“Uşaqlarına peyvənd vurmaqdan yayınanlar cərimələnsin?” – EKSPERT RƏYİ

“Uşaqlarına peyvənd vurmaqdan yayınanlar cərimələnsin?” – EKSPERT RƏYİ

"Bəzi vətəndaşlarımızın övladlarını peyvənd etdirməkdən çəkinməsinin səbəbi sadə vətəndaşlar deyil, peyvəndlə məşğul olan alimlərdir”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan vətəndaşlarının bir qisminin övladlarını peyvənd etdirməkdən çəkinməsi məsələsinə toxunarkən tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev deyib:

 

"Müəyyən alim qrupu var ki, onlar peyvəndə ehtiyac olmadığı qənaətindədir. Onların fikrincə, insan bədəninin immun sistemi güclü olmalıdır. Prinsipcə bu düzdür. Amma etiraf edək ki, peyvənd vurmaqdan çəkinməklə risqə getmək də olmaz. Çünki bu vəziyyət ayrı-ayrı xəstəliklərin uşaqları məhvə aparmasına gətirib çıxara bilər. Bilirəm, peyvəndin ziyanlı tərəfləri də var. Müəyyən problem və fəsadlar yarada bilər. Hansısa uşaqda peyvənd allergik reaksiya verə, problemli uşaqların qara ciyərində fəsadlar yarada bilər. Xaricdə bir çox alimlər düşünür ki, peyvəndlər uşaqların inkişafına, genetik faktoruna, hüceyrələrin inkişafına mənfi təsir edir”.


Həmsöhbətimiz buna baxmayaraq uşaqlara peyvənd vurulmasının tərəfdarı olduğunu dedi: "Bu gün şəxsən risq edib, "peyvənddən imtina edək” sözünü deməyə gücüm çatmaz. Prinsipcə hələlik Azərbaycanda peyvəndlər hər hansı bir fəsadlar törətməyib. Ona görə də indi də peyvənd vurulmasının tərəfdarı kimi çıxış edirəm. Bir sıra valideynlərin peyvənd vurdurmaqdan qaçması bu istiqamətdə profilaktiv maarifləndirici tədbirlərin olmamasından qaynaqlanır”.


Ekspert hesab edir ki, peyvənddən yayınan valideynlərin cərimələnməsi düzgün yanaşma deyil: "Bu səbəbdən bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da uşaqları peyvənd etdirməkdən yayınan valideynlərin cərimələnməsini məqbul hesab etmirəm. Azərbaycan Avropa deyil ki, hər hansı bir hadisəyə görə cərimələr tətbiq edilsin. Fikrimcə, hər şeyə görə cərimələrin tətbiqi düzgün yanaşma deyil”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR