PISA: Bu rayonlarda Riyaziyyat fənnini zəif bilirlər

Azərbaycanın iqtisadi rayonları üzrə PISA 2025 nəticələrində ciddi fərqlər ortaya çıxıb.
Ən aşağı göstəricilərdən biri Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb. Burada oxu savadlılığı üzrə şagirdlərin böyük hissəsi minimal səviyyəni belə keçə bilməyib.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025-Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib. Təqdim olunan nəticələrə əsasən, Bakı və Abşeron-Xızı iqtisadi rayonları riyazi savadlılıq, təbiət elmləri və oxu savadlılığı üzrə ən yüksək göstəricilərə malik bölgələr sırasındadır.
Bakı üzrə riyazi savadlılıqda orta bal 460, təbiət elmlərində 440, oxu savadlılığında isə 405 bal təşkil edib. Paytaxtda riyaziyyat üzrə yüksək-5-ci və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı 8 faizdir. Ən aşağı nəticələr isə Mil-Muğan, Lənkəran-Astara və Qazax-Tovuz iqtisadi rayonlarında qeydə alınıb.
Mil-Muğan iqtisadi rayonunda oxu savadlılığı üzrə orta bal 325 olub. Burada şagirdlərin 83 faizi 2-ci səviyyədən aşağı nəticə göstərib. Qazax-Tovuz iqtisadi rayonunda isə oxu savadlılığı üzrə vəziyyət daha aşağı göstərici ilə xarakterizə olunur. Bu bölgədə şagirdlərin 88 faizi 2-ci səviyyədən aşağı nəticə göstərib. İqtisadi rayonlar üzrə nəticələrin müqayisəsi göstərir ki, ən ciddi problem oxu savadlılığı istiqamətindədir.
Demək olar ki, bütün regionlarda şagirdlərin böyük hissəsi 2-ci səviyyədən aşağı nəticə göstərib. Bu göstərici regionlar üzrə 51–88 faiz arasında dəyişir. Bu nəticələr şagirdlərin mətndə əsas fikri müəyyənləşdirmək, detalları əsas ideyadan ayırmaq, mətnaltı və dolayı məlumatları anlamaq, həmçinin oxuduqları əsasında nəticə çıxarmaq bacarıqlarında çətinlik çəkdiyini göstərir.
Oxu savadlılığı üzrə ən yüksək-5-ci və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə regionların əksəriyyətində olduqca aşağıdır. Bakı üzrə belə bu göstərici cəmi 0,2 faiz təşkil edir. Riyazi savadlılıq və təbiət elmləri üzrə nəticələr isə regionlar arasında nisbətən daha sabitdir. Bu istiqamətlərdə orta ballar təxminən 355–460 bal aralığında dəyişir. Beləliklə, PISA 2025 nəticələri Azərbaycanın bölgələri arasında təhsil göstəricilərində ciddi fərqlərin olduğunu, xüsusilə də oxu savadlılığının regionlar üzrə əsas problem olaraq qaldığını göstərir.
Firuzə Əliyeva






