Tələbələrlə əmək müqaviləsi bağlana bilərmi? – Qanun nə deyir?
10:25 / 28.04.2021
2521
Adətən əksər iş yerlərində yaşından asılı
olmayaraq, müraciət edən şəxsdən təcrübə tələb olunur. Bu baxımdan hazırda tələbələrin
əksəriyyəti ali təhsili başa vurana kimi müəyyən iş stajı əldə etmək istəyirlər.
Digər tərəfdən əyani təhsil alan və dərsdən
sonrakı boş vaxtlarında işləmək istəyən tələbə iş üçün müraciət etdikdə işəgötürənlər
tələbə olduğunu əsas gətirərək onunla əmək müqaviləsi bağlamaqdan imtina edirlər.
Sfera.az-ın məlumatına görə, bununla bağlı təhsil
eksperti Kamran Əsədov deyib ki, Əmək Məcəlləsində bununla bağlı heç bir məhdudiyyət
yoxdur. O bildirib ki, əmək müqaviləsi bağlanan zaman əyani təhsil alan tələbə
ilə qiyabi təhsil alan tələbə arasında müəyyən fərqlər nəzərə alınmalıdır:
"Əyani təhsil alan tələbənin iş saatı ilə dərs
saatı üst-üstə düşməməlidir. Qiyabi təhsil alan tələbələrin iş saatları isə tam
olur, onlara sessiya vaxtı məzuniyyət verilir. Bu hallar müqavilədə nəzərə
alınmalıdır”.
Ekspertin sözlərinə görə, "Məşğulluq haqqında”
Qanuna əsasən, əyani təhsil alan tələbələr məşğul şəxs hesab olunurlar: "Ona görə də onları işsiz statusu ilə
qeydiyyata almaq mümkün deyil. Əyani oxuyanlar işaxtaran statusu daşıyırlar.
Qiyabi təhsil alan işsiz tələbələr isə işsiz statusu ala bilərlər.
Günay Rəsulqızı
Sfera.az