Milli Elmlər Akademiyası nə iş görür? - ARAŞDIRMA

Milli Elmlər Akademiyası nə iş görür? - ARAŞDIRMA
Bu il Azərbaycanda bir sıra qurumlar ləğv edildi, bəziləri isə birləşdirildi. Bu addım bir tərəfdən optimallaşdırma üçün atıldısa, bir tərəfdən də qurumların fəaliyyətsizliyinə görə edildi. Sovetdənqalma belə qurumların sayı getdikcə azalmaqdadır.

Fəaliyyəti daim sorğulanan qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası və onun nəzdində fəaliyyət göstərən institutlardır. Effektivliyin aşağı olması, ciddi elmi kəşflərin ortaya qoyulmaması, tədqiqat işlərinin aparılmaması kimi iradlar cəmiyyətdə bu quruma qarşı mənfi fikrin formalaşmasına səbəb olub.
Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli bu gün elmi işçilərin işə gəlməməsindən şikayətlənib. O, kitabxanaya getmək adıyla adıyla bəzi işçilərin işə gəlmədiyini vurğulayıb:

"Akademiyada bəziləri işə gəlmir və soruşanda da deyir ki, kitabxanada idim. Yoxlayanda isə məlum olur ki, kitabxanada olmayıb. Bütün institutlarda kitabxanalar və oxu zalları yaradılıb. İnstitutların çoxunda isə hətta müasir, elektron kitabxanalar təşkil edilib. Elmi işçilərin həftənin bütün günlərində işə gəlməsini tələb etmək onların yaradıcılıq imkanlarının məhdudlaşdırılması demək deyil. Çünki AMEA-nın bütün institutlarında elmi işçilərin kitabxanalara getmədən, işlədiyi müəssisədə elmi fəaliyyətlə məşğul ola bilməsi üçün şərait var. Bizim tələbimiz işə vaxtında gəlmək istəməyən elmi işçilərin bəhanələrini aradan qaldırır".

İşçilərin bu cür etinasız yanaşdığı bir qurumun fəaliyyəti də beləcə müəyyən tərəddüdlər yaradır.

Əvvəlcə qısa olaraq, Elmlər Akademiyası haqqında: Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsidir. Bu gün Elmlər Akademiyasının 5 bölməsi, 30 institutu fəaliyyət göstərir. Eləcə də Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Mərkəzi Nəbatat Bağı, Milli Azərbaycan Tarixi Muzeyi; Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi; Hüseyn Cavidin ev-muzeyi də akadmiyanın tərkibində olan dövlət obyektləridir. Yüzlərlə həqiqi və müxbir üzvləri, professorları var. 2013-cü ilin aprel ayından AMEA-nın prezidenti akademik Akif Əlizadədir.

Ən çox hiss olunan boşluq isə dəqiq elmlərlə bağlıdır. Son dövrlər nədənsə Fizika, Kimya, Biologiya, Riyaziyyat və bu qəbildən olan elm sahələrinin nailiyyətlərini görü bilmirik. Ən çox eşitdiklərimiz isə filan gənc alimimiz NASA-ya oxumağa yollandı, Avropanın, ABŞ-ın, Türkiyənin nüfuzlu ali təhsil ocaqlarında gənc alimlərimiz dünyanı heyran qoydu və s-dir.

Onu da qeyd edək ki, 2019-cı ilin dövlət büdcəsində 88 milyon 671 min manat Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun tabeliyində olan müəssisələrin saxlanılmasına xərclənməlidir. Ötən il isə 80 milyon manata yaxın pul ayrılmışdı. Həmin milyonların təyinatı üzrə xərclənib-xərclənmədiyi də hələlik sual doğurur.

Türkiyədə nanotexnologiyalar mühəndisliyi ixtisası üzrə təhsil alan gənc tədqiqatçımız Aytək Məmmədli ölkəmizdə aparılan tədqiqat işlərindən narazı olduğunu dedi. O, bildirdi ki, ölkə rəhbərliyi tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərilməsinə baxmayaraq, ortaya ciddi nailiyyət qoyulmayıb:

"Bu gün dəqiq elmlərlə bağlı Azərbaycanda çox böyük boşluq və problem var. Əsas məsələ dünyaya inteqrasiya edə bilməməyimizdir. Bəzən ele elmi işlərin bəh-bəhlə tədqiq edildiyini görürük ki, hiss olunur, dünyadan ən azı bu istiqamətdə 50 il geriyik. Kənd təsərrüfatından tutmuş sənayenin inkişafına qədər olan bütün sahələrdə dəqiq elmlərə böyük ehtiyac var. Dünyada dəqiq elmlərlə məşğul olan şəxslər bilir ki, bu elmi tədqiqat niyə aparılır. Buna görə də əldə olunan nəticələr dövlət büdcəsinə birbaşa xeyir verir. Bizdə belə bir təcrübə demək olar ki, yox dərəcəsindədir. Bu gün dəqiq elmlərdən əldə olunan nəticələr ölkə büdcəsinə heç bir xeyir vermir. Bəs, bu qədər alimi, professoru olan və bu qədər elmi tədqiqatlar aparılan ölkə üçün çox mühüm defisit deyilmi? Ölkə rəhbərliyi tərəfindən bu gün elmi tədqiqatlara, dəqiq elmlərin inkişafına çox böyük qayğı var. Prezident İlham Əliyev tərəfindən həmişə bu inkişaf diqqətdə saxlanılır. Gərək, bu işlə məşğul olan hər kəs bu qayğını yaxşı qiymətləndirsin”. 

Belə olduqda isə sual yaranır: Azərbaycan Milli Elmlər Akademiyası niyə var, yaxud da nə iş görür?

Milli Elmlər Akademiyasının hazırkı fəaliyyəti ilə bağlı araşdırmamızı təqdim edirik.

"Şübhəsi olan gəlib illik hesabatımıza baxsın”
Akademiyanın Fizika İnstitutunun rəhbəri AMEA-nın müxbir üzvü Nazim Məmmədov bildirdi ki, bu il və ötən illər ərzində Fizika İnstitunda aparılan işlərə Nobel mükafatı verilib:



"Milli Elmlər Akademiyası ilə bağlı cəmiyətdə mənfi fikrin formalaşmasına səbəb bizim nailiyyətlərimizin sayt, qəzet və jurnallarda çap olunmamasıdır. Akademiyanın uğurları yalnız xüsusi mətbu orqanlarda yayımlanır. Dubnada yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru akademik Viktor Matveyev görün, bizim fiziklərimiz barədə nələr deyir: "AMEA-nın Fizika İnstitutunun əməkdaşları fundamental fizikanın vacib və müasir layihələrindən birinin reallaşmasına böyük töhfə veriblər". Beləliklə, onlar Nobel mükafatı alan şəxslərlə tamhüquqlu həmmüəllifdirlər. Topoloji izolyatorlarda aparılan işlərə görə Nobel mükafatı verilib. Bizim institutumuzda da bu istiqamət üzrə təqdirəlayiq işlər görülüb. Akademiyanın işləri populyar mətbuatda dərc olunmur. Nailiyyətlərimiz yalnız xüsusi elmi jurnallarda çap olunur. Həmin jurnalları isə cəmiyyətdə heç kəs oxumur”.

Nazim Məmmədov bu gün qürur duyulası fiziklərimiz olduğunu diqqətə çatdırdı:

"Fizika İnstitutunda İmaməddin Əmiraslanov adlı alimimiz var. Hansı ki, vaxtilə Xudu Məmmədovun aspirantı olub. İmaməddin hazırda Türkiyədə simmetriyalarla bağlı tədqiqat işləri aparır. Türkiyədə onun fəaliyyətinə böyük qiymət verilir. Əminliklə deyə bilərik ki, İmaməddin Xudu Məmmədov səviyyəsində bir adamdır”.

"Müdafiə Sənayesi Nazirliyinin tapşırığı əsasında uğurlu işlər görmüşük”

Kimya Elmləri Bölməsinin akademik-katibi Dilqəm Tağıyev isəs Fizika institutunun son illər əldə etdiyi nailiyyətlərin bəzilərinə toxunub:

"Kimya Elmləri Bölməsində həm tətbiqi, həm də fundamental elm sahəsində bir çox uğurlar əldə olunub. Molekulyar azotun hidrogen peroksidlə oksid diazota fiksasiyası sahəsində əldə olunan nailiyyətə effektə "Nağıyev effekti” adı verildi. 2014-cü ildə bu uğurumuz Azərbaycanın dövlət mükafatına layiq görüldü. Son illər molekulyar naqillərin alınması istiqamətində ciddi tədqiqatlar aparılıb. Dünyada ən uzun molekulyar naqili bizim bölmənin alimləri kəşf edib. Nüfuzlu jurnallarda nəticələrimiz çap olundu. Kimyaçı alimlərimiz topoloji izolyatorların alınmasında da ciddi nailiyyətlərə imza atıblar. Bunlar çox qiymətli materiallar hesab olunur. Kimya texnologiyalarının nəzəri modelləşmə məsələləri ilə bağlı uğurlu işlər görülüb. Ekoloji dizel yanacağını almaq üçün texnologiyanın hazırlanmasında bizim bölmənin böyük rolu olub. Son iki ildə yol örtüyünün istismar müddətinin artırılması istiqamətində bəzi uğurlu tədqiqatlarımız baş tutub. Magistral su kəmərlərində sızıntının aradan qaldırılması üçün xüsusi örtüklərin hazırlanmasında alimlərimiz böyük nailiyyətlər əldə etdilər. Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında apardığımız işlər bəyənilib. Kimyaçılarımız hidrotexniki qurğular üzərində monitorinq işləri aparırlar ki, metal avadanlığın korroziyaya qarşı davamlılığını öyrənsinlər. Bu monitorinq gələcəkdə baş verəcək qəzaların qarşısını vaxtında almağa kömək edəcək”.

Dilqəm Tağıyev onu da əlavə etdi ki, bu gün alimlərin birgə fəaliyyətinə ehtiyac yaranıb. Buna görə də əvvəlki dövrlərlə müqayisədə hansısa alimimizin əldə etdiyi nailiyyət gözə çarpmır:

"Bu gün kimya sahəsində kifayət qədər güclü alimlərimiz var. Lakin əvvəlki dövr deyil. Tək alim heç nə edə bilmir. Bu gün müxtəlif sahələri təmsil edən alimlərin birgə fəaliyyəti ön plana çıxıb. Bir sözlə, kollektiv işlərə ehtiyac çoxalıb. Ona görə də biz çalışırıq ki, fizik və geoloqlarla birgə çalışaq”. 

"İnstitutumuzun şəraiti və əldə etdiyi uğurlar bütün dünyanı heyrətləndirir”

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova rəhbəri olduğu institutun bu vaxta qədər əldə etdiyi uğurlardan danışdı:

"Bu institutun əsasını qoyan şəxs dünya şöhrətli alimimiz akademik Cəlal Əliyevdir. Uğurlarımız daima olub. Ötən illər ərzində çox böyük uğurlara imza atmışıq. 2015-ci ildə dünyanın ən aparıcı 3500 aliminin siyahısında iki azərbaycanlı alimi də yer almışdı. Onlardan biri kimyaçı alim idi, hansı ki, hazırda ABŞ-da molekulyar biologiya ilə bağlı elmi tədqiqatlar aparır. Digər alim isə bizim institutun əməkdaşı olan Asəf Salahovdur. O, insan genomu üzərində çalışan yeganə alimimizdir. Digər tanınmış alimimiz Qərib Mürşüdov hazırda Kembric universitetində laboratoriya rəhbəri kimi fəaliyyət göstərir. Bizim institutumuzda da onun bir laboratoriyası var. 2015-ci ildə "Science” jurnalında Qərib Mürşüdovun iki məqaləsi çap olunub. Hazırda onun ölkəmizdə xeyli sayda doktorantları var, əsas tədqiqat sahəsi süni intellekt problemləri ilə bağlıdır. Bu araşdırmalardan sonra dərmanların əlavə efektləri aradan götürülə biləcək. Qərib Mürşüdovun 2015-ci ildə Kembric universitetində verdiyi hesabat universitetin ən qabaqcıl hesabatlarından sayılır. Daha bir qürur duyulası alimimiz Vidadi Yusibovdur. O, vaxtilə bizim şöbədə çalışırdı, hazırda isə ABŞ-da Molekulyar Biotexnologiyalar mərkəzinin direktorudur və müxtəlif xəstəliklərə qarşı vaksinlərin molekulyar əsaslarının hazırlanması ilə məşğuldur. Vidadi Yusibov 2005-ci ildə Amerika elminin 10 ən "ümidverici və işıqlı" beyinlərindən biri adına da layiq görülmüşdü”. 

"Avropadan gələn alimlər institutumuzda yaradılan şəraitə heyran qalır”

İradə Hüseynova institutun son tədqiqat işlərinə də toxundu və bildirdi ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundakı mövcud şərait dünya standartlarına tam olaraq cavab verir:

"Əldə etdiyi nailiyyətlər yaxın vaxtlarda xüsusi jurnallarda çap olunacaq. Son tədqiqatlarımızdan biri üzüm plantasiyalarında aşkar olunan xəstəliklə bağlı idi. Aparıcı istiqamətlərimizdən biri fotosintez prosesinin sintetik modellərini yaranmasıdır. 2005-ci ildən şöbəmiz bitki xəstəliklərini molekulyar səviyyədə öyrənməyə başlayıb. Cavanların elmə gəlməsi ilə bağlı problemlərimiz yoxdur. İnstitutumuzun magistratura pilləsində gənc tədqiqatçılar daxil olur. Onlara istər molekulyar biologiya, istərsə də biotexnologiyaların ən müxtəlif istiqamətləri üzrə dərslər tədris olunur. Artıq bu sahədə dünya elminə inteqrasiya olunmuşuq. Gənc alimlərimiz elmlər doktoru elmi dərəcəsini almaq üçün ABŞ-ın ən tanınmış universitetlərinə göndərilir. Həmin alimlərimiz ölkəmizə qayıtdıqdan sonra deyirlər ki, bizdə olan imkan ABŞ-dakından daha yaxşıdır. Avropadan gələn alimlər də bizə deyir ki, alimlərimizin başqa ölkəyə getməsinə ehtiyac yoxdur. Çünki Azərbaycanda hər cür şərait var”.


Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ağacan Abıyev Milli Elmlər Akademiyasının fəaliyyətindən razı olduğunu bildirdi:

"Geologiya və tibb sahəsində çox ciddi nəticələr əldə etmişik. Bütövlükdə təbiət elmləri sahəsində aparılan tədqiqat işləri fəxr olunasıdır. Akademiyada magistratura pilləsində dərslərin tədris olunması isə xüsusi olaraq təqdirəlayiq haldır. Azərbaycan Milli Elmlər Akademiyasının son 50 ildə əldə etdiyi uğurları dünyada heç bir təhsil müəssisəsi qazanmayıb. Bu baxımdan akademiyanın fəaliyyətindən razıyam”. Femida.az

OXŞAR XƏBƏRLƏR