2015-dən 2025-ə: Azərbaycanda ixtisas balları necə dəyişib?

Hər il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlananda cəmiyyətin marağına səbəb olan əsas sual eynidir: bu il hansı ixtisaslar ən yüksək bal toplayıb və bu mənzərə əvvəlki illərlə müqayisədə necə dəyişib?
Sfera.az Dövlət İmtahan Mərkəzinin (DİM), onun sələfi TQDK-nın rəsmi açıqlamaları, "Abituriyent" jurnalının arxiv nömrələri və illər üzrə dərc olunmuş qəbul statistikası əsasında bu sualı araşdırıb və 2015-2025-ci illəri, yəni tam bir onilliyi əhatə edən konkret rəqəmləri bir yerə toplayıb.
On illik müqayisə aparmazdan əvvəl bir faktı qeyd etmək lazımdır. 2019-cu ilə qədər qəbul imtahanı bir mərhələdə keçirilirdi və nəticələr indiki miqyasla birbaşa müqayisə oluna bilməz. 2019-cu ildən etibarən sistem iki mərhələli formata keçib: birinci mərhələ - buraxılış imtahanı (Azərbaycan dili, riyaziyyat, xarici dil üzrə maksimum 300 bal) və ikinci mərhələ - ixtisas qrupu üzrə "blok" imtahanı (maksimum 400 bal), test tapşırıqları ilə yanaşı yazılı cavab tələb edən suallarla.
DİM-in özünün 2019-cu ildə dərc etdiyi hesabata görə, yeni modelin tətbiqi ilk ildə əksər ixtisas qruplarında yüksək bal toplayanların sayının əvvəlki illə müqayisədə azalmasına səbəb olmuşdu.
Bu səbəbdən 2015-2017-ci illərin (o dövrdə TQDK - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan, tək mərhələli) xam bal göstəricilərini bugünkü rəqəmlərlə birbaşa, ixtisas-ixtisas müqayisə etmək metodoloji baxımdan tam doğru olmaz, miqyas fərqlidir.
2015/2016-cı tədris ili üçün əvvəlki illərin məzunları arasında keçirilən qəbul imtahanında ixtisas qrupları üzrə əldə olunan maksimum nəticələr bunlar olub:
İxtisas qrupu | 2015-ci ildə maksimum nəticə |
I qrup (dəqiq elmlər, mühəndislik) | 647 bal |
II qrup (iqtisadiyyat, idarəetmə) | 614 bal |
III qrup (humanitar, hüquq) | 680 bal |
IV qrup (tibb, təbiət elmləri) | 670 bal |
Qeyd edək ki, bu rəqəmlər "keçid balı" deyil, həmin il qrup daxilində əldə olunmuş ən yüksək fərdi nəticədir və 2019-cu ilədək mövcud olmuş, indikindən fərqli (tək mərhələli) imtahan modelində formalaşıb. Buna baxmayaraq, müqayisə üçün faydalı bir istinad nöqtəsidir: 2015-ci ildə də III qrupda (hüquq və humanitar) ən yüksək nəticə (680 bal) digər qruplardan üstün olub. Bu, hüquq sahəsinin onilliklər boyu yüksək bal tələb edən istiqamət olaraq qalmasının erkən sübutudur. I qrupda isə 2015-ci ildə cəmi 4 nəfər 600 baldan yuxarı nəticə göstərmişdi. Müqayisə üçün, 2020-2025-ci illər arasında informasiya təhlükəsizliyi ixtisasının keçid balı daim 670-690 aralığında olub, bu fərq I qrupda (mühəndislik, İT) son onillikdə rəqabətin nə qədər sərtləşdiyini göstərir.
Hüquqşünaslıq (BDU, ingilis dilində tədris) - illər üzrə keçid balı
İl | Keçid balı |
2019 | 650,4 |
2020 | 651,3 |
2024 | 653,6 |
2025 | 664,5 |
Göründüyü kimi, 2019-2024-cü illər arasında hüquqşünaslıq üzrə ən yüksək keçid balı təxminən 650-654 bal aralığında sabit qalıb, 2025-ci ildə isə 664,5 bala qədər nəzərəçarpacaq artım baş verib.
İnformasiya təhlükəsizliyi (Bakı Ali Neft Məktəbi, ingilis dilində) - illər üzrə keçid balı
İl | Keçid balı |
2020 | 689,0 |
2023 | 673,0 |
2024 | 687,1 |
2025 | 681,0 |
Bu ixtisas 2020-ci ildən bəri daim 670-690 bal aralığında, yəni bütün ölkə üzrə ən yüksək keçid ballarından birində qalıb və 2024-cü ildə bütün ixtisaslar arasında mütləq lider olub.
Maliyyə (ingilis dilində tədris) - ilin ən yüksək göstəricisi olan universitet üzrə
İl | Universitet | Keçid balı |
2018 | Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) | 667,0 |
2019 | ADİU | 643,4 |
2024 | ADİU | 636,7 |
2025 | Bakı Ali Neft Məktəbi (BANM) | 653,2 |
Maliyyə ixtisasında maraqlı bir dəyişiklik müşahidə olunur: 2018-2024-cü illər arasında lider daim ADİU olub, lakin balın özü tədricən aşağı düşüb (667 → 643,4 → 636,7). 2025-ci ildə isə liderlik BANM-ə keçib və bal yenidən 650-dən yuxarı qalxıb - bu, iqtisadi-maliyyə təhsilində ingilis dilli, texniki yönümlü proqramlara marağın artdığını göstərir.
Tibb (Azərbaycan Tibb Universiteti, ingilis dilində tədris) - illər üzrə keçid balı
İl | Keçid balı |
2021 | 666,3 |
2024 | 681,2 |
2025 | 683,7 |
Tibb ixtisasında tendensiya birmənalıdır - 2021-ci ildən 2025-ci ilədək keçid balı davamlı şəkildə yüksəlib (666,3 → 681,2 → 683,7) və 2025-ci ildə bu ixtisas bütün ölkə üzrə ən yüksək keçid balına sahib olub.
On illik meyil: hüquq və tibbin sabit liderliyi, İT-nin sürətli yüksəlişi
Yuxarıdakı rəqəmlərdən əlavə, təhsil ekspertlərinin illər üzrə apardığı təhlillər ümumi mənzərəni tamamlayır. Azərbaycanda ən yüksək bal toplayan abituriyentlərin seçimində illərdir dəyişməyən bir tendensiya var: tibb, stomatologiya və hüquqşünaslıq ixtisasları həmişə ilk sıralarda qalıb. IV ixtisas qrupunda hər il 600-dən yuxarı bal toplayanların böyük əksəriyyəti məhz tibb, stomatologiya və əczaçılıq ixtisaslarını seçir, bu ixtisaslarda kəsim balı ilbəil təxminən 650 bal ətrafında formalaşır.
Bununla yanaşı, son illərdə yeni bir dinamika özünü göstərir: informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi və digər İT yönümlü ixtisaslarda rəqabət sürətlə artıb və bu ixtisaslar artıq tibb və hüquqla bərabər səviyyədə, bəzən onları belə keçərək ən yüksək bal tələb edən istiqamətlərə çevrilib, yuxarıdakı cədvəl də bunu təsdiqləyir: informasiya təhlükəsizliyi 2020-ci ildən bəri sabit şəkildə ölkənin ən yüksək keçid ballarından birinə sahibdir.
Üçüncü ixtisas qrupunda isə son mövsümlərdə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarına maraq nəzərə çarpacaq dərəcədə artıb, ekspertlərin proqnozuna görə bu ixtisaslar üzrə keçid balları növbəti illərdə də yüksəlməkdə davam edəcək. Bunun səbəbi kimi Azərbaycanın son illər beynəlxalq gündəmdə daha aktiv iştirakı və diplomatiya sahəsinə artan tələbat göstərilir.
Maraqlı məqamlardan biri də budur ki, mütəxəssislər Azərbaycandakı mənzərəni beynəlxalq təcrübə ilə müqayisə edərkən fərqli bir nəticəyə gəlirlər: Sinqapur, Cənubi Koreya və Almaniya kimi ölkələrdə ən yüksək nəticə göstərən abituriyentlərin əksəriyyəti mühəndislik, informatika və dəqiq elmlər istiqamətinə yönəlir, çünki bu ölkələrdə dövlətin strateji planları təhsili əmək bazarı ilə birbaşa əlaqələndirir. Azərbaycanda isə yüksək bal toplayanların hələ də əhəmiyyətli hissəsi ənənəvi olaraq sosial prestiji yüksək sayılan hüquq və tibb sahələrinə üstünlük verir, baxmayaraq ki, İT sahəsi bu tarazlığı tədricən dəyişməkdədir.
2015-2025-ci illər arasında toplanan rəsmi rəqəmlər göstərir ki, Azərbaycanda ali məktəblərə qəbulda "elit" ixtisaslar dairəsi onilliklər boyu nisbətən sabit qalıb, hüquqşünaslıq artıq 2015-ci ildə də III qrupun (humanitar-hüquq) ən yüksək nəticəsini göstərirdi (680 bal) və 2025-ci ildə də bu mövqeyini qoruyub (664,5 bal). Tibb və maliyyə də illərdir ən yüksək bal tələb edən sahələr sırasındadır.
Lakin bu dairəyə 2020-ci illərin əvvəlindən etibarən informasiya təhlükəsizliyi və digər İT ixtisasları da qoşulub və bəzi illər (məsələn, 2024) hətta bütün ölkə üzrə mütləq lider olu. Bu, 2015-ci ildə I qrupun (mühəndislik, dəqiq elmlər) digər qruplardan geri qalan mövqeyi ilə müqayisədə köklü dəyişiklikdir. Beləliklə, son on ildə iki əsas tendensiya aydın görünür: tibb və hüquqşünaslığın ənənəvi liderliyinin davam etməsi və rəqəmsal ixtisasların sürətlə bu liderlərə çatması, hətta onları keçməsi.
Firuzə Əliyeva
