Peşə təhsilində hərbi möhlət məsələsi: Ekspertdən proqnoz

Peşə təhsilində hərbi möhlət məsələsi: Ekspertdən proqnoz
Kateqoriya məlum deyil
T

Son illər Azərbaycanın əmək bazarında maraqlı və narahatlıq doğuran bir təzad yaşanmaqdadır. Ölkə iqtisadiyyatının real sektorunda peşə təhsilli ixtisaslı kadrlara olan tələbat artdığı halda, gənclər arasında peşə məktəblərinə maraq əksinə, azalmaqda davam edir. Şirkətlərin peşə təhsili alan işçilər axtardığı bir dövrdə, cəmiyyətdəki ali təhsil stereotipləri əmək bazarında ciddi disbalans yaradır.

Bəs peşə məktəblərinə marağı artırmaq üçün hansı addımlar atılmalıdır? Bunun üçün peşə məktəblərində oxuyanlara hərbi xidmətdən möhlət hüququ verilə bilərmi?

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Sfera.az-a açıqlama verib.

O bildirib ki, ümumiyyətlə, son zamanlar peşə təhsilinə tələb əvvəlki illərə nisbətən artıb:

“Həm dövlət səviyyəsində maraq artıb, həm də artıq valideynlər müəyyən mənada başa düşüblər ki, 4 il bakalavriat səviyyəsində təhsil alıb iş tapa bilməməkdənsə, indidən peşə təhsili mərkəzlərinə yönəlmək və əmək bazarına daha tez atılmaq faydalıdır. Digər tərəfdən, bilirsiniz ki, artıq bu məsələ son vaxtlar öz həllini tapıb. Peşə təhsili mərkəzlərindən də subbakalavr səviyyəsində ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq mümkündür. Bu, bir növ həmin ixtisasları seçmək üçün də motivasiya yaradır. Yəni orada bir qədər fərqlənənlər özlərini gələcək üçün daha perspektivli görsələr, o halda, əlbəttə ki, ali təhsil müəssisəsinin də qapısı onlar üçün açıqdır”.

Ekspertin sözlərinə görə, artıq Azərbaycanda peşə təhsili mərkəzləri ilə bağlı maddi-texniki bazanın gücləndirilməsi, yeni avadanlıqların gətirilməsi, tədris sisteminin yenilənməsi və kadr dəyişiklikləri onu göstərir ki, bu sahə artıq sahibkarların da diqqət mərkəzindədir:

“Məsələn, bu sistem beynəlxalq səviyyəyə çatdırılsa daha yaxşı olar. Çünki dünya təcrübəsində belədir ki, böyük şirkətlər və firmalar əvvəlcə peşə təhsili mərkəzləri ilə birbaşa müqavilələr bağlayır, əlaqələr qururlar və həmin məzunları öz işlərinə cəlb edirlər. Onlar orada təcrübə keçirlər. Azərbaycanda da artıq bu modelə başlanılıb. Peşə mərkəzlərində yeni proqram yaranıb. Belə ki, tələbələr həftənin iki və ya üç günü iş yerlərinə gedərək orada təcrübə keçirlər, qalan günlərdə isə peşə məktəblərində təhsillərini davam etdirirlər. O baxımdan düşünirəm ki, bu da əmək bazarına müəyyən əlçatanlığı təmin edir. Əlavə stimullaşdırıcı tədbirlər də görülə bilər".

Ekspert gənclərdə peşə məktəblərində oxumağa maraq yaratmaq üçün hərbi xidmətdən möhlət hüququ verilməsi variantının da nəzərdən keçirilməsinin mümkün olduğunu dedi:

"Yəqin ki, bu istiqamətdə gələcəkdə müəyyən addımlar atıla bilər. Artıq ölkədə müharibə yoxdur, sülh şəraitidir. Mən düşünürəm ki, bu da gələcəkdə mümkün ola bilər”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR