Müəllimlərin işə qəbulunda ciddi islahatlara ehtiyac var-ekspert
14:20 / 04.01.2019
2231
"Ali məktəbdə pedaqoji ixtisaslarda təhsil alan zaman akademik göstəriciləri 80 fazidən aşağı olan müəllimləri işə qəbul üzrə imtahanlara buraxmaq olmaz” .
Sfera.az-a açıqlamasında bu sözləri Təhsil Nazirliyinin riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənlərindən azərbaycan və rus bölmələri üzrə orta məktəb müəllimləri üçün qapalı tipli test tapşırıqlarından imtahan keçirməsi və bu zaman nəticələrin 50 faizdən də aşağı olmasına münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib. Bu əsasda da ekspert düşünür ki, Azərbaycan təhsilini yaxşı gələcək gözləmir:
"Azərbaycanda müəllimlərin işə qəbulunda Finlandiya, fəaliyyətində isə Rusiya metodu tətbiq edilməlidir. Bundan sonra hər il orta məktəbdə çalışan müəllimlərin ixtisasları üzrə biliklərinin yoxlanılmasını həyata keçirmək və nəticələri 70-80-fazidən aşağı olanlarla bağlanan əmək müqaviləsinə xitam vermək lazımdır. Bizim orta məktəblərdə hətta 0, 1, 2 bal toplayanlar da dərs deyir. Bu biabırçılıqdır. Bu xalqa qarşı ən ağır cinayətdir. Özü heç bir şey bilməyən müəllim qarşısındakına heç nə öyrədə bilməz. Hesab edirəm ki, müəllimlərin işə qəbulunda və onların fəaliyyətində ciddi islahatlar aparılmalıdır. Hal-hazırda həyata keçirilən proses əmək bazarının tələblərinə cavab vermir və yararsızdır. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən imtahanların nəticələri orta məktəblərdə vəziyyətin qənaətbəxş olmadığını sübut edir. Bu məktəb direktorlarının rəhbərlik etdikləri təhsil ocağına nəzarət etmədiklərini göstərir. Onlar tabeliyində olan işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində heç bir iş görmürlər. Təhsil nazirliyi isə ancaq formal xarakterli tədbirlər həyata keçirir”.
Qeyd edək ki, mətbuatın yazdığına görə, bir neçə gün əvvəl Təhsil Nazirliyi riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənlərindən azərbaycan və rus bölmələri üzrə orta məktəb müəllimləri üçün qapalı tipli test tapşırıqlarından imtahan keçirib. Layihənin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədəki fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarət olub. İmtahan nəticələri zamanı bəlli olub ki, prosesdə iştirak edilən müəllimlərin biliyi 50 faizdən də aşağıdır.
ELÇİN