Ukraynada hərbçilər üçün messencer yaradılır

Ukraynada hərbçilər üçün messencer yaradılır
Ukraynanın Xüsusi Rabitə üzrə Dövlət Xidməti hərbi qulluqçular üçün "Rozmov” messencerini hazırlayır.
 
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin rəhbəri Yuri Şçiqol "Forbes Ukraine” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin müxtəlif regionlarından olan proqramçılar tərəfindən yaradılan "Rozmova” ("Söhbət”) adlı messencer sınaq mərhələsindədir. Tətbiq təhlükəsizlik səviyyəsinə görə yoxlanılacaq, bundan sonra onun hərbçilərə istifadə üçün təklif edilib-edilməyəcəyinə qərar veriləcək.
Ukraynanın Xüsusi Rabitə üzrə Dövlət Xidmətinin rəhbəri izah edib ki, ukraynalı hərbçilərə "WhatsApp” və ya "Telegram” kimi proqramlardan istifadə etmək tövsiyə edilmir, əvəzində onlara bir neçə il əvvəl məşhurlaşan İsveçrə tərtibatçılarının hazırladığı "Threema” təklif olunur.

"Hələlik bu, yalnız tövsiyədir, çünki kimin hansı proqramları yüklədiyini izləmək çətindir və hərbçiləri Ukraynada sertifikatlaşdırılmamış xarici proqramdan istifadə etməyə məcbur etmək mümkün deyil", - Şçiqol vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, Ukraynanın bir sıra dövlət qurumlarının kompüter sistemlərində "Ransomware” adı ilə maskalanan zərərli proqram aşkarlanıb.

Vasif 
Sfera.az


OXŞAR XƏBƏRLƏR