DİM sədrindən müqayisə: nəticələr niyə aşağı düşüb?

DİM sədrindən müqayisə: nəticələr niyə aşağı düşüb?
Kateqoriya məlum deyil
T

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Asan TV”yə müsahibəsində bildirib ki, ötən illə müqayisədə buraxılış imtahanlarında orta göstərici 1-2 bal aşağı düşüb.

 

Onun sözlərinə görə, Naxçıvanda keçirilən imtahanların nəticələri açıqlandıqdan sonra ümumi orta balda müəyyən artım ola bilər. DİM sədri qeyd edib ki, nəticələr əvvəlcədən proqnozlaşdırılır və hazırkı göstəricilər gözlənilən olub:

 

“11-ci sinif buraxılış imtahanı verən abituriyentlərin nəticələri, əsasən, 9-cu sinif imtahanları ilə oxşarlıq təşkil edir. Onlar maksimum 20-40 faiz aralığında artım göstərə bilirlər”.

 

Maraqlıdır, bu tendensiyanın əsas səbəbləri nələrdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, Məleykə Abbaszadənin toxunduğu məqamlar Naxçıvan və əvvəlki illərin məzunları istisna olmaqla 9 və 15 mart tarixlərində keçirilən imtahan nəticələrinə aiddir. Onun sözlərinə görə, builki nəticələr ötən illə müqayisədə ciddi fərq göstərmir:

 

 

“Median göstəriciyə baxsaq, məsələn, maksimum 300 bal üzərindən ötən il təxminən 125 bal idisə, bu il 115-116 bal civarındadır. Ayrı-ayrı hallarda 5-10 ballıq fərqlər müşahidə olunsa da, ümumi fərq cəmi 1-2 baldır və bu, ciddi dəyişiklik hesab olunmur”.

 

Ekspert qeyd edib ki, 9-cu sinifdə maksimum nəticə göstərən şagirdlərin hamısı 11-ci sinifdə bu göstəricini təkrarlaya bilmir:

 

“Məsələn, ötən illərdə 9-cu sinifdə 300 bal toplayan 26 şagirddən bu il cəmi 11-i 11-ci sinif buraxılış imtahanında maksimal nəticəni əldə edib”.

 

Onun fikrincə, nəticələrin nisbətən azalmasının bir neçə əsas səbəbi var. Belə ki, 10-11-ci siniflərdə şagirdlər daha çox ali məktəblərə qəbul imtahanlarının blok fənlərinə fokuslanırlar. Bu isə buraxılış imtahanı fənlərinə ayrılan diqqətin azalmasına gətirib çıxarır.

 

Bundan əlavə, 9-cu sinifdə yüksək nəticə göstərən bəzi şagirdlər sonrakı mərhələdə arxayınlaşır və bu da balların 20-45 baladək azalmasına səbəb olur.

 

Ekspert həmçinin vurğulayıb ki, imtahan formatında edilən müəyyən dəyişikliklər də nəticələrə təsir göstərə bilər. Bununla yanaşı, daha planlı və məqsədyönlü çalışan şagirdlər arasında nəticələrini artıranların da olduğu qeyd edilir.


Qeyd edək ki, buraxılış imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı ildə mart və aprel aylarında mərhələli şəkildə keçirilib. 9-cu sinif şagirdləri üçün imtahanlar martın 9-u və 15-də təşkil olunub. 11-ci sinif buraxılış imtahanları isə müxtəlif tarixlərdə mart-aprel ayları ərzində baş tutub. Naxçıvan Muxtar Respublikası üzrə imtahanlar isə digər regionlardan fərqli olaraq aprel ayının sonu və mayın əvvəlində keçirilib.

 

Firuzə Əliyeva

Sfera.az

 

PAYLAŞ