Məleykə Abbaszadə: "Repititorlar martda dərslər dayanmasın deyə belə narazılıqlar yaradır"

Məleykə Abbaszadə: "Repititorlar martda dərslər dayanmasın deyə belə narazılıqlar yaradır"
Kateqoriya məlum deyil
T

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə valideynlərin imtahanlarla bağlı narahatlıqlarına münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, o vurğulayıb ki, qəbul və buraxılış imtahanlarında proqramdan kənar heç bir mövzu yer almır, suallar şagirdlərin 11 il ərzində öyrəndiyi biliklər əsasında tərtib olunur:

 

“İmtahanlar 1 il ərzində keçirilən proqram əsasında deyil, məhz məktəb illərində mənimsənilən biliklər üzərində qurulur. Buraxılış imtahanının martda keçirilməsinə müəllimlər, repititorlar etiraz edir. Deyirlər ki,  proqram tam bitməyib. Buraxılış imtahanında biz  proqramı yox, şagirdin oxuyub-anlama, keyfiyyətlərini yoxlayırıq. Qalan iki ayın mövzularını bu imtahana daxil etmirik. Amma repititorlar martda dərslər dayanmasın deyə belə narazılıqlar yaradır. Bu yeni imtahan modeli ilə bağlı gələn il yenə müxtəlif ekspert və repititorların narazılıqları başlayacaq. Biz gözləyirik”.

 

DİM sədri bu il esse ilə bağlı bəzi valideyn narahatlıqlarına da toxunaraq bildirib ki, bu istiqamətdə əsassız təşvişə ehtiyac yoxdur. Onun sözlərinə görə, esse yazısı da proqram çərçivəsindədir və burada əsas məsələ şagirdin düşünmə bacarığını nümayiş etdirməsidir. O, bəzi müəllimlərin bu mövzu ilə bağlı tərəddüdlü yanaşmasını təəccüblə qarşıladığını da vurğulayıb:

 

“Müəllimlərin “mən bu məsələni həll edə bilmirəm, şagird necə etsin” deməsi düşündürücüdür. Axı bu proqram çərçivəsində olan məsələdir, burada sadəcə düşünmək lazımdır”.

 

Məleykə Abbaszadə əlavə edib ki, narahatlığa əsas yoxdur, hətta Dövlət İmtahan Mərkəzi əməkdaşları da imtahanlardan sonra suallar üzərində ayrıca işləyir, vaxt bölgüsü aparır və sualları nə qədər müddətdə cavablandıra biləcəklərni də təhlil edirlər.

 

O, əsas məqsədin yeni nəslin daha düşünən, daha savadlı yetişməsi olduğunu vurğulayaraq qeyd edib ki, istəkləri gənclərin özlərindən əvvəlki nəsildən daha ağıllı və hazırlıqlı olmasıdır.

 

Bəsti Rəfizadə

Sfera.az

 

PAYLAŞ