Təhsil Nazirliyi: Regionlarda lisey sinifləri yaradılacaq
2019-2020–ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq.
Bu barədə APA-ya Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib.
Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər 2-6 sentyabr 2019-cu il tarixlərində Gəncə şəhəri (Gəncə şəhəri, Kəpəz rayonu, E. Allahverdiyev küçəsi 68), Şirvan şəhəri (Şirvan şəhəri, Xəqani küçəsi 16) Şəki şəhəri (Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 1) və Quba rayonunda (Quba şəhəri 15-ci məhəllə) təşkil edilən komissiyalara aidiyyəti üzrə müraciət etməlidirlər.
Lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. Qəbul prosesində həmin şəhər (rayon) və ətraf rayonların ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər iştirak edə bilərlər. Bilik və bacarığı ilə seçilən və həmin liseylərdə oxumaq istəyən şagirdlər üçün seçim imtahanı keçiriləcək. Eyni zamanda son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika fənn müsabiqələrində yüksək nəticə göstərmiş şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.