Məktəblərdə telefon istifadə edilməyəcək - Avropa ölkəsindən QADAĞA

Məktəblərdə telefon istifadə edilməyəcək - Avropa ölkəsindən QADAĞA
Kateqoriya məlum deyil
T

Polşada ibtidai məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində mobil telefon və digər elektron cihazların istifadəsinə dair yeni qaydalar qüvvəyə minib.

Sfera.az xəbər verir ki, yeni tədris ilinin başlaması ilə ölkə üzrə ibtidai məktəb şagirdlərinə dərs, tənəffüs və digər məktəb fəaliyyətləri zamanı mobil telefonlardan və oxşar elektron cihazlardan istifadə etmək qadağan olunub.

Məktəbəqədər təhsil müəssisələrində isə uşaqların mobil telefon və digər bu tip cihazları məktəbə gətirməsinə ümumiyyətlə icazə verilmir.

Qaydalarda müəyyən istisnalar da nəzərdə tutulub. Telefonlardan təhsil məqsədilə, fövqəladə hallarda valideynlərlə əlaqə saxlamaq, həmçinin sağlamlıq və ya həyat üçün birbaşa təhlükə yarandıqda istifadə edilə bilər. Bəzi sağlamlıq vəziyyətləri və xüsusi ehtiyaclarla bağlı hallarda da istisnalara yol verilir.

Orta məktəblər isə ölkə üzrə tətbiq olunan bu qadağanın əhatə dairəsinə daxil deyil. Bununla belə, məktəblər öz daxili qaydaları ilə şagirdlərin mobil telefon istifadəsini məhdudlaşdıra bilərlər.

Yeni qaydaların əsas məqsədi uşaqların zərərli onlayn məzmuna çıxışını və onun təsirini azaltmaqdır.

Qeyd edək ki, Polşa hökuməti 15 yaşdan aşağı uşaqların sosial media istifadəsinin məhdudlaşdırılması ilə bağlı yeni qanun layihəsi üzərində də çalışır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR