Başqasının yerinə imtahana girdi, yaxalandı - DİM

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib.
Sfera.az bildirir ki, bu barədə DİM-dən məlumat yayılıb.
Məlumata görə, yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən edilərək imtahana buraxılmayıb:
“Bu cür hallarda hər iki tərəf ciddi məsuliyyət daşıyır. İlk növbədə, imtahanda iştirak etməli olan abituriyentin bütün nəticələri ləğv olunur və o, müsabiqədən kənarlaşdırılır. Başqasının yerinə imtahana girmək istəyən şəxsi isə hüquqi məsuliyyət gözləyir. Təəssüf ki, belə şəxslər bəzən ali təhsil müəssisələrinin aşağı kurs tələbələri olurlar və bu əmələ görə universitetdən xaric oluna bilərlər”.
DİM-dən verilən xəbərdarlıqda qeyd olunub ki, imtahanlarda bərabər və ədalətli şəraitin təmin edilməsi məqsədilə qayda pozuntularına qarşı ciddi mübarizə aparılır:
“Ötən illərdə də analoji qayda pozuntuları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq addımlar atılıb və məhkəmələr tərəfindən lazımi cəza qərarları verilib. İmtahan iştirakçıları məsuliyyətlərini dərk etməli və bu cür qanunsuz yollara əl atmamalıdırlar".
Dövlət İmtahan Mərkəzi bir daha vətəndaşları qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırıb və qaydaları pozan şəxslərə qarşı bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bəyan edib.
