Azərbaycanda və dünyada sekulyar təhsil: Dünyəviliyin bilinməyən tərəfləri

Azərbaycanda və dünyada sekulyar təhsil: Dünyəviliyin bilinməyən tərəfləri
Kateqoriya məlum deyil
T

Azərbaycan dünyəvi təhsil sistemini tətbiq edən ölkələrdən biridir. Həm sovet dönəmində, həm də müstəqilliyin bərpa edildiyi son 35 ildə ölkəmizdə təhsilin dünyəviliyi prinsipinə böyük önəm verilib.

Son vaxtlar orta məktəblərdə vahid geyim formasının tətbiq edilməsi bu mövzunu yenidən gündəmə gətirib. Nazirlər Kabinetinin məlum qərarı göstərir ki, Azərbaycan dünyəvi təhsil sistemində mütləq sekulyarlıq modelinə üstünlük verəcək.

Bəs dünyəvi təhsil sistemi qlobal miqyasda nə dərəcədə geniş yayılıb və bu model cəmiyyətin inkişafında hansı rolu oynayır?

Sfera.az bildirir ki, dünyəvi (sekulyar) təhsil sisteminin əsas prinsipi dərslərin hər hansı bir dinin qayda və normaları əsasında deyil, elm, məntiq və rasionallıq üzərində qurulmasıdır.

Hazırda konstitusiyasına və ya hüquq sisteminə görə rəsmən dünyəvi status daşıyan təxminən 96 dövlət mövcuddur. Bu ölkələrin böyük əksəriyyətində dövlət təhsili dünyəvilik prinsiplərinə əsaslanır, qanunvericilik və məktəblər dini nəzarətdən tamamilə uzaqdır. Hazırda Avropada 33, Afrikada 27, Asiyada 20, Amerika və Okeaniyada isə 16 ölkədə dövlət təhsili tamamilə dünyəvi xarakter daşıyır.

Dünyanın ən inkişaf etmiş və qabaqcıl ölkələrinin demək olar ki, hamısı bu sistemlə idarə olunur. Beynəlxalq təhsil qiymətləndirilməsi olan PISA reytinqlərində, eləcə də innovasiya, ÜDM və insan kapitalı indekslərində ilk sıralarda qərarlaşan dövlətlərin təhsil modelləri tamamilə sekulyardır. Bu ölkələrin təcrübəsi sübut edir ki, iqtisadi və elmi tərəqqiyə nail olmaq üçün təhsildə dünyəviliyin təmin edilməsi şərtdir.

Təhsildə dünyəviliyə keçidin bir neçə əsas səbəbi var. Birincisi, bu sistem insan kapitalının inkişafına birbaşa təsir göstərir. Elmin, texnologiyanın və qlobal biznesin dili universaldır. Qabaqcıl dövlətlər yaxşı anlayırlar ki, dini ehkamlarla deyil, rasional elmlərlə böyüyən gənclər qlobal əmək bazarında daha rəqabətədavamlı olurlar.

İkinci mühüm səbəb isə sosial bərabərlik mühitinin yaradılmasıdır. Dünyəvi məktəb fərqli irq, din və mədəniyyətdən olan uşaqların heç bir diskomfort və ayrı-seçkilik hiss etmədən, bərabər şərtlərlə təhsil almasını təmin edir.

Müasir dünyada ölkələrin inkişaf səviyyəsi yetişdirdiyi gənclərin keyfiyyəti ilə ölçülür. Bu keyfiyyət isə yalnız azad və dünyəvi mühitdə formalaşa bilər. Dünyəvi təhsil uşaqlara ətraf aləmi sorğulamağı, faktlara əsaslanmağı və tənqidi düşünməyi öyrədir. Dini təhsil modelləri dəyişməz qaydalar çərçivəsində məhdudlaşdığı halda, dünyəvi təhsil daim yenilənən elmi kəşflərlə zənginləşir. Bu gün həyatımızı asanlaşdıran yüksək texnologiyalar, süni intellekt, tibbi nailiyyətlər və kosmik tədqiqatlar məhz elmi metodologiya ilə yetişdirilmiş zəkaların məhsuludur.

Təzadlı görünsə də, dünyəvilik dinin və vicdan azadlığının düşməni deyil, əksinə, onun ən etibarlı sipəridir. Dünyəvi təhsil sistemi heç bir inancı şagirdə məcburi şəkildə sırımır. O, uşağın intellektual bazasını formalaşdırır ki, şəxs yetkinlik yaşına çatdıqda öz dini inancını tamamilə azad və şüurlu şəkildə seçə bilsin. Din təhsildən ayrı olduqda, müxtəlif radikal dini cərəyanların məktəblərə sızmasının və uşaqların saf hisslərindən istifadə edərək cəmiyyəti parçalamasının qarşı qətiyyətlə alınır. Bu mənada dünyəvi təhsil həm də dövlətin daxili sabitliyini və milli təhlükəsizliyini qoruyan ən güclü vasitədir.

Bu sistem insanın daxili, mənəvi dünyasına müdaxilə etmədən, ona real dünyada uğur qazanmaq üçün lazım olan rasional alətləri verir. Məktəbi dini mübahisələrin və ya siyasi manipulyasiyaların poliqonu olmaqdan qoruyur, onu saf elm, bərabərlik və tərəqqi mərkəzi kimi saxlayır. Məhz buna görə də dünyəvi təhsil sistemini qorumaq və inkişaf etdirmək hər bir azad və gələcəyə baxan cəmiyyətin milli marağıdır.

Dövlətlər mütləq sekulyarizm modelini isə ciddi əsaslar və zərurət qarşısında qaldıqda tətbiq edirlər. Bu modelin seçilməsində əsas hədəf cəmiyyəti dini münaqişələrdən qorumaq və hər bir vətəndaş üçün neytral platforma yaratmaqdır. Sözügedən modelə uyğun olaraq, dövlət təhsil sistemini hər növ dini təsir, simvol və müdaxilədən tam və kompromissiz şəkildə ayırır. Mülayim dünyəvilikdən fərqli olaraq, mütləq sekulyarizmdə dövlət dinə qarşı sadəcə neytral qalmır, həm də dini təzahürlərin rəsmi mühitə daxil olmasının qarşısını hüquqi mexanizmlərlə qəti şəkildə alır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR