II qrupa hazırlaşanlar ciddi problemlə üz-üzə? - Coğrafiya müəlliminin etirazı
Təhsil
20:55 / 03.01.2019
5566
"Coğrafiyaya digər fənlərə nisbətən laqeydlik var. Bu fənn buraxılış imtahanına əlavə olunmalıdır. Qəbul proqramının gecikdirilməsi isə həm müəllimləri, həm də şagirdləri narahat edir. Çünki nə edəcəyimizi, nədən işləyəcəyimizi demək olar ki, bilmirik. Gözləmək məcburiyyətində qalırıq. Vaxt isə gözləmir”
Bu sözləri açıqlaması zamanı Coğrafiya müəllimi Tural Topçuyev deyib. Müəllimin sözlərinə görə, Coğrafiya dünya ölkələrində aparıcı fəndir:
"Coğrafiyaya digər fənlərə nisbətən laqeydlik var. Niyəsini biz müəllimlər də bilmirik. Lakin, dünyanın aparıcı ölkələrində buraxılış imtahanlarında əsas fənn hesab olunur.
Bu fənnə laqeydlik, elə proqramın gecikməsinə də təsir etdi. Vəziyyət həm müəllimləri, həm də şagirdləri narahat edir. Çünki nə edəcəyimizi, nədən işləyəcəyimizi demək olar ki, bilmirik. Sadəcə, fəal müəllimlər olaraq öz aramızda müzakirə aparıb ortaq məxrəcə gəlirik. Əsas çətinlik yeni proqramla ənənəvi proqram arasında olan ziddiyətli mövzulardır.
Əlimizdə olan test toplusu işə yaramır. Yeniliklər var. Köhnədə başqa verilən testləri, indi başqa cür tədris edirik və ya yeni proqramda vacib olan bəzi mövzular barədə danışılmır. Lakin DİM-in təqdim etdiyi sinif testlərində o barədə suallar var. Belə vəziyyətdə gözləmək məcburiyyətində qalırıq. Vaxt isə gözləmir. Düşünürəm ki, yaxın vaxtlarda DİM bu barədə rəsmi bir açıqlama verəcək”.
Tural Topçuyev Coğrafiyanın buraxılış imtahanına əlavə olunmasının mütləqliyi barədə danışıb:
"Coğrafiya buraxılış imtahanına əlavə olunmalıdır. Uzağa getməyək, elə qardaş ölkədə coğrafiya fənni buraxılış imtahanında var və ana dili qədər əsas götürülür. Sadə vətəndaş hansısa xarici dili bilməyə bilər, lakin öz coğrafiyasını bilməlidir. Bu vacib məsələdir. Çünki hər sahədə, xüsusən də müharibə şəraitində olan ölkəmizdə hərbiçilərin belə coğrafiyanı bilməsi çox vacibdir”
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ixtisas qrupları üzrə qəbul proqramının yanvarda nəşr olunacağını açıqlayıb.AzEdu.az