriniz çox olub?

- Əlbəttə, bu gün 40 yaşında olan adam üçün bir neçə narahatlığım var ki, bu yaşda olan biri üçün bu çox tezdir. Olmamalıdır əslində. Mən 16 ildir ki, elə bir gecə yoxdur ki, iki-üç dəfə oyanıb, sayta baxmayım. Bu istər istəməz insan sağlığında problem yaradır. Bəzi adamlar deyir ki, mən işimi ailəmə qurban vermişəm, bu sözlər mənə bir az pafoslu gəlir. Bir yerdə olmağı heç kimdən xahiş etmirlər. Əgər kimsə hansısa bir statusda, vəzifədə, hansısa bir mövqedədirsə, əmin olun ki, həmin adamlar özləri xahiş edib, özləri dəstək istəyib, bu yerə gəliblər. Bu gün mənə işimdən istefa verməyə heç kim mane olmur. Əgər bir adam bir yerdədirsə, artıq onun itkilərdən danışması pafoslu səslənir. İtirdiklərim yox, qazandıqlarım çox olub. Bir kənddən çıxıb gəlmiş qız bu gün sayılıb, seçiləndirsə, jurnalistikada 2-3 nəfərin örnək bildiyi şəxsdirsə, bunların hamısı uğurum və qazancımdır. Bunların qarşısında itirilən şeylər çox minimal görünür. 
 
- İşiniz çox gərgindir, bəs iş ilə ailə arasında balansı qoruya bilirsiniz?

- Ümumiyyətlə, mən hesab edirəm ki, insanlar ya hər yerdə uğurludurlar, ya da hər yerdə uğursuz. Kimsə deyirsə ki, ailəyə vaxt ayırmağa iş imkan vermir bunların hamısı boş söhbətlərdir. Sizi əmin edirəm ki, işləməyən bəzi qadınlar var ki, onların evi mənim evimdən səliqəsizdir. 
Suala gəlincə bütün günümü ailəmə həsr edirəm desəm yalan olar. Ailəyə vaxt ayırmaq diqqətdir, bəzi məqamlarda problemərin üzərinə yeriyə bilməkdir. Mən deyə bilərəm ki, ailə və iş vaxtımı kifayət qədər yaxşı bölüşdürə bilirəm. Bir az daha çox vaxtım olsaydı, qızıma daha çox vaxt ayırardım. Çünki mənə elə gəlir ki, onun böyüməyi çox sürətlə oldu və mən o prosesdə çox az iştirak etdim.

- Bir qadın kimi özünüzü xoşbəxt hiss edirsiniz?

- İnsanı xoşbəxt edən iki amil var – huzurlu ailə və sevdiyi işlə məşğul olmaq. Mən hər zaman hesab edirəm ki, bu iki şey insan həyatını sona qədər götürür. Bu iki seçim uğurlu olubsa, insan normal həyatını yaşaya bilir. Bunun kişi və ya qadın olmasının fərqi yoxdur. Hesab edirəm insanları sevgi xoşbəxt edir.

- Mən artıq 1 ilə yaxındır ki, bu layihəni edirəm və kimdən müsahibə alıramsa, "Görəsən arxasında kim dayanır”, "kimdir bunun sevgilisi?” sözləri şərhlərdə yazılır. Sizcə cəmiyyətdə nəyə görə bir qadının uğur qazanmamasına heç kim inanmır?

- Çox yaxşı sualdır. Bizim cəmiyyətin ciddi streotipləri var. İlk olaraq onu deyim ki, hər şey ailədən başlayır. Ümumilikdə, bizim kişilər xüsusilə, savadlı kişilər müəyyən məsələləri müzakirə etmək üçün hər zaman qadın ağlına ehtiyac duyurlar, ağıllı qadın axtarırlar. Və hər zaman bu məsələlər müzakirə olunanda onlar deyirlər ki, Azərbaycan cəmiyyətində ağıllı qadın azdır.
 
Bəzən qadınlarımız öz fikirlərini söyləmək əvəzinə geri durmağı seçirlər. Mən hər zaman onlara deyirəm ki, siz övladınızı tərbiyə edən zaman onun başından basırsınız. İstəyirsiniz ki, qızlarınız hər şeydə arxada qalıb, sizin fikrinizlə hərəkət etsinlər. Ancaq yaşınız 30-35-i keçəndən sonra qadın ağlına ehtiyac duyursunuz. Axı siz o qadını böyüməyə qoymadınız.
 
Bizim cəmiyyətdə ailə ortamında qadına münasibəti dəyişmək lazımdır. Kim ki, deyir "onun arxasında kim dayanır” inanın ki, o adam öz evində imkan vermir ki, öz qadını ailə idarəetməsində iştirak etsin. Bir qadını öndə görəndə düşünür ki, bu qadın özbaşına hərəkət edə bilməz, mütləq kimsə durur arxasında. Hansı kişi ki, qadın ağlına etibar edir, o kişi daha irəli gedə bilir. Çünki qadın sistem yaradır, idarəetməni bacarır. Mənim qardaşım heç bir vaxt bir uğur qazanmış qadın görəndə düşünməz ki, "görəsən bu kimin sevgilisidir?”.
 
Çünki o görüb ki, onunla birlikdə kasıbçılıqla böyümüş bacısı hansı əziyyətlər hesabına bu vəzifəyə gəlib çıxıb. Deməli kiminsə sevgilisi olmadan vəzifəyə gəlib çıxmaq olar.

- Artıq 15 ildir APA-dasınız. Yorulmamısınız?

- Bura mənim özümün yaratdığım şirkətdir və düşünürəm ki, insan bacardığı işlə məşğul olanda yorulmur. Media, özəl idarəetmə mənim çox sevdiyim işdir. Məndən heç vaxt bürokrat, məmur olmaz. Ona görə də özümü məmur postunda görmürəm.
 
- Bir müddət APA bağlandı. O zaman kimləri tanıdınız?

- Mən hesab edirəm ki, Vüsalənin dostları o sınaqdan çox yaxşı çıxdılar.  Söhbət APA-nın baş direktorunun dostlarından getmir. Əsl dostlarım yanımda oldu. 

- Uzun illərdir ki, mətbuatdasız. Keçmişə baxanda mediada ən çətin  anınız hansı olub?

- Yəqin ki, APA-nın bağlandığı an.
 
- Çoxları düşünürdü ki, parlament seçkilərində iştirak edəcəksiniz. Sizcə qadın jurnalistlər millət vəkili kimi uğurlu ola bilərmi?

- Əlbəttə, uğurlu ola bilərlər. Bunun Qənirə Paşayeva kimi örnəyi var. Azərbaycanın ən yaxşı millət vəkillərindən biri, birincilər  sırasında olan millət vəkili jurnalistikadan gəlmiş adamdır. Başqa örnəklər də var idi. Elmira Axundova bu seçkilərdə iştirak etməsə də, mən onu da kifayət qədər yaxşı millət vəkili hesab edirəm. İndi Ləman Ələşrəfqızını izləyirəm və düşünürəm ki, kifayət qədər uğurlu kampaniya aparır. Mənim özümə qaldıqda isə, hesab edirəm ki, mənim bir millət vəkilindən daha böyük statusum var. 

- Həyat yoldaşınız Türkiyə vətəndaşıdır. Problem, anlaşılmazlıq yaşanmır?

- Mənim həyat yoldaşım iş adamıdır və təbiətcə sakit adamdır. Artıq 15 ildir ki, bir yerdəyik və 15 ilə anlaşılmazlıq qalmaz (gülür). Əvvəllər müəyyən baxışlarda problemlər olurdu. Ən çox uşağa yanaşma mövzusunda anlaşılmazlıq olurdu. Onlar daha çox uşağa sərbəstlik verməyin tərəfdarı idi, biz isə uşağı daha displinli saxlamağın tərəfdarıyıq. Ümumiyyətlə, həyat yoldaşım problemdən qaçan adamdır.
 
- Onlarla kişini idarə edən xanımı evdə idarə edən var mı?

- Ailə anlaşma mühitidir. Bizdə heç vaxt o problem olmayıb ki, o məni idarə etsin və ya mən onu. Ancaq gəlin açıq danışaq bütün ailələri arxa planda qadın idarə edir.
 
 
- Dediniz ki, jurnalistika əsəbi və stressli sahədir. Övladınızın jurnalist olmasını istərdiniz?

- Mənim övaldım artıq seçimini edib. O elm adamı, fizik olmaq istəyir. Mən insanların iki seçiminə qarışmağın tərəfdarı deyiləm. İnsan həyat yoldaşını və peşəsini özü seçmlidir. Bu iki şey bütün ömür böou səninlə addımlayır və başına gələn hər hadisədə sənin yanında olur. Bütün bunları nəzərə alaraq mən ancaq istiqamət vermişəm Saraya. 
 
- Son olaraq uğur qazanmaq istəyən qadınlarımıza nə məsləhət görərdiniz?

- Mənə elə gəlir ki, istək, cəsarət və məqsəd varsa, bu uğur qazanmaq üçün yetərlidir. 




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...