Ukrayna-Rusiya gərginliyi necə başladı? - Addım-addım müharibəyə doğru...

Ukrayna-Rusiya gərginliyi necə başladı? - Addım-addım müharibəyə doğru...
Son günlər Ukrayna və Rusiya arasındakı mövcud gərginlik bütün dünyanın diqqət mərkəzindədir.
 
İki böyük gücün qarşı-qarşıya gəlməsinə və münasibətlərin bu həddə çatmasına nə səbəb oldu?

Sfera.az iki ölkə arasındakı yaşanan gərginliyin səbəbləri haqda araşdırmanı təqdim edir:

İlk növbədə Rusiya ordusunun Ukrayna sərhədində artan hərbi hərəkətliliyi Ukraynanın şərqindəki Donbas bölgəsində mövcud olan gərginliyi yenidən artırdı.
Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin Ukrayna ordusunun mövqelərinə hücum etməsindən sonra yaşanan gərginlik martın 26-da 4 Ukrayna əsgərinin ölümü ilə daha da pik həddə çatdı.

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun "Donbasda yeni bir müharibə başlatmağa çalışanlar Ukraynanı məhv edəcək” təhdidindən sonra bir-birinin ardınca Avropa Birliyi, ABŞ və NATO-dan açıqlamalar gəldi.

NATO Rusiyanın Ukrayna ilə sərhəddəki hərbi mövcudluğunu gücləndirəcəyindən narahat olduğunu bildirdi. NATO rəsmilərindən biri Moskvanın sülh danışıqlarını alt-üst etdiyini və 2020-ci ilin iyulunda əldə edilən atəşkəsi pozduğunu da söyləyib.

NATO səfirləri şiddətin artması səbəbiylə iclas keçiriblər. Onlar, "Rusiyanın sabitliyi pozan hərəkətləri gərginliyin azalması səylərinə xələl gətirir”, - deyə açıqlama veriblər.
 
Rəsmi Vaşinqton: "Ukraynanın yanındayıq"

ABŞ dövlət katibi Antoni Blinken ukraynalı həmkarına zəng etməsindən sonra ABŞ Müdafiə naziri Lloyd Austin də Ukrayna Müdafiə naziri Andri Taran ilə danışıb. Amerikalı nazirləri Vaşinqtonun Kiyevə verdiyi dəstəyi ifadə ediblər. Həmçinin ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib. O, Zelenski ilə telefon danışığında Rusiyanın Donbas və Krımdakı təcavüzü qarşısında ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyinin davam edəcəyini bildirib.

Zelenski telefon danışığından sonra Tvitter hesabında etdiyi paylaşımda Co Baydenin verdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib.
"Demokratiyamızın qorumaq müzakirə mövzusu olduqda çiyin-çiyinə dayanırıq. ABŞ tərəfdaşlığı ukraynalılar üçün çox vacibdir ", - deyə,  Zelenski paylaşımında  qeyd edib.
 
Böyük Britaniyadan Ukraynaya tam dəstək

Böyük Britaniyanın Müdafiə naziri Ben Ualles Ukrayna Müdafiə naziri Andri Taranla telefonla danışıb. A. Ualles Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini və ölkəsinin Ukrayna ordusunun inkişafına dəstəyini davam etdirəcəyini bildirib.

Eləcə də Böyük Britaniya Xarici İşlər naziri Dominik Raab Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba danışaraq Londonun Rusiyanın addımlarını diqqətlə izlədiyini və ölkəsinin Ukraynanı tam dəstəklədiyini ifadə edib.
  
 
Ukraynada diplomatiya çağırışı

Rusiyanın Donbas bölgəsindəki vəziyyəti sistematik şəkildə pisləşdirdiyini bildirən Kuleba Moskvanı hərbi gərginliyi dayandırmağa çağırıb və sözügedən böhranın siyasi və diplomatik yolla həll edilməli olduğuna diqqət çəkib. Rusiyanın hərəkətlərinin vəziyyəti çıxılmaz hala gətirdiyinə işarə edən Kuleba çıxış yolunun yalnız diplomatiya olduğunu vurğuladı. O, Rusiyanın artırdığı bu gərginliyin son illərin ən ciddi səviyyəsi olduğunu qeyd edib.
 
Ukrayna ordusu: "Separatçılar atəşkəsi 13 dəfə pozublar"

Ukrayna Silahlı Qüvvələrinin feysbuk hesabında edilən açıqlamada rusiyapərəst separatçıların atəşkəs rejimini 13 dəfə pozduqları bildirilib.
Dünən Donbasın Şumı və Novotoşkovka bölgələrində separatçıların atəşkəsi pozması nəticəsində Ukrayna ordusunun 2 əsgəri yaralanıb və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələrinə məlumat bu haqda məlumat verilib.
Xatırladaq ki, Ukraynanın şərqindəki Donbas bölgəsində 2014-cü ildən bəri "müstəqillik”elan edən rusiyapərəst separatçılarla Kiyev rəhbərliyi arasında qarşıdurmalar davam edir. Qarşıdurmalarda indiyədək 13 mindən çox insanın həyatını itirdiyi bildirilir.
 
Sfera.az
Əzizə Zeynal

 
 

OXŞAR XƏBƏRLƏR