Məleykə Abbaszadə: "Dil imtahanlarında yanaşma tamamilə dəyişib"

"Dövlət İmtahan Mərkəzi CEFR sənədinin Azərbaycan dilinə tərcüməsində aparıcı rol oynayıb və nəticədə sənəd UNESCO-nun saytında Azərbaycan dilində də yerləşdirilib".
Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin( DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxışı zamanı bildirib. O, son illərdə xarici dil tədrisi və qiymətləndirmə sistemində görülən işlərdən danışıb.
DİM sədrinin sözlərinə görə, əsas məqsəd beynəlxalq standartlara uyğun imtahan modeli qurmaq olub. Bu istiqamətdə Avropada qəbul edilmiş CEFR çərçivə sənədinə uyğunlaşma əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib:
“Bu addım dil tədrisi və qiymətləndirilməsi sahəsində mühüm nailiyyətdir. Bu çərçivə əsasında ana dilinin bilik səviyyəsini ölçən yeni Azərbaycan dili imtahanı da yaradılıb. Bu imtahan vasitəsilə şəxsin Azərbaycan dilini A1, B2 və ya C1 səviyyəsində bilməsi müəyyən edilir ki, bu da qiymətləndirmə sistemində yeni yanaşmanın göstəricisidir. Ümumilikdə dillərin tədrisinə və qiymətləndirilməsinə yanaşma tamamilə dəyişib, bu istiqamətdə yeni struktur formalaşdırılıb və peşəkar mütəxəssislər cəlb olunub”.
Bəsti Rəfizadə
Sfera.az
