Azərbaycan şagirdlərinin riyaziyyat nəticələri yaxşılaşıb: Bakı dünyada 2-ci yerdə

Azərbaycanın PISA 2025 nəticələrində riyaziyyat üzrə göstəricisi digər istiqamətlərlə müqayisədə daha müsbət qiymətləndirilib.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanın PISA nəticələrində xüsusilə riyaziyyat üzrə göstəricilər diqqət çəkir. Onun sözlərinə görə, bu istiqamətdə əldə olunan nəticələr əvvəlki illərdə həyata keçirilən tədbirlərin və yanaşmaların təsirini də əks etdirə bilər.
E.Əmrullayev qeyd edib ki, oxu savadlılığı və təbiət elmləri üzrə də müəyyən nəticələr əldə olunub. Lakin riyaziyyat üzrə göstəricilər daha müsbət mənzərə ortaya qoyur. “Riyaziyyat nəticələrinə görə Bakı da, Azərbaycan da ölçülərə görə heç də pis olmayan, ən yaxşı nəticələrimizdən birini göstərib. Azərbaycan riyaziyyat üzrə 49-cu yerdə qərarlaşıb. Bu, ən yaxşı göstəricilərimizdən biridir. Eyni zamanda, artım göstəricisidir. Ən yaxşı artım göstərən ölkələrdən biriyik”, – deyə nazir vurğulayıb.
Nazir bildirib ki, PISA 2025 nəticələri Azərbaycan təhsilində həm müsbət məqamları, həm də gələcəkdə üzərində işlənilməli istiqamətləri müəyyənləşdirməyə imkan verir.
Açıqlanan rəsmi statistik məlumatlara əsasən, 2022-ci illə müqayisədə Bakı məktəblilərinin riyazi savadlılıq göstəricisi 63 bal artaraq 460 bala çatıb. Ölkə üzrə ümumi orta göstərici isə 422 bal təşkil edib. Bu nəticə ilə Bakı (Azərbaycan) 2022-2025-ci illər üzrə dünyada ən yüksək irəliləyiş göstərən 10 ölkə və region arasında Albaniyadan (+65 bal) sonra 2-ci yerdə qərarlaşıb.
Nəticələrin regional təhlili göstərir ki, Azərbaycan riyazi savadlılıq üzrə qonşu və region ölkələrini geridə qoyub. Müqayisə üçün qeyd edək ki, bu göstərici Gürcüstanda 417, Qazaxıstanda 414, Ermənistanda 376, Qırğızıstanda isə 364 bal təşkil edib. Ən diqqətçəkən məqamlardan biri də şagirdlərin bacarıq səviyyələrindəki müsbət tendensiyadır.
Belə ki, Bakı üzrə riyaziyyatdan zəif nəticə göstərən (2-ci səviyyədən aşağı) şagirdlərin sayı 2022-ci ildəki 61,9 faizdən 37 faizə enərək təxminən iki dəfə azalıb. Bununla paralel olaraq, yüksək bacarıq səviyyəsi (5 və 6-cı səviyyələr) nümayiş etdirən şagirdlərin kütləsi 0,8 faizdən 8,1 faizə yüksəlib.
Firuzə Əliyeva






