No Image

“Vətəndaş cəmiyyətinin yeni fazası qurulmaqdadır” - MÜSAHİBƏ

“Vətəndaş cəmiyyətinin yeni fazası qurulmaqdadır” - MÜSAHİBƏ
 Bəhruz Məhərrəmov: "İllərlə dövlətin qanını gənə kimi sömürən qüvvələrin böyük əksəriyyəti cənab Prezident tərəfindən bu və digər formada zərərsizləşdirilib”
 
Bu gün Pandemiya ilə mübarizədə dünyanın ən yaxşı tərəfdaşı və müttəfiqi kimi çıxış edən Azərbaycan, həm də ictimai-siyasi camiyədə yeni islahatlar proqramının reallaşdırılması prosesində atdığı addımları ilə diqqət çəkir. Regionun lider dövləti bir sıra inkişaf etmiş ölkələrlə müqayisədə, həm də illərdir ərazi bütövlüyünü pozan erməni təcavüzünə son qoymaq üçün çarpışır. Beynəlxalq təşkilatların bu istiqamətdə sərgilədiyi ədalətsiz yanaşma və ikilistandartlar, mövcud vəziyyətin doğurduğu sosial problemlər və xarici qüvvələrin bundan istifadə edərək öz maraqlarını "qanımıza yeritmə” cəhdləri də var ki, bu da ölkənin öz mübarizə "ehkamlarını” gücləndirməsini tələb edir. Hazırda isə yeni siyasi reallıqların ortaya çıxacağı ehtimallarından danışılır. Nə baş verir?
 
Sfera.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibəsində millət vəkili Bəhruz Məhərrəmov çox maraqlı və ciddi nüanslara diqqət çəkib.

 "Həmin xarici güclər Azərbaycan iqtidarını qəbul etməyən bəzi yerli dairələrlə bir cəbhədə birləşə biliblər”

- Bəhruz müəllim, ölkənin ictimai-siyasi və eləcə də, beynəlxalq əlaqələr sistemindəki hazırki durumunu necə dəyərləndirmək olar, reallıq nədir?

- Pandemiyanın özü ilə gətirdiyi problemləri saymasaq, əslində ictimai, siyasi vəziyyətdə ciddi dəyişiklik yoxdur. Təbii ki, müəyyən sosial gərginlik hiss edilir, bunun da 2 təbii səbəbi var. Birincisi, bu gərginlik COVİD-19-un yaratdığı təlaşdan və problemlərdən qaynaqlanır. İkincisi, bilirsiniz ki, bütün dünya pandemiyaya qəfil yaxalandı və atılan iqtisadi, sosial addımlar planlaşdırılmadığı üçün strateji və həlledici əhəmiyyət  daşımayan, habelə qanunvericilikdəki problemlərdən qaynaqlanan boşluqlar müşahidə olundu. Məsələn, mülkiyyətində istifadəyə yararsız torpağı olan, yaxud gündəlik qeyri-rəsmi formada işləyən adamların karantin dövründə dövlətin müəyyən sosial tədbirlərindən kənarda qalmasını buna misal göstərmək olar. Lakin təqdirəlayiq məqamdır ki, dövlət sosial müdafiə xarakterli addımlara daim yenidən baxmağa hazırdır və bu və digər formada bütün təbəqələrə qayğı artmaqdadır. Təsadüfi deyil ki, əgər biz ümumi daxili məhsulun həcmi və Pandemiya xərcləri arasında nisbətə baxsaq, faktiki olaraq Azərbaycan dünyada öz imkanları daxilində bu məqsədlə ən çox vəsait xərcləyən dövlətlərin sırasındadır. Bir daha deyirəm, dövlətin ümumi daxili məhsulu ilə pandemiya dövründə xərclər nisbətində. Lakin bilirik ki, beynəlxalq maraqlar və Azərbaycana dost olmayan qüvvələr var. Təbii ki, belə gərgin məqamda onlar da zəhərli neştərlərini hazır vəziyyətdə saxlayıb hücum üçün imkan axtarırlar. Bu zaman qalanı içəridən fərh etmək üçün onlara hakimiyyətdən narazı qüvvələrin dəstəyi lazımdır və çox təssüf ki, Azərbaycan dövlətinə düşmən mövqedə dayanan həmin xarici güclər Azərbaycan iqtidarını qəbul etməyən bəzi yerli dairələrlə bir cəbhədə birləşə biliblər. Lakin bu dairələrin Azərbaycanda ictimai siyasi stabilliyi pozacaq qədər gücləri yoxdur, Pandemiya şəraitində sosial gərginlikdən istifadə cəhdləri isə uğursuzluqla müşahidə olunmaqdadır. Əhalinin əzici çoxluğunun həmin dairələrə inamı yoxdur. Beynəlxalq mövqeyimizə gəlincə, etiraf edək ki, Pandemiya şəraitində Azərbaycanın siyasi nüfuzu əhəmiyyətli formada artıb, bir sıra dövlətlər artıq COVİD-19-la mübarizədə Azərbaycan təcrübəsindən danışır. Digər tərəfdən, Azərbaycan Türk dövlətlərinin videokonfransının təşəbbüskarı, habelə bu istiqamətdə qlobal humanitar və mədəni təşəbbüsləri ilə beynəlxalq arenada mövqeyini xeyli gücləndirib. Təsəvvür edin, bu gün COVİD-19-la mübarizədə Rusiya, İran, ABŞ yaxud Böyük Britaniya yox, Çin, Cənubi Koreya, habelə Azərbaycan kimi dövlətlərin təcrübəsi nümunə göstərilir, həm ayrı-ayrı dövlətlər, həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən.

Dağlıq Qarabağ münaişəsi də bu sıralarda diqqətdən kənarda qalmayıb. Təbii ki, Münhen panelindən sonra küncə sıxılmış Ermənistanın siyasi arenada uğurundan danışmağa dəyməz, habelə Lavrovun çıxışı və bu ətrafda müzakirələr bir daha erməni tərəfinin işğalçı mahiyyətini ortaya qoydu. Lakin, bir sıra həmkarlarımın da qeyd etdiyi kimi, Azərbaycan hələ ki, yalnız cənab Prezidentin timsalında diplomatik hücum taktikası sərgiləyə bilir, Xarici siyasət idarəmiz cənab prezidentin sürəti ilə hələ ki, ayaqlaşmaqda çətinlik çəkir. Bilirsiniz ki, hətta Parlamentin son iclasında da bu mövqe mübahisə və müzakirələrə səbəb oldu.

- Siz də müəyyən mənada qeyd etdiniz, pandemiya təhlükəsi, bütün dünyada olduğu kimi Azərbaycanın ictimai-siyasi həyatında da müəyyən yenilənmələrin olduğunu meydana çıxartdı. Əslində nə baş verir - qeyd olunan  dəyişikliklər siyasi partiyalar, ictimai resurslar və vətəndaş cəmiyyətlərinin fəaliyyətində hansı təsirilərini göstərir?

- Əslində bu suala biz bir az öncə hardasa toxunduq. Bilirsiz ki, pandemiya tarixi sınaq dövrüdür. Dövlətinin yanında yaxud qarşısında yer alan insanlar, iqtidar və dövlət anlayışını ayırmaq istəməyən və mübarizəsini bir başa dövlətə yönəldən qüvvələr hazırkı həssas dönəmdə aşkar formada ortaya çıxdı. Habelə, dövlət idarəçiliyində ciddi strateji tələb və ehtiyaclar meydana çıxdı. Aydın oldu ki, çox ciddi qlobal çağırışın astanasındayıq və bu çağırışdan geri qaldığımız hər saniyə əleyhimizə işləyir. Bu elektron idarəçilik, elektron hökumət məsələləri ilə bağlıdır. Artıq insanımız da, bir sıra məmurlarımız da başa düşdü ki, informasiyalı cəmiyyət işıq pulu, yaxud su pulunun telefonla yaxud hökumət portal ilə ödənməsindən, yaxud hansısa nazirliyə elektron müraciət imkanından ibarət deyil. Bu sahədə total dəyişikliklərə ehtiyac var. Mən özüm informasiya hüququ sahəsində ixtisaslaşmış alim kimi hesab edirəm ki, bu gün ən vacib hədəfimiz qlobal informasiya məkanının vacib parçası olmağımızdır. Vaxtı ilə cənab İlham Əliyevin müdrik yanaşması, milli Peyklərimizin yaradılması, kosmik dövlətə çevrilməyimiz bu işdə yolumuzu daha da açır. Mən sizi əmin edirəm, hətta heç bir əlavə iş və xidməti olmasaydı belə, yalnız peyklərin buraxılması və Azərbaycanın kosmik gücə çevrilməsi İlham Əliyevin adının tariximizə qızıl hərflərlə yazılmasına bəs edərdi. Bilirsiz, dövr məhz informasiya dövrüdür – jurnalistlərimiz bəzən bunu qarışıq salır, informasiya dövrü dedikdə, KİV və media anlayışlarını qabardırlar, lakin jurnalistika, sosial media bu sistemdə ən çoxu 2-3 faizlik paydan irəli getmir, informasiyalı cəmiyyət süni zəkanın, əşyaların, internet kimi amillərin, yeni əmək münasibətlərinin, ictimai dəyərlərin hökmranlıq dövrüdür və COVİD-19 bizə məhz bu sahədə fəaliyyətin vacibliyini bir daha xatırlatdı.

"Bu, İlham Əliyev adının tariximizə qızıl hərflərlə yazılmasına bəs edərdi”
 
- Qeyd olunduğu kimi, ölkə ciddi dəyişikliklər zərurəti ilə üz-üzədir. Hakimiyyət ötən ilin payızından başlayaraq idaretmənin modernləşdirilməsi, iqtidarın siması olan kadrları yeniləməklə və vətəndaşara yönəlik daha çox sosial layihələr həyata keçirməkə dəyişiklik etmək üçün bir sıra işlər gördü. Hökumət müəyyən mərhələdə buna nail oldu. Belə fikirlər var ki, koronavirus pandemiyasının tətikləməsi, neftin kəskin ucuzlaşması iqtidarın atdığı addımların effektinı azaldır. Siz necə düşünürsüz, bu cür iddialar nəyə əsasən ortaya çıxarılır?

- Tarixi bir dövr yaşamaqdayıq. İllərlə dövlətin qanını gənə kimi sömürən qüvvələrin böyük əksəriyyəti cənab Prezident tərəfindən bu və digər formada zərərsizləşdirilib. Həm də çox böyük ustalıq və məharətlə. Bəzən kiminsə işdən çıxarılmasını bir sərəncam qədər adiləşdiririk, lakin əslində belə deyil. İşdən çıxarılan o adamların hər biri ciddi güc və imkanlara malik adamlardır. Nəzərə alaq ki, müstəqilliyimizi cəmi 30 ildir əldə etmişik, gəncik, həmçinin biz o qədər də böyük dövlət deyilik, belə dəyişimlər adətən bizim çaplı dövlətlərdə müəyyən problemlərə yol açır, lakin məhz cənab Prezidentin daxili siyasətdə ciddi manevr qabiliyyəti, habelə böyük sosial bazası bu problemi həll etməsini - yəni korrupsiya yuvasını dağıtması prosesini mənfi təsirsiz keçirməyimizə gətirib çıxardı.  O ki qaldı hazırkı dövrə təsadüf edən ictimai siyasi yeniliklərə, islahatlara, bunun Pandemiya ilə əlaqəsi yoxdur, Azərbaycanda köklü islahatlar 3 ildir ki, başlanıb. İlk addım kimi, birinci vitse-prezident vəzifəsinə Mehriban xanım Əliyevanın təyin olunması, daha sonra andiçmə zamanı cənab Prezidentin islahat anonsu və nəhayət 2019-cu ildə atılan radikal addımlar. Bilirsiz ki, islahatlar xüsusən son 8-9 ayda sürətlənib. İndi dövrlərin üst-üstə düşməsi sadəcə təsadüfdür, mən hətta bu qənaətdəyəm ki, Pandemiya, əksinə dövlətin islahatlara yönəlik enerjisini digər sosial qayğılara yönəltməklə prosesə mənfi təsir edə bilər. Lakin mövcud siyasi iradə onu göstərir ki, Azərbaycan dövləti islahatlarda maraqlıdır, proses isə, necə deyərlər, hələ yeni başlanıb.

"Ermənistan etibarlı müttəfiq deyil, məhz bu amil regionda geosiyasi vəziyyətə təsir edə bilər”
 
- Ekspertlər problemləri əsas götürərək, cəmiyyətdə dəyişiklik zərurətinin yenidən dərinləşməyə başladığını, bu prosesin yay ayına kimi davam edəcəyini və yeni siyasi reallıqlar doğuracağını iddi edirlər. Söhbət hansı siyasi reallıqdan gedir?

- Pozitiv dəyişiklik hər bir cəmiyyət üçün inkişafın rəhnidir. Xüsusən informasiyalı cəmiyyətdə və qloballaşma ünsirinin təsiri ilə dəyişiklik hətta ən mühafizəkar cəmiyyətləri belə tərpənməyə vadar edir. Azərbaycanda da bu vəziyyət qaçılmazdır. Lakin, üstünlüyümüz ondan ibarətdir ki, müasir dövrün dəyişiklik tələbi və bizim dövlətin dəyişiklik istəyi üst-üstə düşür. Nəzərə alaq ki, Azərbaycanda dəyişim, islahat istəyi bir başa dövlətin başçısından gəlir, cənab Əliyevin ölkə daxilində nüfuzu və siyasi gücü kifayət qədərdir,  əhalinin böyük əksəriyyəti Onu və Mehriban xanım Əliyevanı ən doğru tərcih hesab edir, habelə islahatlara mane ola bilən iri güclər faktiki olaraq zərərsizləşdirilib. Deməli, islahatların ən ciddi dalğası hələ qarşıdadır.

- Pandemiyadan sonrakı dövr yarana biləcək iqtisadi çətinliklərlə yanaşı, torpaqlarımızın işğaldan azad olunması prosesində hansı mərhələni vəd edir: sosial inqilabı, danışıqların davamını, beynəlxalq təşkilatların ikilistandartlardan əl çəkməsinə yönlik atılan diplomatik addımları və yaxud hərb yolunu?

- Pandemiya bütün dünyaya, həmçinin bizə iqtisadi zərbə vurdu. Lakin biz qazancsız da çıxmayacağıq. Əhalinin həmrəyliyi, insanların bir-birinə əl tutması, pandemiya şəraitində üzə çıxan normativ sistemidə və idarəçilik sahəsində boşluqlarımızın düzəlmə imkanı bizi gücləndirməkdədir. Digər tərəfdən işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan ciddi maliyyə ehtiyatlarına malikdir, əgər böhran bizim ehtiyatlarımızı azaldacaqsa, Ermənistanı ümumiyyətlə müflis edəcək, etməkdədir də. Ermənistanın son günlər münaqişə ətrafında aqressiv bəyanatları və "hücum” taktikası da sosial gərginliyin idarə olunması, hakimiyyətə yönələn kinin Azərbaycana istiqamətləndirmə cəhdləridir. Lakin, ac ermənini Azərbaycan yox, çörək maraqlandırır. Ona görə də pandemiya sonrası danışıqların yeni mərhələsi, daha dəqiqi yeni ampulada müzakirələrin başlanması ehtimalı mümkündür. Təbii ki, burada iki yanaşma mümkündür, səfalətdən taqətdən düşmüş Ermənistanın mövqeyində ya yumşalma olacaq və mərhələli həll planına gedəcək, ya da erməni iqtidarı onsuz da formal olan müstəqilliyinin son akkordlarını da 3-cü dövlətə təhvil verəcək ki, Ermənistanın mövqeyini həmin güc müəyyən edəcək. Yəni istənilən halda mövcud ritorikanın davam edəcəyinə inanmıram. O ki, qaldı münaqişənin həllinə, torpaqların hərbi yolla geri qaytarılmasına alternativ görmürəm, nicat da kəramət də yalnız ali baş komandanın rəhbərliyi ilə ordumuzun gücündədir. 

"İndi standartı biz müəyyən etməliyik - hücum və yalnız hücum”

- Qarabağ məsələsinə işğalçı və ikilistandartlı yanaşmalar bu günlərdə Ermənistan XİN-in Lavrovun Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair bəyanatına isterik reaksiyası ilə bir daha ortaya çıxdı. Bu, Ermənistanın sülh danışıqlarını sabotaj etdiyinin və bu istiqamətdə beynəlxalq səyləri heçə endirməyə cəhd göstərdiyinin növbəti sübutu kimi qeyd olunur. Belə olduğu təqdirdə necə hesab edirsiniz, pandemiyadan sonra istər ATƏT-in Minsk Qrupu, istərsə də digər beynəlxalq təşkilatlar tərəfindən regionda Qarabağ münaqişəsi ilə bağlı hansı yeni proseslər meydana atıla bilər?

- Cənab Prezident hücum diplomatiyası tərəfdarıdır. Yəni niyyət aydındır. Bu tezisi rəhbər tutaraq hesab edirəm ki, artıq ikili standartlardan gileylənmək vaxtı deyil. İndi standartı biz müəyyən etməliyik; Hücum və yalnız hücum.Həm də beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarının aliliyi prinsipinə söykənərək, artıq beynəlxalq qurumların özünü dilemma qarşısında qoymağın zamanıdır. Artıq "niyə qətnamələr icra olunmur”, sualına vaxt itirməməliyik,  zaman həmin qətnamələrin, bəyanatların universal və regional mexanizmlərdə konkret hüquqi aktların fonunda  mübahisələndirilməsi vaxtıdır. Olduğumuz hər bir yerdə, xaricdə təhsil alan tələbəmiz universitetdə, xaricdə yaşayan soydaşımız işlədiyi müəsisədə, yaxud yaşadığı məhəllədə erməniyə göz açmağa imkan verməməlidir - hüquqla, qanunla və tarixi faktlarla. Bu iş ali diplomatiyadan məişətə qədər tam və əhatəli olmalıdır. Hər yerdə ermənini erməniliyindən utandırmalı, erməniliyinə peşman etməliyik. Biz bu gün bunu etmirik, bu boşluqdan da bizə qarşı istifadə olunur, beynəlxalq təşkilatların, habelə vasitəçilərin biganəliyinin də kökündə məhz vətəndaşımızın, soydaşımızın özünün dünyadakı passiv mövqeyi dayanır.  Məsələn, Azərbaycan əleyhinə bəyanat verən, yaxud Ermənistanı dəstəkləyən bir şəxs, gərək ən azı hər gün telefonuna 1 milyon mesaj ala, ən azı 2 milyon e-mail ala, məktub ala. Həmin gün sosial mediada həmin adam ən azı 3 milyon həştaqla ədalətsiz, əsassız mövqeyinə görə rüsvay edilə. Axı biz bunu etmirik, bu şeyləri də dövlət etməli deyil ki.

- Azərbaycana qarşı hansı xarici təsirlərdən istifadə edilə bilər. Pandemiyadan istifadə edərək, regionda hansı maraqlar qurban verilə bilər?

- Təqvim, zaman və format dəşişə bilər, lakin, mahiyyət heç zaman dəyişmir və tarix təkərrürdən ibarətdir. Azərbaycan daim iri güclərin marağında olub olacaq da. Lakin, Pandemiya elə bir şəraitə səbəb oldu ki, iri güclərin zərəri də iri oldu, yəni bu virus iri dövlətləri kiçiklərdən daha çox problem və gərginliyə saldı. Ona görə də pandemiyanın regionda maraq nisbətinə təsir edəcəyini gözləmirəm. Lakin, zaman göstərməkdədir ki, Ermənistan etibarlı müttəfiq deyil, məhz bu amil regionda geosiyasi vəziyyətə təsir edə bilər və son proseslər də göstərir ki, bu gedişat Azərbaycanın lehinə müşahidə edilməkdədir.

"Əvvəllər cənab Prezidentin də dediyi kimi "islahatlara iqtidar daxilində mane olan” qüvvələr məşğul idi”

- Bəhruz müəllim, sizə də məlumdur ki, bir çox siyasilər, millət vəkilləri pandemiyaya qarşı mübarizədə xalqın vahidliyini, birgəliyini tez-tez önə çəkir. Bu günlər isə iqtidar, müxalifət və müxtəlif partiyalar arasında formalaşan anlaşma, dialoqun meydana gəldiyi və bu münasibətlərin daha da formalaşması üçün xüsusi addımlara ehtiyac olduğu xüsusi vurğulanır. Bütün bu proseslər yeni cəmiyyətin, ictimai nəzarət sisteminin formalaşmasıdır, yoxsa bizi gözləyən ciddi təhlükələrə qarşı birgə mübarizənin zərurətidir?

- Əslində siyasi dialoq mərhələsi islahatların meyvəsidir. Pandemiya sadəcə bəzi prosesləri sürətləndirdi. Məsələnin kökündə dayanan faktor ondan ibarətdir ki, siyasi əməkdaşlıq mühitinin formalaşdırılması və dialoqun reallaşdırılması işi ilə əvvəllər cənab Prezidentin də dediyi kimi "islahatlara iqtidar daxilində mane olan” qüvvələr məşğul idi. Həmin məmurlar üçün siyasi dialoqun önəmi yox idi, önəmli olan özləri problem yaradaraq özləri həll etməklə fəaliyyətlərinin əhəmiyyətini nümayiş etdirmək, əvəzolunmaz kadr təsəvvürü yaratmaq məqsədi ilə mövcud yarıtmaz status- kvonun saxlanması idi. Hətta bir sıra radikal qrupların, onlara məxsus media orqanlarının həmin məmurlar tərəfindən maliyyələşdirilməsi barədə də siyasi kluarlarda kifayət qədər informasiyalar dolaşmaqdadır. Təbii ki, bütün bunların fonunda o adamların təşəbbüsü altında keyfiyyətli siyasi dialoq və vətəndaş cəmiyyətinin qurulmasından söhbət gedə bilməzdi. Hazırda isə cənab Prezident yuxarıda, əvvəlki sualların birində qeyd etdiyim kimi, bu vəziyyətə son qoyaraq əsaslı islahatlar başlatmış, bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etmiş və etməkdədir. İndiki halda, qeyd etdiyim o məmurlar tərəfindən vaxtı ilə qidalandırılan, habelə xaricdən maliyyələşməsini deməyə kifyət qədər ciddi əsaslar olan qüvvələri çıxmaq şərti ilə ölkədə  dialoq ab-havası formalaşdırılmaqda, vətəndaş cəmiyyətinin yeni fazası qurulmaqdadır.
 
(ucnoqta)

OXŞAR XƏBƏRLƏR

Hüquq müdafiəçilərindən maraqlı açıqlamalar: “Sülh istəyiriksə...”

 "Müharibənin sərt üzü ilə qarşılaşmağa hazır olmalıyıq, çünki...” Ötən həftə ölkə prezidenti İlham Əliyev telekanallarla verdiyi müsahibəsinə Qaraba...

“Azərbaycanda rusmeylli qüvvələr var, onlar hakimiyyət daxilində…” - Vahid Əhmədov

Sentyabrın 20-dən başlayaraq Ermənistan silahlıları Qarabağ cəbhəsində və Azərbaycanın dövlət sərhəddinin Tovuz-Qazax rayonu istiqamətində hərbi cinayətlərini y...

Öz xalqı ilə açıq və səmimi danışa bilən əsl dövlət adamı - MÜSAHİBƏ

 Müsahibimiz Milli Məclisin deputatı Ülvi Quliyevdir. Prezident İlham Əliyevin sentyabrın 19-da verdiyi müsahibədə səsləndirdiyi mühüm mesajlara deputatın ...

Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər – Deputat

 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik: – Qüdrət bəy, Azərbaycan Respublik...

Eros Ramozotti azərbaycanlı jurnalistə müsahibə verdi

 "Uşaqlarım mənim əsas ilham mənbəyimdir” "Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq” "Azərbaycanı ...

Bakı şəhərinin təhsil şefi yeni qaydalarla bağlı müsahibə verdi

Sfera.az "Qafqazinfo”-ya istinadla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin müsahibəsini təqdim edir: - Bütün suallara, hamını düşündürən pand...