Logo

Dosent Rza Məmmədov: “ADNSU-nun inkişafı akademik ənənələrə və müasir yanaşmalara söykənən davamlı prosesdir”

Dosent Rza Məmmədov: “ADNSU-nun inkişafı akademik ənənələrə və müasir yanaşmalara söykənən davamlı prosesdir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədovla söhbətimizdə strukturun optimallaşdırılması, təhsil proqramlarının yenilənməsi, akademik heyətin inkişafı və yeni kadrların seçimi, laboratoriya imkanları, beynəlxalq və sənaye əməkdaşlığı, eləcə də tədrisin keyfiyyətinin təmin olunması məsələlərindən danışdıq.

Müsahibəni təqdim edirik:

1. Rza müəllim, ADNSU-da yenilənmələrin əsas məqsədi nədir?

— ADNSU-nun gücü yüz ildən artıq müddətdə formalaşan elmi məktəblərində, professor-müəllim heyətinin bilik və təcrübəsində, sənaye ilə sıx əlaqələrindədir. Akademik yenilənmələrin əsas məqsədi bu potensialı müasir elmi və texnoloji inkişafın tələbləri ilə əlaqələndirərək təhsilin keyfiyyətini və məzunların peşəkar hazırlığını gücləndirməkdir. Bunun üçün fundamental biliklərin, tədqiqat bacarıqlarının və praktik hazırlığın təhsil proqramlarında bir-birini tamamlaması vacibdir. Bu yanaşma ölkəmizdə insan kapitalının inkişafı və yüksək ixtisaslı kadr hazırlığı prioritetləri ilə səsləşir, tələbənin qazandığı biliyi əsaslandırılmış qərarlara və peşəkar həllərə çevirməsini hədəfləyir.

Elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsi, gənc tədqiqatçıların yetişdirilməsi və tələbələrin elmi layihələrə cəlb olunması da əsas hədəflərimizdəndir. Müəllimin tədqiqatda əldə etdiyi nəticələrin tədrisin məzmununa daxil edilməsi tələbəni müasir elmi yanaşmalarla tanış edir, onun Təhlil və araşdırma bacarıqlarını inkişaf etdirir. Məqsədimiz universitetin elmi-pedaqoji irsinə söykənərək tədris, tədqiqat və praktik fəaliyyət arasındakı əlaqəni gücləndirməkdir.

2. Struktur yenilənməsi tədrisə nə qazandırır?

— Fakültə və kafedra strukturunun optimallaşdırılmasının əsas məqsədi yaxın ixtisaslar arasında akademik əməkdaşlığı gücləndirmək, professor-müəllim heyətinin və laboratoriyaların imkanlarından birgə istifadəni genişləndirməkdir. Rəqəmsal texnologiyalar, yer elmləri və neft mühəndisliyi, kimya texnologiyaları, sənaye mühəndisliyi, energetika, biznes və idarəetmə istiqamətlərinin əlaqəli fəaliyyəti həm tədris, həm də tədqiqat üçün əlavə imkanlar yaradır. Bu yanaşma fənlər arasında məntiqi ardıcıllığın gücləndirilməsinə, əlaqəli mövzuların

uzlaşdırılmasına və müxtəlif sahələrin biliklərini birləşdirən layihələrin hazırlanmasına şərait yaradır. Tələbənin öz ixtisası üzrə fundamental hazırlıqla yanaşı, digər sahələrin mütəxəssisləri ilə əməkdaşlıq bacarığı qazanması da mühüm nəticədir. İxtisasların özünəməxsusluğunun və mövcud elmi məktəblərin qorunması bu prosesin əsas prinsiplərindəndir.

Xarici dillər mərkəzi və Biznes Məktəbi də dil hazırlığı və idarəetmə təhsili üzrə imkanları genişləndirir. Struktur yenilənməsinin akademik səmərəsi məhz bu imkanların təhsil proqramlarının inkişafında və tələbələrin hazırlığında əksini tapması ilə qiymətləndirilməlidir.

3. Tədris planları və yeni ixtisaslarla bağlı hansı yeniliklər olub?

— Tədris ili ərzində universitetin bakalavriat və magistratura səviyyələri üzrə tədris planlarının yenilənməsini fakültə və kafedraların iştirakı ilə həyata keçirdik. Bu prosesdə işəgötürənlərin rəylərini, beynəlxalq təcrübəni, qüvvədə olan dövlət təhsil standartlarını və normativ tələbləri əsas götürdük. AZİ-nin fundamental təhsil ənənələrinin qorunmasına xüsusi diqqət yetirdik.

Əsas məqsəd fənlər arasındakı məntiqi ardıcıllığı, nəzəri və praktik hazırlığın əlaqəsini, proqramların məzuna qazandırdığı bilik və bacarıqları təkmilləşdirməkdir. Tədris planının keyfiyyəti fənlərin məzmununun bir-birini tamamlaması və tələbənin hazırlığını mərhələli şəkildə inkişaf etdirməsi ilə müəyyən olunur.

Biznes Məktəbini formalaşdırdıq, MBA ixtisaslaşmalarının məzmununu yenilədik. ADNSU-nun biznes üzrə magistr proqramları ilk dəfə “QS Business Master’s Rankings 2027” reytinqində menecment, biznes analitikası və marketinq istiqamətləri üzrə 151–200-cü yer aralığında təmsil olunub.

2026/2027-ci tədris ili üçün Biotexnologiya, Kimya, Fizika və Riyaziyyat üzrə dörd yeni bakalavriat ixtisasına ilk dəfə qəbul aparıldı. Bu istiqamətlər mühəndisliklə fundamental elmlər arasındakı əlaqəni dərinləşdirir, gələcək tədqiqatlar və fənlərarası əməkdaşlıq üçün akademik baza yaradır.

4. Müəllimlərin peşəkar inkişafı və gənc kadrların cəlbi necə təşkil olunur?

— Akademik inkişafın əsas prinsiplərindən biri təcrübəli və gənc müəllimlərin birgə fəaliyyətidir. Universitetin elmi məktəblərinin davamlılığı, yeni tədqiqat istiqamətlərinin inkişafı və tədrisin müasir yanaşmalarla zənginləşməsi bu əməkdaşlıqdan əhəmiyyətli dərəcədə asılıdır. Gənc mütəxəssislərin akademik fəaliyyətə cəlbi və inkişafının dəstəklənməsi dövlətin gənclər siyasətinin onların intellektual potensialının reallaşdırılması istiqaməti ilə səsləşir.

Elmi dərəcəli kadrların hazırlanması, beynəlxalq təcrübənin genişləndirilməsi və gənc alimlərin yetişdirilməsi tədqiqat potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə həm yeni, həm də mövcud əməkdaşların inkişaf ehtiyaclarının müəyyənləşdirilməsinə, pedaqoji və elmi səriştələrinin artırılmasına önəm veririk. Yeni müəllimlər üçün adaptasiya tədbirləri, akademik heyətin ehtiyaclarına uyğun olaraq isə

tədris metodikası, tədqiqat və rəqəmsal vasitələrdən istifadə üzrə təlimlər təşkil olunur. Tədrisin yeni rəqəmsal idarəetmə sistemi elektron materiallar, tapşırıqlar və qiymətləndirmə üzrə işi asanlaşdırır.

2026-cı ilin sentyabrında 18 müəllimimiz Türkiyənin Orta Doğu Texniki Universitetinin Neft Araşdırmaları Mərkəzində praktiki təlimlərdə iştirak edib. Əsas məqsəd əldə olunan bilik və bacarıqların tədrisdə və tədqiqatlarda tətbiqi, həmkarlarla paylaşılmasıdır.

5. Yeni müəllimlər hansı meyarlarla seçilir?

— Seçim ilk öncə təhsil proqramlarının ehtiyaclarına əsaslanır. Namizədin ixtisas uyğunluğu, elmi hazırlığı, pedaqoji bacarıqları, tədqiqat potensialı və müvafiq peşə təcrübəsi birlikdə qiymətləndirilir. Məqsəd universitetin mövcud akademik potensialını tamamlayan, tədrisə və elmi fəaliyyətə töhfə verə bilən mütəxəssislərin cəlb olunmasıdır.

Vakansiyalar qanunvericiliyin tələblərinə uyğun elan olunur. İlkin mərhələdə müraciətlərin elan edilmiş ixtisas və kvalifikasiya tələblərinə uyğunluğu yoxlanılır, sonrakı qiymətləndirmə müvafiq komissiyalar tərəfindən aparılır. Komissiyalarda kafedra və fakültənin akademik nümayəndələri ilə yanaşı, əmək bazarını təmsil edən mütəxəssislər də iştirak edirlər. Bu yanaşma akademik tələblərin və sahənin müasir praktik ehtiyaclarının birlikdə nəzərə alınmasına, seçimin şəffaf və obyektiv aparılmasına xidmət edir. 2025–2026-cı illərdə elan olunan 892 vakant ştat üzrə 8024 müraciət daxil olub. Bu, hər vakant ştata orta hesabla təxminən 9 müraciət deməkdir. Geniş namizəd bazası universitetin ehtiyaclarına uyğun seçim üçün imkan yaradır. Bütün namizədlər üçün əsas meyar peşə uyğunluğu və səriştələrdir. Gənc mütəxəssislərin inkişaf potensialı ilə təcrübəli müəllimlərin elmi-pedaqoji töhfəsini əlaqələndirmək isə akademik heyətin davamlı inkişafı və yeni kadrların yetişdirilməsi baxımından vacibdir.

6. Laboratoriyaların tədrisdə real faydasını necə təmin edirsiniz?

— Laboratoriya imkanlarının əsas nəticəsi tələbənin qazandığı elmi və praktik bacarıqlarda görünür. Laboratoriya məşğələsi nəzəri biliyin yoxlanılmasına, ölçmə və təhlil bacarıqlarınıninkişafına, nəticələrin əsaslandırılmasına xidmət etməlidir. Buna görə hər məşğələnin məqsədi, tapşırıqları və qiymətləndirmə meyarları əvvəlcədən müəyyənləşdirilməlidir. Tələbə avadanlıqla işləməklə yanaşı, ölçmə aparmalı, məlumatları emal etməli, nəticələri şərh etməli və mümkün xətaları izah etməlidir. Bu imkanların kurs və buraxılış işlərində, magistr

tədqiqatlarında istifadəsi də tədrislə elmi fəaliyyət arasındakı əlaqəni gücləndirir. Bu baxımdan laborantların hazırlığına ayrıca diqqət yetiririk. Onların funksiyaları avadanlığın texniki hazırlığını, təcrübələrin ardıcıllığına, ölçmə prosedurlarına və təhlükəsizlik tələblərinə uyğun dəstəyi əhatə edir. Müəllim dərsin elmi-metodik məzmununa rəhbərlik edir, laborant isə peşəkar texniki dəstək göstərir. 2026-cı ilin iyununda fizika və kimya laboratoriyalarının laborantları üçün praktiki təlimlərə başlanılıb. Hazırda müxtəlif ixtisas laboratoriyalarının xüsusiyyətlərini nəzərə alan daha geniş hazırlıq proqramı üzərində işləyirik.

7. Bərpa olunan enerji və rəqəmsal energetika üzrə yeni imkanlar nə üçün vacibdir?

— Azərbaycanın enerji siyasətində neft-qaz sahəsindəki mövcud potensialla yanaşı, bərpa

olunan enerjinin inkişafı da mühüm yer tutur. Günəş və külək enerjisindən istifadə daxili istehlakda təbii qaza qənaətə, enerji mənbələrinin şaxələndirilməsinə və gələcək ixrac imkanlarına töhfə verə bilər. Bu istiqamətlər enerji sistemlərini texniki, iqtisadi və ekoloji baxımdan qiymətləndirə bilən mütəxəssislərin hazırlanmasını aktuallaşdırır. BP-nin 2 milyon ABŞ dolları həcmində sosial sərmayə təşəbbüsü çərçivəsində ADNSU-da bərpa olunan enerji üzrə təhsil və laboratoriya imkanları gücləndirilib. Günəş, külək və hidrogen texnologiyalarını əhatə edən infrastruktur, Vorvik Universiteti ilə ikili diplom magistr proqramı və “Energynet.LAB” rəqəmsal energetika laboratoriyası bu sahədə hazırlıq imkanlarını tamamlayır. Bu imkanlar tələbələrin enerji istehsalı, şəbəkəyə inteqrasiya, səmərəlilik və iqtisadi əsaslandırma məsələlərini əlaqəli şəkildə araşdırmasına şərait yaradır. Hədəfimiz fundamental bilikləri müasir texnologiyaların tətbiqi və tədqiqat bacarıqları ilə birləşdirən mühəndis hazırlığıdır.

8. SABAH.city-dəki ADNSU Mərkəzi universitetə nə qazandırır?

— SABAH.city-dəki ADNSU Mərkəzi elm, tədris və innovasiyanı bir məkanda birləşdirir. Burada tələbələrimiz üçün dərslər keçirilir. Süni intellekt, biotexnologiya, ekoloji monitorinq, prototipləşdirmə və hesablama kimyası üzrə imkanlar tədrislə tədqiqat arasındakı əlaqəni gücləndirir. Mərkəzdəki Süni İntellekt İnstitutu müəssisələrlə tətbiqi tədqiqat və texnoloji həllər üzrə əməkdaşlıq üçün imkanlar yaradır. İstehsalat məlumatlarının təhlili, proseslərin modelləşdirilməsi və avadanlıqların işinin proqnozlaşdırılması belə əməkdaşlığın mümkün istiqamətlərindəndir.

Müəllimlərlə yanaşı, magistrant və doktorantların bu fəaliyyətlərdə iştirakı elmi kadr hazırlığını dəstəkləyir. Mərkəz prototiplərin hazırlanması, patentləşdirilə bilən həllərin işlənməsi və elmi nəticələrin sənayedə tətbiqi üçün də imkanlar yaradır. İnfrastrukturun tədris proqramları, tələbə layihələri və tədqiqat mövzuları ilə əlaqələndirilməsi onun akademik səmərəsini artıran əsas amildir.

9. Beynəlxalq əməkdaşlıq ADNSU-nun inkişafına necə təsir edir?

— Beynəlxalq əməkdaşlığın əsas dəyəri onun tədrisə və tədqiqata verdiyi töhfədir. UFAZ çərçivəsində Strasburq Universiteti ilə əməkdaşlıq və Vorvik Universiteti ilə ikili diplom proqramı tələbələrə fərqli tədris və tədqiqat təcrübəsi qazandırır. Bu təcrübənin digər proqramlarda da paylaşılmasına çalışırıq. Fənlərin məzmunu, təlim nəticələri, laboratoriya tapşırıqları və qiymətləndirmə yanaşmaları üzrə təcrübə mübadiləsi müəllimlərin metodik inkişafına da xidmət edir. Beynəlxalq təcrübənin milli təhsil tələbləri və ixtisasların xüsusiyyətləri nəzərə alınmaqla uyğunlaşdırılması vacibdir.

2026-cı ilin ilk doqquz ayında 146 tələbəmiz beynəlxalq akademik mobillik imkanlarından yararlanıb. Xarici tələbələrin cəlbi, birgə elmi layihələr və Azərbaycanın ali təhsil təcrübəsinin xaricdə təqdim olunması da prioritet istiqamətlərdəndir. ADNSU-nun “QS World University Rankings 2027” reytinqində 711–720-ci yer aralığında qərarlaşması universitetin beynəlxalq qiymətləndirmədəki mövqeyini əks etdirir. Əsas məqsədimiz beynəlxalq əlaqələrin tələbələr üçün əlavə imkanlara, müəllimlərin inkişafına və keyfiyyətli elmi nəticələrə çevrilməsidir.

10. Sənaye ilə əməkdaşlıq tələbələrə hansı praktik imkanları verir?

— ADNSU-nun sənaye ilə yaxın əlaqələri onun tarixi üstünlüklərindəndir. Bu əməkdaşlıq tədrisdə, texniki səfərlərdə və istehsalat təcrübəsində öz əksini tapır. Əmək bazarının tələbləri ilətanışlıq tələbənin nəzəri biliklərini peşə fəaliyyətinin xüsusiyyətləri ilə əlaqələndirməsinə, texniki və idarəetmə qərarlarını daha əsaslı qiymətləndirməsinə kömək edir.

Xüsusilə Biznes Məktəbində və SABAH proqramlarında sənaye və idarəetmə təcrübəsinə malik mütəxəssislər tədrisdə iştirak edir, praktik biliklərini tələbələrlə bölüşürlər. Akademik heyətləbelə əməkdaşlıq fundamental biliklərin real iş nümunələri ilə əlaqələndirilməsinə xidmət edir. Biznes Məktəbində dövlət və biznes rəhbərlərinin iştirakı ilə ustad dərsləri də təşkil olunur. 2025/2026-cı tədris ilində 3 mindən çox tələbəmiz istehsalat təcrübəsinə cəlb olunub. Məqsəd tələbələrin hazırlıq səviyyələrinə və təhlükəsizlik tələblərinə uyğun praktik tapşırıqlarda iştirak etməsi, peşə bacarıqlarını inkişaf etdirməsidir.

11. Tədrisin keyfiyyəti və müəllimin fəaliyyəti necə qiymətləndirilir?

— Keyfiyyətin qiymətləndirilməsi bir-birini tamamlayan göstəricilərə əsaslanır. Tələbə rəyləri müəllimin elmi hazırlığı, pedaqoji səriştəsi, metodik işi və akademik məsuliyyəti ilə birlikdə nəzərə alınır. Belə yanaşma müəllimin fəaliyyətini müxtəlif istiqamətlər üzrə dəyərləndirməyə, inkişaf ehtiyaclarını daha əsaslı müəyyənləşdirməyə imkan verir. Sillabusların və imtahan suallarının kafedra iclaslarında müzakirəsinə xüsusi diqqət yetiririk.

Fundamental nəzəri biliklərlə yanaşı, müasir elmi nailiyyətlərin və praktik nümunələrin tədrisdə əks

olunması vacibdir. Qiymətləndirmə tapşırıqları tələbənin biliyini, tətbiq və təhlil bacarıqlarını üzə çıxarmalıdır. Dərs müşahidələri üçün yaradılan işçi qrupuna kafedra müdirləri və professor-müəllim heyətindən seçilmiş əməkdaşlar daxildir. “Keyfiyyət elçiləri” isə tələbələrin təhsil mühitinə dair rəy və təkliflərinin öyrənilməsinə kömək edir. Əldə olunan məlumatların metodik dəstək, təlim və təkmilləşdirmə tədbirlərinin planlaşdırılmasında istifadəsi mühümdür. Keyfiyyətli əməyin təşviqi də bu yanaşmanın tərkib hissəsidir. 2026-cı il Müəllimlər Günündə

müxtəlif göstəricilər, o cümlədən tələbə rəyləri nəzərə alınmaqla seçilən 20 müəllimin hər birinə

3000 manat, digər müəllimlərə isə 200 manat mükafat verilib. Məqsəd akademik standartları

qorumaq, müəllim əməyini dəyərləndirmək və uğurlu pedaqoji təcrübəni təşviq etməkdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR